İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


09.10.2022  09:26 

Cəsurluğu ilə seçilən ŞƏHİD… - Kənan Axundzadə





A+  A-

Onu döyüşçü yoldaşları “Rembo” ləqəbi ilə çağırıblar. Oktyabrın 30-u döyüşün ən qızğın vaxtında səngərdən çıxaraq sürətlə düşmənin üzərinə yeriyir və bir neçə erməni əsgərini məhv edir. Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sağ çiyin nahiyyəsindən və sinəsindən ağır güllə yarası alır. Beləliklə, daha bir qəhrəmanımız Vətən yolunda sinəsini sipər etməklə Azərbaycan gəncliyinə nümunə olur. Bu gənc Axundzadə Kənan Hamil oğludur.

Kənan Axundzadəni tanıyaq

Axundzadə Kənan Hamil oğlu 2 avqust 1994-cü ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 2001-2012-ci illərdə şəhid Məhəmməd Bağırov adına Girdəni kənd orta məktəbində təhsil alıb.



Orta təhsilini başa vurduqdan sonra səhhətində yaranmış problemlərdən dolayı hərbi xidmətə aparılması təxirə salınır. Lakin Kənan tezliklə bu problemləri aradan qaldıraraq yenidən hərbi komissarlığa müraciət edir və 2012-ci ildən Murovda N saylı hərbi hissədə xidmətə başlayır. Bu zaman o, atasının ölüm xəbərini almasına baxmayaraq güclü iradə nümayiş etdirərək, hərbi xidmətini qüsursuz başa vurur.

2014-cü ildə doğma kəndi Girdəniyə qayıdan Kənan anasına atasının yoxluğunu hiss etdirməmək üçün fiziki və mənəvi cəhətdən səfərbər olunur, 2020-ci ilədək müxtəlif işlərdə çalışır. Həmin ilin avqust ayından müddətdən artıq hərbi xidmət keçmək məqsədi ilə yenidən ordu sıralarına yazılır və işə götürülür.



Vətən müharibəsinin ilk günlərindən Kənan öz cəsurluğu ilə seçilir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənan Axundzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə gorə" və "Xocavəndin azad edilməsinə gorə" medalları ilə təltif edilib.



İstədiyi qız var idi, toya hazırlaşırdıq…

Şəhidin anası Rəhimə Axundova bildirib ki, Kənan ailənin ilk övladı və tək oğlu olub: “Onun dünyaya gəlişi ilə həm də bizə sanki dünya verilmişdi. Kənan tayfanın ilk oğul nəvəsi, sevinci idi. Uşaqlığı ərköyün, dəcəl olsa da, yaşa dolduqca daha ağıllı və təmkinli davranırdı. Onun adı gələndə dilim tutulur. O mənim hər şeyim idi. Onun 6 yaşı olanda atası iş üçün Rusiyaya getdi, çətin dövür idi. İldə bir dəfə gələr, yenə də qayıdardı. Kənan demək olar ki, atasız böyüdü. Orta məktəbi yaxşı oxumasa da heç vaxt müəllimləri ondan şikayət etmədi. Mənim başımı hər zaman uca tutdu, zəhmətkeş idi. Yaşa dolduqca evə - ailəyə kömək etməyə çalışardı. İstədiyi qız var idi, toya hazırlaşırdıq. O da qismət olmadı. İşə düzəlməmişdən əvvəl evi rəngləyirdi, fotoları olan otağı özünə götürdü, dedi gəlini bura gətirərik. İndi həmin otağı gördüyünüz kimi onun şəkilləri ilə bəzəmişik. İndi onsuz mənə çox çətindir, necə ifadə edim bilmirəm, bunu sözlə ifadə etmək mümkün deyil”.



Ana deyir ki, Kənan orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb: “Murov yüksəkliyində xidmət etdi, çətinlikləri görmüşdü. Hərbidə qalıb işləmək istəyirdi, amma işə götürmürdülər. Səbəb kimi də əlinə döymə üsulu ilə yazdırdığı “ana” sözü idi, gedib onu da sildirdi ki, təki hərbiyə qayıtsın və müqavilə ilə işləsin. Müharibəyə az qalmış Beyləqana kursa çağırdılar. Avqustun 20-də Beyləqana getdi və kursa qatıldı. 20-25 gün kurs keçdikdən sonra MAXE kimi Füzili rayonunda hərbi hissələrin birində işə başladı. Bir ay keçmədi ki, müharibə başladı və Kənan ilk gündən döyüşlərə qatılıb. Müharibədə olduğunu mənə demədi, nə zaman danışırdıq, deyirdi ana arxa cəbhədəyəm, narahat olma. Çox xoş əhval-ruhiyyə ilə danışdığı üçün heç nə hiss etmirdim”.



Ana bildirir ki, Kənanla sonuncu dəfə oktyabrın 30-da danışıb: “Oktyabrın 30-da mənimlə danışdı. Dedi ana narahat olma, ola bilsin 2-3 gün səninlə danışa bilmərəm, telefonun enerjisi tükənir. Həmin gün o mənimlə daha çox danışmaq istəyirdi, amma mən qıymadım, dedim Kənan söhbəti yekunlaşdıraq, telefonunun enerjisini tükətmə ki, sabah yenə danışaq. Məqsədim sabah da danışmaq idi. Oktyabrın 31-də Xocavənddə, “Qırmızı bazar” istiqamətində gedən ağır döyüşlərdə şəhid oldu Kənanım… Noyabrın 1-də nəşini gətirdilər, kənd qəbiristanlığında dəfn olundu. Onun cənazəsi qapıda idi, amma mən hələ də inanmırdım. Biz danışanda o məni sağ-salamat qayıdacağına çox arxayın etmişdi. Hərbçi yoldaşları Kənanın ilk gündən müharibənin ən qaynar nöqtələrində olduğunu bildirirdilər. Əsgərləri də deyirdi ki, heç zaman bizi qabağa buraxmazdı, özü gedər, bizi də arxasıyca aparardı. Hətta xalasına deyirmiş ki, mən döyüşlərdə elə vuruşuram ki, sağ qalsam Milli Qəhrəman adını alaram”.



Anama de şəhid olsam haqqını halal etsin

Şəhidin bacısı Sevda Hacıyeva bildirib ki, Kənan ona təkcə qardaş deyil, həm də ata olub: “Biz atamızı tez itirdik, onda mən hələ uşaq idim, anam da işdə olardı. Xəstələnəndə başımın üstündə Kənan gözləyərdi. Ona görə qardaş sözü mənim üçün çox dəyərlidir, əzidir. Biz həm də sirdaş, dost olmuşuq. O sağ olanda heç nədən qorxmurdum, bilirdim ki, arxamda qardaşım var. O məni gəlin köçürəndə o qədər ağladı ki… Sonuncu dəfə oktyabrın 30-da danışdıq, mühasirə olduqlarını bildirdi. Dedi ki, vəziyyət çətindir, köməyə gələn qüvvə də mühasirəni yara bilmir, ola bilsin burdan sağ çıxmadıq. Anamdan fərqli olaraq mənimlə açıq danışardı. Dedi döyüşürük, narahat olmayın, ancaq anama heç nə deməməyi tapşırdı. Dedi qoyma televiziyaya baxsın, birdən şəhid olaram, xəbərlərdə eşidər… Bir onu dedi ki, əgər şəhid olsam, anaya de, haqqını halal etsin”.



Sevda deyir ki, bu söhbətdən sonra mən ona arxada qalmasını tövsiyyə etdim: “Deyridim ki, atamız yoxdur, mən də uzaqdayam, anamız təkdir, özünü gözlə, həmişə öndə olma… Cavabında dedi ki, bəs, burda şəhid olan uşaqların anası, bacısı yoxdur? Onlarında mənim kimi anası var axı. Mən onların qisasını almaq üçün döyüşürəm. Mən də qalırdım belə… Fikri var idi ki, müharibədən sonra evlənsin, anamı da götürüb özü ilə aparsın”.

Şagirdlərimizdə vətənpərvərlik hissi çox güclüdür

Kənan Axundzadənin tarix müəllimi Kəmalə Səfərova bildirib ki, şəhidimiz hələ orta məktəbdə təhsil alanda çox güclü, boylu-buxunlu olub: “Sinifdə hər zaman seçilərdi. Cüssəli şagirdlər adətən ipə-sapa yatmır, amma səmimi deyim ki, Kənan elə deyildi. O fərqli idi, heç zaman üzə qayıtmaz, sözümüzü yerə salmazdı. Onun haqqında keçmiş zamanda danışmaq çox çətin və ağırdır. Şəhidlik mərtəbəsinə adi insanlar qalxa bilməz. Biz şəhidlərimizi, qazilərimizi hər zaman şagirdlərimizə nümunə gətiririk, məktəbdə tədbirlər keçirir, onların xatirəsini əbədiləşdiririk. Mənim qardaşım da hərbçi olub, xüsusi təyinatlılarda xidmət edib, qazi kimi dünyasını dəyişib. Ona görə bu ağrını yaşayan ailələr üçün nə qədər çətin və dözülməz olduğunu yaxşı başa düşürəm”.



K.Səfərova əlavə edib ki, bu gün şagirdlərimizdə vətənpərvərlik hissi çox güclüdür: “Onlarda qəhrəmanlıq və şücaət hissi günü-gündən artır. Allah bir də müharibə göstərməsin, amma biz arxayınıq ki, gənclərimiz mərd və qorxmazdırlar. Kənddə insanlar ağır vəziyyətdə yaşayırlar, bu gəncləri valideyinlər min bir əziyyətlə böyüdüblər. Amma buna baxmayaraq insanlarda çox yüksək əhval-ruhiyyə var. Müharibə dövründə insanlar hərə bir formada orduya yardım etmək istəyirdi. Biz belə xalqıq, belə gənclər yetişdirmişik. Əlbəttə, müharibə itgisiz olmur. Allah şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq nəsib etsin”.



Ali Baş Komandan əmr versin, biz qisasımızı alaq

Kənanın təhsil aldığı məktəbin ibtidai sinif müəllimi Vəfa Axundova şəhidimizin onun gözünün qarşısında böyüdüyünü bildirib: “Bir qəhrəman haqqında danışmaq müəllim üçün çətin deyil, onlarla bağlı vəsaitləri oxuyur, danışırıq. Amma gözümüzün qarşısında böyüyən bir qəhrəman haqqında danışmaq çox çətin və ağrıldır. O, heç bir yazıçı, tarixçi tərəfindən yazılmayan bir kitabdır. Kənan çox tərbiyəli şagird olub. Orta səviyyədə osuda da intizamlı idi. Hərbi xidmətdən sonra arzusu orda qalıb işləmək olub. Lakin atası vəfat etdikdən sonra anasını tək buraxmamaq üçün evə qayıtdı. Lakin çox çəkmədi ki, yenidən hərbiyə getdi. Polad Həşimov şəhid olduqdan sonra onun bu istəyi daha da güclənmişdi. Hətta bu barədə sosial şəbəkələrdə də yazmışdı ki, Ali Baş Komandan əmr versin, biz qisasımızı alaq, gələcək nəslə saxlamayaq. Kənan müharibəyə səfərbərlikdən əvvəl hazır idi. Döyüşlərdən 40 gün əvvəl təlimlərə qatılmışdı”.



V.Axundova deyir ki, Kənan müharibənin ilk günündən döyüşlərə qatılıb və 33 gün dayanmadan vuruşub: “Mən Kənanın döyüşçü yoldaşları ilə danışmışam, səs yazıları da durur. Deyirdilər ki, bir neçə dəfə mühasirəyə düşüb, amma mərdliklə vuruşub və bölüyünü mühasirədən çıxarmağı bacarıb. Əhməd adlı bir hərbiçi yoldaşı deyirdi ki, Kənan iri çaplı silahlarla döyüşüb və hər zaman irəlidə olub. Bir dəfə instaqramda Kənanın səhifəsi ilə onların canlı söhbətinə qoşulduq, Kənan haqqında danışdılar. Deyridilər ki, biz bir yerdə o qədər ac-susuz qalmışıq ki, hətta erməni evlərində qənimət kimi əldə etdiyimiz ərzaqlara da toxunmamışıq. Kənan son döyüşlərində soyuqlayıb, xəstə olub, amma yenə vuruşub. Mətin adlı başqa bir hərbçi yoldaşı danışırdı ki, Kənan ona şəhid olduğu gün vurulacağını deyibmiş. Hətta hansı güllə ilə vurulacağını da bildirib və həmin güllə ilə də vurulub. Hətta komandirləri deyib ki, Kənan, əgər belə bir fikir ürəyinə damıbsa, sən döyüşə getmə, qal, bizi arxadan müdafiə et. O isə razılaşmayıb və irəliyə keçib, bu zaman bir saqqallı ermənini vurub, arxaya çevriləndə isə onu vurublar”.



Son söz əvəzi…

Bu söhbətdə çox sarsıldıq… Ana çox kədərli idi, sanki hər gün oğlunu dəfn edirdi. Layihə çərçivəsində görüşdüyümüz və gördüyümüz anaların içərisində 3-4-dü belə ola, ya da olmaya. Digərləri də kədərli idi, ancaq onların yenə də tutunacaq bir yerləri, övladları var idi. Əlbəttə, Rəhimə xanım da sonsuz deyil, bir qızı daha var, nəvəsi də qucağından yerə düşmürdü. Amma görünən odur ki, bu anaya bəs etmir. Danışığı, hərəkətləri sanki yuxudaymış təsiri bağışlayır, gözləri yol çəkir, arada nəmlənir, hey pəncərədən uzaqlara baxır…

Əlbəttə, çətindir, ilk və tək övladı, nübar balası Kənanı artıq yoxdur. Ana Kənanın bəy otağını, onun fotoları ilə bəzəyib. Təsəllimi? Xeyr, bu cansız fotolar anaya təsəlli ola bilməz.

Həyat yoldaşı Hamil imkansızlıqdan, bir tikə çərək dalınca Rusiyaya yollanıb. İldə bir dəfə ya gələ, ya da gəlməyə… Sonra da dünyasını dəyişib.

Ana-bala və bir də bacısı Sevda ilə sarılıblar bir-birlərinə, çətinliklərə sinə gəlməyə çalışıblar. Bacarıblarmı? Xeyr, görünən odur ki, bacarmayıblar. Kənan orta məktəbdə dərsdən sonra “ofisiant” işləyib, təki nur üzlü anası əziyyət çəkməsin. Əsgər gedib, gəlib, yenə də gedib. Bu dəfə həmişəlik…

İndi hər gün sürətlə qocalır ana. Bəlkə də özü bilərkdən Kənanına qovuşmaq üçün “qocalır”. Axı qocalığın sonu ölümdür. Allah gecindən versin, ancaq ağır taleh yaşayıb Rəhimə ana…

Allah şəhdimizə rəhmət eləsin, anaya isə səbr versin.



Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
















Xəbər 6903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +