15.07.2025 11:23
Bu şəxslərin maaşından vergi tutulacaq
“Gələn ilin əvvəlindən vətəndaşların maaşından da vergi tutulmağa başlayacaq. 7 il idi ki, özəl sektorda çalışanların maaşından vergi tutulmurdu. Kiçik və orta sahibkarlar da ora daxildir. Demək çətindir ki, kiçik və orta sahibkarlar bunu öhdəsindən necə gələcək. Çünki son nəticədə maaşdan vergi elə sahibkarın üzərindədir. İşçini vergidən sonrakı maaş maraqlandırır. Deməli sahibkar məcbur qalacaq ki, vergini də öz üzərinə götürsün”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, vergi və rüsumlarda güzəştlərin edilməsi gözlənilən deyil:
“Vergi Məcəlləsi yenidən yazılmalıdır. Çünki bu məcəllənin dili bərbaddır. Bu sənədi iqtisadçılar yazıb. Gömrük Məcəlləsini isə hüquqşünaslar yazıb və yaxşı hüquqi dili var. Vergi Məcəlləsini isə iqtisadçılar necə gəldi yazıblar. Mahiyyət baxımından, müəyyən dəyişiklərlər söhbət gedə bilər. Yəni vergilərin, müəyyən gömrük tariflərinin dəyişdirilməsi. Amma mən bunu gözləmirəm. Azərbaycan artıq neft və qaz ölkəsi deyil. Bizdə neftin ən pik dövrü 2011-ci ildə idi. O vaxtla müqayisədə qazancımız 4 dəfə azalıb. Tendensiya belə də davam etməkdədir. Bu baxımdan, dövlətin vergiyə, gömrüyə ehtiyacı daha çox artır. Mən gözləmirəm ki, hansısa ciddi güzəştlər olsun. Əksinə, vergi və rüsumlarda sərtləşdirmələr ola bilər. Hətta gələn ilin əvvəlindən vətəndaşların maaşından da vergi tutulmağa başlayacaq. 7 il idi ki, özəl sektorda çalışanların maaşından vergi tutulmurdu. Kiçik və orta sahibkarlar da ora daxildir. Demək çətindir ki, kiçik və orta sahibkarlar bunu öhdəsindən necə gələcək. Çünki son nəticədə maaşdan vergi elə sahibkarın üzərindədir. İşçini vergidən sonrakı maaş maraqlandırır. Deməli sahibkar məcbur qalacaq ki, vergini də öz üzərinə götürsün”.
Hüquqşünas vurğulayıb ki, gömrük sahəsində də bir sıra güzəştlərə ehtiyac var:
“Artıq 15 ildən çoxdur ki, sahibkarın dövriyyəsi 200 min manatı ötürsə, o, əlavə dəyər vergisi (ƏDV) ödəyir. Üstündən xeyli vaxt keçib, inflyasiya olub. Həmin 200 min indiki 200 min manat deyil. Bu müddət ərzində milli valyutanın devalivasiyası da olub. Bunu çoxdan artırmaq lazım idi. Sahibkarın dövriyyəsi 200 min manatı keçən kimi o dərhal əlavə dəyər vergisinin də ödəyicisi olur. Mənfəət vergisi isə ümumi gəlirin 20 faizidir. Azərbaycan iqtisadiyyatı get-gedə daha çox inhisarlaşır. Gömrükdə isə ümumiyyətlə güzəşti gözləmirəm. Amma etmək olardı. Məsələn, əgər hər hansı bir məhsul Azərbaycanda istehsal olunmursa və rəqabəti yoxdursa, mən oradan ümumiyyətlə gömrük rüsumunu götürərdim. Gömrük rüsumu ona görə lazımdır ki, sən yerli istehsalçını stimullaşdırasan. Mən xaricdən avtomobil, telefon gətirirəm. Ölkə daxilində bunun istehsalı var? Yoxdur. Bəs niyə buna rüsum tətbiq edilməlidir? Bunları aradan qaldırmaq olar”.
Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-dən əmək haqqından gəlir vergisi tutulmağa başlanacaq. Xatırladaq ki, 2019-cu ildən etibarən 7 il müddətinə bu vergi üzrə güzəşt tətbiq olunur.
Xəbər 470 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|