Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


01.05.2022  11:27 

Fitr bayramı namazı - HÖKÜMLƏR





A+  A-

Artıq Ramazan ayının son gününü yaşayırıq. Bu günlərin və Qədr gecələrinin əməlləri olduğu kimi Ramazan ayının Bayramının da məxsusi əməlləri var. O əməllərdən biri də Fitr bayramı namazıdır. İmamın (ə) insanların arasında olduğu dövrdə Fitr bayramı namazı vacibdir və camaatla qılınmalıdır. İmamın (ə) qaib olduğu dövrümüzdə isə bayram namazının camaatla qılınması müstəhəbdir. Bu barədə ali məqamlı mərcəyi-təqlid Ayətullah Seyid Əli əl-Hüseyni əl-Sistaninin “Geniş izahlı şəriət məsələləri”nin 1-ci cildində geniş məlumat verilir. Biz də həmin kitabdan istifadə edərək Fitr bayramı namazı və onun qılınma qaydası ilə bağlı oxuculara məlumat vermək istəyirik:

Fitr bayramı namazının vaxtı bayram günü günçıxandan zöhrədəkdir. Fitr bayramında Günəş üfüqdə yüksəldikdən sonra iftar etmək və fitrə zəkatını da vermək, daha sonra bayram namazını qılmaq müstəhəbdir.

Fitr bayramı namazının qılınma qaydası

Fitr bayramı namazı iki rükətdir. Namazın başlanğıcında təkbirət əl-ehramdan və hər iki rükətdə Həmd və surəni oxuduqdan sonra bir neçə dəfə təkbir deyilir və təkbirlər arasında qunut tutulur. Vacib ehtiyata əsasən, hər rükətdə üç təkbir deyilməsi, onların arasında iki qunut tutulması lazımdır və üçüncü təkbirdən sonra, vacib ehtiyata əsasən, rükudan öncə başqa bir təkbir də deyilir. Beləliklə, hər rükətdə təkbirlərin ümumi sayı dörddür. Hərçənd, daha yaxşı olar ki, birinci rükətdə beş təkbir deyilsin və onların arasında dörd qunut tutulsun, ikinci rükətdə isə dörd təkbir deyilsin və onların arasında üç qunut tutulsun. Bu halda həmin təkbir və qunutlardan əlavə, vacib ehtiyata əsasən, rükudan öncə başqa bir təkbirin də deyilməsi lazımdır.

Qeyd etmək lazımdır ki, namazın qalan hissəsi, yəni rüku, iki səcdə, təşəhhüd və salam eynilə digər ikirəkətli namazlarda olduğu kimi yerinə yetirilir.

Fitr və qurban bayramı namazının qunutunda istənilən dua və zikr oxunarsa, kifayət edir. Lakin daha yaxşı olar ki, bu dua oxunsun:

“Allahummə əhləl-kibriyai vəl-əzəməti, və əhləl-cudi vəl-cəbəruti, və əhləl-əfvi vər-rəhməti, və əhlət-təqva vəl-məğfirəti, əsəlukə bi həqqi hazəl-yaum, əlləzi cəəltəhu lil-musliminə idən, və li Muhəmmədin səlləllahu əleyhi və alihi və səlləmə zuxran və məzidən, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin, və ən tudxiləni fi kulli xayrin ədxəltə fihi Muhəmmədən və Alə-Muhəmmədin, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və Alə-Muhəmmədin, sələvatukə əleyhi və əleyhim, Allahummə inni əsəlukə xayra ma səələkə bihi ibadukəs-salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəs-salihun”.

Əgər insan bayram namazında bir səcdəni unudarsa və onun icra edilmə yeri keçərsə, onu namazdan sonra yerinə yetirməlidir. Həmçinin, əgər gündəlik namazda səhv səcdəsi tələb edən bir hərəkət edərsə, namazdan sonra iki səhv səcdəsi etməlidir.
Əgər namaz qılan bayram namazının təkbirlərinin, yaxud qunutlarının sayında şəkkə düşərsə, yeri keçdiyi təqdirdə şəkkinə etina etməsin. Ancaq əgər hələ yeri keçməmişdirsə, az sayı ifadə edən ehtimalı əsas götürsün və əgər sonradan artıq sayda təkbir dediyi, yaxud qunut tutduğu məlum olarsa, namazı batil olmur.

Fitr bayramı namazı camaatla qılınmalıdırmı?

Dövrün imamının (ə.f) qaib olduğu dövrdə əgər Fitr bayramı namazı camaatla qılınarsa, lazım ehtiyata əsasən, ondan sonra iki xütbə oxunmalıdır. Bu iki xütbənin oxunma qaydası cümə namazının xütbələri kimidir. İmam iki xütbə arasında bir qədər oturmalıdır və daha yaxşı olar ki, fitr bayramı xütbəsində fitrə zəkatı, qurban bayramı xütbəsində isə qurbanlıq ilə bağlı hökmləri açıqlasın. Bu iki xütbənin namazdan öncə oxunması caiz deyil. Məmumun xütbələr əsnasında orada olması vacib deyil.
Bayram namazında da digər namazlarda olduğu kimi məmum Həmd və surə istisna olmaqla namazın digər zikrlərini özü deməlidir.

Əgər məmum imam təkbirlərin bir neçəsini dedikdən sonra gəlib çatarsa, imam rükuya getdikdən sonra onunla birgə demədiyi təkbirləri deməli, qunutları tutmalı, rükuya çatmalıdır və əgər hər qunutda bir dəfə “Subhanəllah”, yaxud “Əlhəmdu lillah” və ya bənzər bir zikr deyərsə, kafidir. Əgər vaxt yoxdursa, yalnız təkbirləri deməlidir. Əgər bu qədər də vaxt yoxdursa, imamın ardınca hərəkət edərək rükuya getməsi kifayətdir.

Əgər insan bayram namazında imamın rükuda olduğu məqamda gəlib çatarsa, niyyət edib namazın ilk təkbirini, ardınca rükunun təkbirini deyə və rükuya gedə bilər.

Fitr bayramı namazının müstəhəbləri

Böyük fəqihlər (Allah onlardan razı olsun!) fitr bayramı namazında qarşıdakı məsələlərdə izah ediləcək bəzi məqamları müstəhəb hesab etmişlər.

Bayram namazının məxsusi surəsi yoxdur. Lakin daha yaxşı olar ki, onun birinci rükətində Şəms, ikinci rükətində isə Ğaşiyə surəsi, yaxud birinci rükətində Əla, ikinci rükətdə isə Şəms surəsi oxunsun.

Bayram namazının çöllükdə qılınması müstəhəbdir. Ancaq Məkkədə onun Məscid əl-haramda qılınması müstəhəbdir.

İnsanların bayram namazına piyada, ayaqyalın və vüqarla getməsi və namazdan öncə qüsl etməsi, başlarına ağ əmmamə qoyması müstəhəbdir.

İnsanın bayram namazında yerə səcdə etməsi, təkbirləri deyərkən əllərini yuxarı qaldırması, imam, yaxud fərdi namaz qılan olmasından asılı olmayaraq Həmd və surəni ucadan oxuması müstəhəbdir.

Fitr bayramı axşamının məğrib və işa namazlarından, həmçinin, bayram gününün sübh namazından və fitr bayramı namazından sonra bu təkbirlərin deyilməsi müstəhəbdir:

“Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Allahu əkbər və lillahil-həmd, Allahu əkbəru əla ma hədana”.

Müstəhəb ehtiyat qadınların bayram namazında iştirak etməkdən çəkinməsini tələb edir. Lakin bu ehtiyat yaşlı qadınlara aid deyil.

Rəmzi NİFTİYEV

Xəbər 3671 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +