10.01.2025 15:16
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Azərbaycanda ali təhsil sistemində maliyyə şəffaflığının olmaması korrupsiya risklərini artırır. Hesablama Palatasının zamanla bu istiqamətdəki apardığı auditləri zamanı ortaya çıxan nöqsanlar da buna sübutdur
Xəzərnews.az Gününsesi.info-ya istinadən xəbər verir ki, Palatanın 2024-cü ildə apardığı yoxlamalarında da bir çox ali təhsil müəssisələrində nöqsanlar aşkarlayıb. Yoxlamalar əsasən, Bakı Dövlət Universiteti (BDU), Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) əhatə edib.
Hesablama Palatası BDU VƏ NDU nəticələrini saytında dərc etsə də, nədənsə UNEC-lə bağlı aparılan yoxlamaların nəticələrinin ictimaiyyətdən gizlənildiyi görünür.
Saytımızın araşdırmasına görə, UNEC-də daha ciddi maliyyə pozuntuları aşkarlanıb.
Məlumata görə, audit Universitetin dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən daxil olan vəsaitlərini, satınalmalarla bağlı prosedurları əhatə edib. Məlum olub ki, mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını baş verib, ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməyib, debitor borclar yaranıb. Bundan əlavə ən ciddi nöqsanlar satınalmalar üzrə aşkarlanıb.
Lakin Gununsesi.info-nun UNEC-in audit nəticələri barədə Hesablama Palatasına göndərdiyi sorğuya cavab verilməyib.
Qeyd edək ki, UNEC 2017-ci ildən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir. Universitetinin nizamnamə fondu 49 milyon 521 min 759 manat təşkil edir. İqtisad Universitetinin Nizamnaməsinə əsasən, onun əmlakı nizamnamə fondundan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən daxil olan vəsaitdən formalaşdırılır.
Ümumiyyətlə, dövlət büdcəsindən bu istiqamətdə ayrılan vəsaitlər universitetlərin aktivləri sırasında olsa da, bu sahə qeyri-şəffaflıq hökm sürür. Belə ki, hər il dövlət büdcəsindən ailə təhsil müəssisələrinə 300 milyon manat vəsait ayrılır. Bu vəsait əsasən 2 istiqamətə yönəlir: Birincisi, dövlət sifarişi ilə oxuyan tələbələrin maliyyələşdirilməsinə, ikincisi, tələbə təqaüdlərinin ödənilməsinə. Təəssüf ki, büdcə sənədində ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin bölgüsü təqdim edilmir.
Beləliklə, ali təhsil müəssisələrinin maliyyələşməsində və gəlirlərin formalaşmasında hesabatlılığın olmaması korrupsiya risklərini artırır.
Hesablama Palatasının Bakı Dövlət Universitetində apardığı yoxlamalardan məlum olur ki, BDU-nun illik gəliri 160 milyon manatdan çoxdur. Belə ki, auditdə 2022-2023-cü tədris ili ərzində dövlət sifarişi ilə təhsil haqqının, eləcə də təqaüdlərin ödənilməsi məqsədi daşımış 38,5 mln. manat qalıq məbləği, mədaxil olunmuş 163,2 milyon manat və məxaric olunmuş 173,5 milyon manat məbləğin əhatə etdiyi, dövrün sonunda 28,2 mln. manat qalıq məbləğinin formalaşdığı qeyd edilir.
Universitetin xərclərinin, əsasən, sosial xarakterli olduğu göstərilir. Bu xərclərin ödənilməsi zamanı 13,3 min manatlıq yeyinti aşkar olunub.
Universitetin hesablanmış gəlirlərinin icrasına təsir edən əsas amil təhsil haqqı, eləcə də kredit haqlarının tam reallaşdırılmaması olub. Bu istiqamətlərdə formalaşmış debitor borclar xarici tələbələrlə yanaşı yerli tələbələri, həmçinin doktorantları əhatə edib. Bakalavr səviyyəsində təhsil alanlar yerli və xarici tələbələrlə ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən ümumilikdə 2 milyon 522,8 min manat təhsil haqq üzrə debitor borc yaranıb. Bu məbləğ 2024-cü ilin əvvəlinə olan debitor borcun 23,2%-ni təşkil edib.
Dövlət sifarişi əsasında maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan tələbələr üzrə təhsil xərcinə görə cəmi 27 halda 15,2 min manat, auditlə əhatə edilən dövrdə xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilmədiyi halda 133 tələbə üzrə 188,8 min manat vəsait büdcəyə qaytarılmayıb.
Bundan əlavə, müxtəlif səbəblərdən xaric edilən dövlət sifarişli tələbələrə görə azalmış təqaüd yerlərinin nəzərə alınmaması nəticəsində artıq müəyyən edilmiş təqaüd yerlərinə görə ümumilikdə 40 halda 9,5 min manat vəsait artıq ödənilib.
Əməyin saathesabı ödənişi sistemi də düzgün təşkil edilməyib, prosesin bütün mərhələlərində nöqsanlara yol verilib.
Universitetin nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri 1 nömrəli yataqxana – “Tələbə evi” fəaliyyət göstərir. Digər yataqxana binaları uzun illərdir ki, fəaliyyət göstərmir və qəzalı vəziyyətdədir. Yataqxanalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, ali təhil müəssisəsinin yataqxanalarının idarəolunmasını həyata keçirən Tələbə şəhərciyinin (“Tələbə evi” istisna olmaqla) 14 əməkdaşı üzrə 2022-ci ildə 143 min 791 manat, 2023-cü ildə isə 135 min 487,5 manat əməkhaqqı hesablanıb. Yataqxanalarda yerləşdirilmə qaydaları əlçatan olmayıb, həmçinin tələbə yerləşdirilməsi üzrə mövcud potensialdan istifadə edilməyib.
“Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil edib. Faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunub, əldə edilən hər 1 manata qarşı 3,3 manat xərc çəkilib.
Naxçıvan Dövlət Universitetində aparılan yoxlamalarda isə müəyyən edilib ki, ali təhsil müəssisəsində müasir idarəetmə prinsipləri tətbiq olunmayıb. Ümumilikdə təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilib, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.
01 yanvar 2023-cü il tarixinədək Universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmayıb. Nəticədə təhsil haqqı üzrə gəlirlər 11 milyon 241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6 milyon 985,1 min manat az icra edilib. 1159 nəfər əcnəbi tələbə üzrə 6 milyon 69,1 min manat təhsil haqqı borcu yaranıb. Onlar bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılıb.
Bundan əlavə, dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmayıb. Həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.
Aktivlərin uçotu və hesabatlılığı ilə bağlı fəaliyyətin düzgün və tam təşkil edilməməsi dövlət əmlakının istifadəsinin düzgünlüyünün ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, 316,4 min manat dəyərində əskikgəlmə aşkar edilib. Bəzi hallarda aktivlərinin uçota alınmaması və dəyərinin düzgün müəyyənləşdirilməməsi isə maliyyə hesabatlarında 2 milyon 194,3 min manatlıq zərər müəyyənləşdirib.
Auditlə əhatə edilən dövrdə Universitetdə mal iş və xidmətlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədən, başqa sözlə, satınalma prosedurları tətbiq olunmadan həyata keçirilib.
Satılalmalar, təmir-tikinti işləri, eləcə də əcnəbi tələbələr və ikinci təhsil üzrə təhsil haqqının alınması sahəsində yol verilmiş nöqsanlarla bağlı müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Xəbər 370 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|