“Azərenerji” ASC sədrinin oğlu Fuad Rzayev Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan prospekti, giriş 156 ünvanda yeni ticarət obyekti inşa edir...
XəzərNews.az Poliqon-a istinadən xəbər verir ki, Fuad Rzayevə qeyri-yaşayış binasının tikintisi üçün icazə bu gün, 17.02.2025-ci ildə verilib. Ticarət obyektinin yerləşəcəyi bina yaşayış məntəqələri torpaqlarında inşa ediləcək. Torpağın ümumi sahəsi 1068.44 m2, tikinti sahəsi isə 419.05 m2 olacaq. Ticarət obyekti 2 mərtəbədən və zirzəmidən ibarət olacaq.
Məlumat üçün bildirək ki, “Azərenerji” ASC sədri Baba Rzayev ölkədə geniş biznes şəbəkəsinə sahib olan və bu statusunu qoruya bilən çox az məmurlardan biri hesab olunur. Baba Rzayevin oğlu və digər ailə üzvləri ölkədə geniş biznes fəaliyyəti ilə məşğuldurlar.
Yerli mətbuatın yazdığına görə “GBS” (“General Boards System”) QSC (VÖEN -1500855231) adlı şirkət Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev tərəfindən 2003-cü ildə təsis edilib. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur.
“GBS” QSC-nin yerləşdiyi hüquqi ünvanda – Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir.
Belə şirkətlərdən biri də 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Zirə Aqropark” MMC-dir (VÖEN – 1503134451). Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
“GBS” QSC-yə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
2018-ci ildə Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Electro Service” QSC (VÖEN – 1504224741) adlı daha bir şirkət qeydiyyata alınıb. Hazırda hüquqi ünvanı Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşən QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.
Son iki ildə aparılan araşdırmalar üzə çıxarıb ki, Baba Rzayevin ailəsi enerji ixracından külli miqdarda qazanıb. Bu biznesə “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin ailə üzvləri, həmçinin indiki prezidenti Balababa Rzayevin öz ailə üzvləri - kürəkəni və oğlu daxildir.
Musavat.com saytı ötən ilin noyabr ayında yazıb ki, Gürcüstanda Azərbaycandan enerji ixracını inhisarda saxlayan E.Pirverdiyevin ailə üzvlərinin və Baba Razeyin oğlunun çoxsaylı ortaq biznesləri fəaliyyət göstərir. Məhz həmin şəxsin nəzarətində olan şirkətlər Azərbaycandan enerjini alaraq Türkiyəyə sataraq yüz milyonlarla dollar gəlir əldə edilibb.
Əvəzində B.Rzayevin oğlu Fuad Rzayevin Gürcüstandakı biznes fəaliyyətinə əlverişli şərtlər təmin olunub. O, qonşu ölkədə elektrik avadanlıqlarının idxalından tutmuş daşınmaz əmlak sahəsinə qədər çoxsaylı sahələrdə çalışan şirkətlərin yaradıcısı, yaxud payçısına çevrilib.
Xəbər 511 dəfə oxunub.