Rusiyada təyyarə qəzaya uğrayıb
19 yaşlı boksçumuz dünya çempionu oldu
DİN əməliyyat keçirdi: Saxlanılanlar var
Restoran üçün tarixdən imtina edək?
ADDA-da Ümummilli Liderin anım mərasimi keçirilib - Foto
Nazir vətəndaşlardan belə qaçdı -VİDEO
“Azərişıq“ın əməkdaşı facəvi şəkildə öldü
“Eldar Mahmudovun Mehdiyevlə əlaqələri olub“ - Sabiq nazir
Rusiyaya PUA hücumu ölənlər var
Xırdalanda yaşayış binasında yanğın


13.12.2025  16:49 

XANKƏNDİ VƏ ŞUŞANIN ETNİK MƏNZƏRƏSİ





A+  A-

Qarabağ bölgəsinin etnik mənzərəsi son iki yüz ilin ictimai-siyasi, sosial-iqtisadi və hərbi proseslər nəticəsində kəskin şəkildə dəyişib. Bu dəyişikliklər xüsusilə Xankəndi və Şuşanın demoqrafik tarixində aydın görünür. Şuşa az qala bütün dövürlərdə Azərbaycanın siyasi və mədəni mərkəzi kimi formalaşsa da, əsrlər boyunca azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi şəhər olsa da, təəssüf ki, Xankəndi ilə bağlı bunları söyləmək çox çətindir. Rusların bölgəyə silahlı axını fonunda Xankəndidə etnik tərkib tamamilə dəyişdirilmişdir.

2020-ci ilin dekabrında Sosial Tədqiqatlar Mərkəzinin ictimailəşdirdiyi “Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra” adlı hesabatında qeyd olunur ki, Sovet siyahıyaalınmasında Qarabağ bölgəsində 1979-cu ildə - ümumi əhali 162,200 nəfər olub, onun 123 100 nəfəri ermənilər (75,9%), 37,300 nəfəri azərbaycanlılar (22,9%) təşkil edib. Sonrakı etnik təmizlənmə və mühacirət nəticəsində bölgənin erməni əhalisi azalıb, etnik baxımdan homogenləşib və rəsmən elan etdikləri 150.000 əhalinin yüzdə 100 faizi ermənidir.

DQR-də 2005-ci ildə aparılmış siyahıyaalma, bölgədəki erməni əhalisinin tam monoetnik tərkibini göstərir. Əhalinin sayı onillərlə nəinki artıb, əksinə, 145 mindən 137 min nəfərə düşüb. Nəinki Azərbaycan əhalisi tamamilə qovulub, əlavə olaraq, rus əhalinin sayında da kəskin azalma qeydə alınıb. Qarabağda yaşayan 2 min rus əhalidən cəmi 171 nəfər qalıb. (Этнодемографические процессы в Нагорном Карабахе: история и современность. янв. 2014.)

Xanın erməniləşmiş kəndi…

Xankəndinin orijinal adı onun həm də kimliyini əks etdirir. Kənd yeni qurulanda əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi və XIX əsrin əvvəllərinə qədər şəhər statusu belə yox idi.

1804-1813 və 1826-1828-ci illərdə Rusiya-İran müharibələri zamanı minlərlə azərbaycanlı öz yaşayış yerini tərk edərək Araz çayının o tayına qaçmışdı. Belə ki, Qarabağ əyalətində azərbaycanlıların sayı 91%-ə, ermənilərin sayı isə 8,4%-ə bərabər idi. (Əliyarlı S.Azərbaycan Respublikası: keçmiş və indiki dövlət sərhədləri haqqında qeydlər./Qarabağ: Tarix münaqişə kontekstində. Sankt-Peterburq, 2014, səh.32.)

1828-ci ilin mayında Persiyadan (İran) ilk 147 erməni ailəsi Qarabağa gəlir. 1828-ci il iyun ayının ortalarına olan məlumata əsasən, burada yerləşdirilmiş erməni köçkünlərin ümumi sayı 7458 ailə təşkil edirdi ki, onlardan 3900-ü keçmiş İrəvan xanlığında, 2363-ü keçmiş Naxçıvan xanlığında, 535-i isə Qarabağ əyalətində məskunlaşdırılmışdı. (Tavakalyan N.A. Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsindən sonra İran və Türkiyədən ermənilərin Zaqafqaziyaya köçürülməsi / Tarix-filologiya jurnalı, 1978, 3, səh.32.)

1832-ci ildə aparılan kameral siyahıyaalmanın nəticələrinə əsasən, həm ümumilikdə əyalətdə (68%), həm də Şuşa şəhərində (55%) əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi.

Köçürmə siyasəti nəticəsində XIX əsrin 30-cu illərinin əvvəllərində azərbaycanlıların sayı 64,8%-ə düşmüş, ermənilərin sayı isə 34,8%-ə yüksəlmişdi (İsmayılov M. Qarabağ XIX əsr - XX əsrin əvvəllərində: Tarix münaqişə kontekstində. Sankt-Peterburq, 2014, səh.234.). Əgər XIX əsrin 30-cu illərində azərbaycanlılar Şuşa əhalisinin yarıdan çoxunu təşkil edirdisə, (İsmayılzadə D.İ. Zaqafqaziya diyarı şəhərlərinin əhalisi XIX əsr - XX əsrin əvvəllərində. Moskva, 1991, səh.69.) əsrin ortalarında onların xüsusi çəkisi 48,6%-ə qədər azalır (Yenə orada, səh.84.).

Xüsusi qeyd: Bu barədə daha ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış Karabakh.Center layihəsi çərçivəsində hazırlanmış “XIX-XX əsrlərdə Qarabağda azərbaycanlı və erməni əhalinin say nisbətinin dəyişməsi” məqaləsindən faydalana bilərlər.

Qayıdaq 1920-ci ildən sonrakı proseslərə. 1923-cü ildə isə Sovet hakimiyyətinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və Xankəndi vilayətin mərkəzi elan edilərək “Stepanakert” adlandırıldı. Bu qərar demoqrafik tarazlığı daha da sürətlə pozdu. Sovet statistikasına görə, 1926-1979-cu illər ərzində Xankəndidə erməni əhalinin payı 80-90% arasında dəyişirdi, azərbaycanlıların isə 10-23% arasında qərarlaşmışdı. Digər xalqların ümumi payı isə heç vaxt 2-3%-i keçməmişdir.

1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. (Prezident İlham Əliyevin “BBC News”a müsahibəsi, 6 noyabr, 2020)

Rəsmi statistikaya görə, Xankəndidə demoqrafik struktur ermənilərin tam üstünlüyü ilə xarakterizə olunur. SSRİ Dövlət Statistika Komitəsinin 1989-cu il siyahıyaalması (Всесоюзная перепись населения 1989 года, Госкомстат СССР) göstərir ki, şəhər əhalisinin təqribən 75–76%-i ermənilər, 23%-i azərbaycanlılar idi. Bu statistika Xankəndinin 20-ci əsr boyunca sistemli şəkildə ermənilərin demoqrafik mərkəzinə çevrildiyini təsdiqləyir.

1988-ci ildən başlayan separatçı hərəkat və münaqişə şəraiti şəhərin etnik xəritəsini radikal şəkildə dəyişdi. Beləliklə, Xankəndi demoqrafik cəhətdən tamamilə erməniləşmiş şəhərə çevrildi və 2023-ci ilədək əhalinin demək olar ki, 100%-ni ermənilər təşkil edirdi.

Ermənistanın “Hraparak” nəşri 2023-cü ildə yazırdı ki, Xankəndidə 30 nəfərə yaxın erməniəsilli şəxs yaşayır.

Prezident İlham Əliyev 2024-cü ilin dekabrında “RİA Novosti”yə müsahibəsində Xankəndidə 20 erməninin yaşadığını bildirdi. Prezident əlavə etib ki, onlar Azərbaycandan sosial dəstək, ərzaq və tibbi yardım alır, lazımi vasitələrlə təmin edilirlər.

Şuşada artıb-azaldılan erməni azlığı…

Şuşa hər zaman siyasi və iqtisadi baxımdan regionun dayaq nöqtəsi olub. Demoqrafik baxımdan isə Şuşa tarix boyu azərbaycanlı çoxluğu ilə seçilib. Çar Rusiyasının 1886 və 1897-ci il siyahıyaalmaları şəhərin əsasən azərbaycanlılardan ibarət olduğunu, ermənilərin isə 28-30% arasında dəyişən azlıq təşkil etdiyini göstərir. Bununla belə, Şuşa heç vaxt etnik olaraq erməniləşmiş şəhər statusunda olmayıb. Şuşanın etnik mənzərəsi isə tamamilə fərqli olub. 1989-cu il SSRİ siyahıyaalmasının məlumatlarına görə, şəhər əhalisinin təxminən 98%-ni azərbaycanlılar təşkil edirdi (Всесоюзная перепись населения 1989 года, Демографический ежегодник СССР). Ermənilər burada cəmi 1-2% arasında dəyişən çox kiçik azlıq idi. Ruslar və yəhudilər kimi digər etnik qruplar isə 0.1-0.2%-dən artıq olmayan simvolik paya malik idilər, digər xalqlar ümumilikdə təqribən 0.1% təşkil edirdi.

Ədalət naminə qeyd edək ki, erməni əhali ilə bağlı rəqəmlərdə şişirtmələr olsa da Sovet dövründə bu nisbət dəyişmədi. 1926-ci ildə azərbaycanlılar 90% təşkil edirdilər, 1979-cu ildə bu rəqəm 94%-ə yüksəlmişdi. 1989-cu il son Sovet siyahıyaalması Şuşanın müharibə öncəsi demoqrafik mənzərəsini tam şəkildə əks etdirir. Bu şəhər demoqrafik baxımdan Azərbaycanın mütləq dominantlığını qoruyub saxlamışdır.

Təəssüf ki, 1992-ci il işğalı ilə şəhərin etnik tərkibi zorla dəyişdirildi. Şuşa boşaldılmış bir məkana çevrildi və işğaldan sonra şəhərə köçürülən azsaylı erməni əhali uzun illər ərzində heç vaxt 1200-1300 nəfəri keçmədi. Yəni Şuşanın erməniləşdirilməsi formallıqdan ibarət idi və real sosial infrastruktur bu prosesi dəstəkləmirdi.

Bölgədə digər milli azlıqlar...

Qarabağın etnik mənzərəsi azərbaycanlılar və ermənilər arasında əsas demoqrafik xətti təşkil etsə də, bölgədə digər xalqların da kiçik, lakin tarixi izləri olmuşdur. Xüsusilə sovet dövründə Qarabağ şəhərlərində müxtəlif milli icmaların nümayəndələri yaşayırdı. Bunlara ruslar, ukraynalılar, yəhudilər, yunanlar, tatarlar, belaruslar, kürdlər və tatlar daxildir.

Ruslar ümumi əhalinin 1–1.5%-ni, ukraynalılar təxminən 0.3%-ni, yəhudilər isə 0.1–0.2%-ni təşkil edirdi. Digər xalqlar birlikdə cəmi 0.2% səviyyəsində idi. Göründüyü kimi, Xankəndidə rusların payı heç vaxt 1-2%-dən çox olmayıb (hərbçilər və onların ailələri), ümumi say 150–300 nəfər arasında dəyişib.

Ukraynalılar və belaruslar əsasən Sovet dövrünün texniki və hərbi kadrları kimi şəhərdə məskunlaşmışdılar.

XIX və XX əsrin əvvəllərində Şuşada kiçik yəhudi icması, habelə tatar və gürcü ailələri də yaşayıb. Yəhudi icması isə minimal sayda olsa da (28–30 nəfər), şəhərin ticarət həyatında müəyyən rol oynayırdı.

Sovet dövründə burada 20–30 nəfərlik rus icması mövcud olmuş, lakin etnik struktur demək olar dəyişməmişdir.

Etiraf edək ki, bu azlıqlar Qarabağda demoqrafik baxımdan müəyyən bir rəngarənglik yaratsa da, bölgənin etnik xəritəsini müəyyənləşdirən əsas faktor azərbaycanlı-erməni nisbəti olmuşdur.

Göründüyü kimi, Şuşa bütün tarixi boyunca Azərbaycan şəhəri olaraq qalmış, azərbaycanlı çoxluğunu qorumuş və yalnız işğal dövründə süni şəkildə boşaldılmışdır. Xankəndi isə rus imperiyası və sovet hakimiyyətinin demoqrafik siyasətləri nəticəsində etnik kimliyi dəyişdirilmiş, əvvəlcə qarışıq, daha sonra isə tamamilə erməniləşmiş bir şəhərə çevrilmişdir.

Əlbəttə, bu mənzərə bölgənin tarixi gerçəklərini anlamaq üçün vacibdir. Qarabağ təkcə etnik rəqabətin sahəsi deyil, həm də müxtəlif xalqların iz buraxdığı mürəkkəb tarixi məkandır. Lakin həmin izlərin üzərində qurulan siyasi proseslər bəzən demoqrafik inkişafı müəyyən etmiş, bəzən isə zorakı şəkildə dəyişdirmişdir.

Növbəti yazım Qarabağda multikultural mediaya həsr olunacaq. Maraqlıdır, daha çox Xankəndidə yaşayan ermənilər niyə məhz media nəşrlərini Şuşada çıxarırdılar?

Niyaz NİFTİYEV


Xəbər 267 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.12.2025  18:52 

Rusiyada təyyarə qəzaya uğrayıb

13.12.2025  11:38 

Rusiyaya PUA hücumu ölənlər var

12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?


BÜTÜN XƏBƏRLƏR +