"Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələri olub. İlk növbədə, naxçıvanlı olduğuna, ikincisi, bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə. Həmçinin Ramiz Mehdiyevin böyük biznesləri var. Deməzdim ki, Eldar Mahmudov aparıb ona pul verib və s. Amma əlaqələrinin olduğu bilinir".
XəzərNews.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Əvəz Ələkbərov Modern.az-a müsahibəsində bildirib.
Özünün Ramiz Mehdiyevlə əlaqələri barədə suala cavabında isə Əvəz Ələkbərov aralarında ziddiyyət olduğunu deyib:
"İki dəfə aramızda ziddiyət olub. Ümumən pis deyildi. Məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahib deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil.
İşdən ayrılandan sonra onu cəmi bir dəfə gördüm. Elmlər Akademiyası binasının qarşısında maşından düşdü. Mən də aşağıdakı parkdan gəlirdim. Soruşdu ki, necəsən, buradasanmı? Yəni universitetdə. Dedim ki, hə. Ondan sonra nə danışdıq, nə də görüşdük. Amma mənə elmlər doktoru elmi dərəcəsi almağa mane olmuşdu ki, niyə ondan icazə istəməmişəm? 15 aydan sonra cənab Prezidentə müraciət etdim, nəhayət, diplomumu ala bildim. O, heç nə edə bilmədi".
Ramiz Mehdiyevin dövlətçiliyə qarşı çıxmasının səbəblərinə toxunan Ə.Ələkbərov "boz kardinal"ın ünvanına sərt fikirlər səsləndirib:
"Ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətimək istəyirmiş. Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarə etmə mütəxəssisi idi".
"Sizin dövrünüzdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlər olurdu" sualına isə sabiq nazir belə cavab verib:
"Əlbəttə. Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib".
Xəbər 59 dəfə oxunub.