18.02.2025 14:28
Prezident və xanımı Ağdamda...
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.
XəzərNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma hoteldə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Hilton Garden İnn” hoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub.
Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb.
Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır.
Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır.
Bildirildi ki, hoteldə işlərin icrası 60 faiz yerinə yetirilib.
“Hilton Garden İnn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm işlər görülsə də, böyük turizm potensialına malik Qarabağ işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.
Ağdam rayonunda ən müasir standartlara cavab verən hotellərin inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir.
***
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Xəbər 175 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|