Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO
Sürücülərin nəzərinə!
Azərbaycanlı barəsində ölüm hökmü ÇIXARILDI
Vəzifəli şəxs vəfat etdi


14.02.2025  21:48 

Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!





A+  A-

İmişliyə getmişdim. I Liqanın 14-cü turunun mərkəzi qarşılaşmasında şəhərin eyniadlı komandası 13 turdu qapısında top görməyən lider “Qəbələ”ni qonaq edirdi. Öncədən deyim ki, bu seriya qırıldı. Ancaq bu barədə bir qədər sonra.

“İmişli”də futbola sevgi həmişə olub. Hələ SSRİ dövründə “Lokomotiv”lə başlayan, müstəqillik dövründə “MKT-Araz”la davam edən bu həvəs müxtəlif səbəblərdən "fasilə elan etmişdi". İstifadəyə verildiyi vaxt – Prezident İlham Əliyevin açılışını etdiyi dövrdən onlarla böyük matça şahidlik etmiş Heydər Əliyev adına İmişli şəhər stadionu uzun müddət istifadəsiz qalmış, ara-sıra uşaq və həvəskar komandalarını qonaq etmiş, gündəmin 2-3-cü planına keçmişdi. Zamanında müasir infrastruktura malik olan 8 500 nəfər tutumlu bu arena ancaq 2022-ci ildə şəhərin eyniadlı komandasının yaranması, elita təmsilçisi olmaq iddiasını ortaya qoyması ilə yada düşdü. İndi həmin komanda I Liqada mübarizə aparır və Premyer Liqada oynamağa əsas namizədlərdəndi.

“İmişli” bir neçə futbol fədaisinin əməyi sayəsində ərsəyə gəlib. Onlar işə aşağı yaş qrupları komandaları ilə çalışmalardan başlamış, sonra böyüklərə keçid etmişdilər.

AFFA-dan müxtəlif sponsorlara, dövlət adamlarına qədər çox qapılar döymüş, şəhərdə futbolun olması üçün əmək sərf etmiş, istəklərinə nail olmuşdular. Hazırda komanda 4 yaş qrupu ilə aşağı yaş qrupları yarışlarında təmsil olunurlar, akademiya qurulub, əsas komandanın bazası var. 2023-cü ildən “RDC Group”un himayəyə götürdüyü “İmişli”, sponsorun gəlişiylə toparlanaraq heyətini də gücləndirib, hətta Braziliya, Belarus və Nigeriyadan olmaqla 5 legioner də cəlb edə bilib. Komanda bu mövsüm pis oynamır, I Liqada 3-cü pillədədi, üst pillədə olan “Karvan”ın 5 addımlığındadılar. Yəni Misli Premyer Liqasının bumövsümkü əsasnaməsinə riayət edilsə, idman prinsipi qorunsa və 1 komanda aşağı düşürülsə, (turnir cədvəlindəki hazırkı mövqeyinə əsasən) "küdrü qartalları" "Qəbələ" və "Karvan"la birlikdə yüksək dəstədə oynamaq şansı qazanacaqlar.

"Küdrü qartalları" demişkən... İmişlinin ciddi azarkeş potensialı var. Stajlı futbolsevərlər 20 il əvvəl stadionun az qala hər matç dolduğu, necə ajiotajın yaşandığını yaxşı xatırlayarlar. İmişlidən nəinki 3, hətta 1 xal belə gətirmək asan məsələ deyildi, yerli təmsilçi iddiasını hər dəfə ortaya qoyurdu və bu basqıda tribunaların müstəsna rolu vardı. 2005-ci ilin aprelində "Bakı" ilə oyunun (0:1) final fitindən sonra hakimlərin 45 dəqiqə meydançanı tərk edə bilmədiyi, narazı azarkeşlərlə birlikdə bütün tribunaların boşalmasını gözlədiklərini yaxşı xatırlayıram, çünki həmin matça reportyor kimi ezam edilmişdim. Komanda həmin komanda, iddia həmin iddia olmasa da, dünənki qarşılaşmada da 2 min civarında tamaşaçı vardı və atmosfer yaratmağı bacarmışdılar.

Ön planda da "Küdrü qartalları" fan qrupu idi. Ad təsadüfi seçilməyib. Hələ I Qarabağ müharibəsində İmişli rayonundan olan könüllü döyüşçülərin toplandığı, Küdrü kəndindən götürülən "Küdrü Qartalları" adlı dəstə böyük fədakarlıq və əzmkarlıq nümayiş etdirmiş, Vətənin müdafiəsində layiqincə iştirak etmişdilər. Məhz onlara ithafən azarkeş qrupu yaradılıb və onlar hazırda komandanı tribunada tək qoymurlar. Simvolik, gözəl təşəbbüsdü.

Azarkeşlərlə tamaşaçıları da ayırmayaraq. Bəzilərindən fərqli olaraq burada bilet satışı var və hamı arenaya girməzdən öncə yolunu kassadan salır. "Qəbələ" ilə qarşılaşmada da belə idi və kiçik istisnalar olmaqla tərəfdarlar pul ödəyərək öz yerlərini tutmağa üstünlük verirdilər. Aralarında nəvələrini özüylə gətirən baba, hətta qadınların olduğuna da şahidlik etdik.

Matç haqda da qısaca. Qonaq olmalarına baxmayaraq "Qəbələ" favorit idi və qələbə qazanmaları da sürpriz olmadı. Ancaq bu elə də asan başa gəlmədi. Kaxaber Sxadadzenin yetirmələri buna qədər keçirdiklər 13 qarşılaşmada nəinki məğlub olmamış, heç qapılarında qol da görməmişdilər. Bu seriya dünən məhz İmişlidə başa çatdı. Braziliyalı Dioqo Vaskes Rollonun zərbəsi dəqiq oldu və hesab bərabərləşdi - 1:1.

Sonra "Qəbələ" təzyiqi artıraraq qələbə qolunu vurmağı bacardı. Əminliklə deyə bilərəm ki, oyundakı ab-hava, gərginlik, tribunalardakı coşqu Premyer Liqa matçlarından nəinki geri qalırdı, hətta üstələyirdi də. Meydança amili olmasaydı, oyunun tempi də elitanı rahatlıqla arxada qoya bilərdi. Mübarizə əzmi də hər iki komandada yüksək səviyyədə idi və oyunu izləyənlər gəlmələrinə peşman olmadılar.

Meydança amili xüsusi xarakter daşıyır. "İmişli"nin imkanları məhdud olduğundan komanda məşqləri burada edir və bu səbəbdən də qazon korlanır, baxımı çətinləşir.

Klubun prezidenti Aqşin Mürsəlovla söhbətimizdə bu məsələ barədə danışıq. Dedi ki, stadionun 3 hektar ərazisi var və orda ehtiyat meydançalar tikmək, əsas qazona istirahət vermək, daha da yaxşı baxım həyata keçirmək olar. Amma bunun üçün AFFA-nln dəstəyinə ehtiyac var. Sonra özüm paltardəyişmə otaqlarına baş çəkdim. Şəraitin orta olduğunu qeyd edə bilərəm. Ancaq xüsusi çətinlik görmədim, maliyyə olacağı halda qısa müddətdə toparlamaq, PL səviyyəsinə rahatlıqla qaldırmaq mümkündü.

Daha bir məqam projektorlarla bağlıdı. Məqam deyəndə ki, yoxdu işıqlandırma. Yerləri var, tribunaların kənarlarındakı məsafələr bura projektor qoymağa imkan verir. Yenə də maliyyə olarsa. Necə deyərlər, hər şey pulun başındadı.

Problemlər haqda çox danışmaq, xırdalıqlara çox enmək olar. Ancaq o problemlər həlli mümkün olmayan problemlər deyil, "İmişli"nin Misli Premyer Liqada olmasının müsbət tərəfləri daha çoxdur. İmişli həm ərazicə böyükdü, həm də bu şəhərdə elita klubu olacağı halda təsir arealı daha da genişlənəcək. Ətraf Sabirabad, Saatlı, Biləsuvar, Beyləqan, Ağcabədi, Zərdab, Kürdəmir və digər rayonların futbolsevərlərinin oyunlara gəlməsi, qeyd olunan şəhər və rayonlardan olan uşaqların perspektivlərini nümayiş etdirmək üçün klubun aşağı yaş qruplarına qatılması mümkün olacaq. Bu, ölkə ərazisinin təxminən 15-18 faizi deməkdi. Bölgəyə ciddi təkandı.

Komandaya da, kluba da ancaq uğurlamaq arzulamaq qalır. İmişlinin futbol lokomotivi Premyer Liqa istiqamətində sürətlə irəliləyir. Bu qatarın mənzil başına çatması ölkə futbolunun inkişafının sürətləndirilməsi, xüsusilə regionlarda kütləviləşməsi, böyük futbolun, böyük futbol bayramının geri qayıtması demək olacaq. Səbrsizliklə elitada gözləyirik. İrəli, "küdrü qartalları"!

Kənan Məstəliyev

Xəbər 121 dəfə oxunub.




14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!

14.02.2025  10:46 

Zaqatalada şəlalə DONDU - VİDEO

14.02.2025  10:43 

Vəzifəli şəxs vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +