Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


11.03.2024  09:28 

Nə üçün oruc tuturuq?





A+  A-

İslamın vacib ibadətlərindən biri də Orucdur. Oruc ibadətinin yerinə yetirilməsində başlıca məqsəd insanları mənən saflaşdırmaq, onlara mərhəmətli, səbirli və dözümlü olmağı öyrətməkdir.

Orucun əsas məqsədlərindən biri də insanları günah əməllərdən çəkindirməkdir. Qurani-Kərimdə buyurulur: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (əl-Bəqərə, 183-184).

Oruc bütün dinlərdə, o cümlədən Brahmanizm, Yəhudilik və Xristianlıqda da mövcuddur. Brahmanlar nəfslərinin tərbiyəsi üçün ilin müəyyən günlərində və bayramlarda oruc tuturlar. Tövratda Musa peyğəmbərin (ə), İncildə İsa peyğəmbərin (ə) oruc tutduğu bildirilir: «Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım» (Daniel 9:3).

İsa peyğəmbər İncildə ardıcıllarına orucu Allah üçün tutmağı tövsiyə edir: «Oruc tutduğunuz zaman, ikiüzlülər kimi qaşaqbaqlı gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tutarlar. Doğursun sizə deyirəm: onlar mükafatlarını aldılar (Matta 6:16).

Oruc vacib buyurulmamışdan öncə müsəlmanlara oruc tutmaqda sərbəstlik verilmişdi. Onlar hər ay 3 gün oruclu olurdular. İmkanı olan tutur, olmayan isə ehtiyaclı insanlara yardım edirdi.

Məhəmməd Peyğəmbər (s) Mədinəyə hicrətdən sonra hər Aşura günü oruc tuturdu. Sonra hicrətin ikinci ili orucla bağlı Quran ayələri nazil oldu və oruc tutmağa gücü çatan bütün müsəlmanlara bu ibadət vacib edildi.

Allah-Taala oruc tutmağı bu ayda vacib edərək Ramazan ayını müqəddəs aylardan biri etdi. Ramazanın mərhəmət, səbir, Allaha yaxınlaşma və günahlardan təmizlənmə, mərhəmət və ibadət ayı olduğu bildirildi. Allah-Taala möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə etdi.

Mübarək Ramazan ayını digər aylardan iki əsas cəhət fərqləndirir. Birincisi Qurani-Kərim bu ayda nazil olub. Digəri isə oruc müsəlmanlara bu ayda vacib buyurulub.

İslam alimləri orucun müsəlmanlara vacib edilməsini əsasən üç amillə bağlayırlar. Birincisi oruc Allaha ibadət, onun əmrlərini yerinə yetirmək, günahlardan çəkinmək məqsədi daşımalıdır. Məhəmməd peyğəmbər (s) Allah-Taalanın oruc haqqında belə buyurduğunu bildirib: «Oruc istisna olunmaqla digər ibadətlər Adəm övladınındır. Oruc mənimdir onun mükafatını mən verəcəm...».

Oruc təmiz niyyətlə və sırf Allaha ibadət məqsədilə tutulmalıdır. Yalnız arqılmaq və insanlara oruc tutduğunu göstərmək niyyətilə oruc tutmaq məqbul sayılmır.

Orucun müsəlmanlara vacib edilməsində digər hikmət nəfsin tərbiyəsi, səbr və dözümlülüyün gücləndirilməsidir. Müsəlman səbirli, dözümlü və əzmkar olmalıdır. Oruc müsəlmanlara dözümlü, əzmkar və nəfsinə hakim olmağı öyrədir.

Oruc insana sevgi, mərhəmət və qayğı hissləri aşılayır. Oruc insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa imkansız insanların yaşadığı anları yaşayır, aclığın dadını dadır və bu insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir.

İnsan ona verilən nemətlərə görə Allah-Taalaya şükür etməldir. Bu nemətin qiymətini, onun Allah tərəfindən verildiyini dərk etmək və nemətə ehtiyacı hiss etməklə mümkündür. Ramazan ayı istisna olmaqla digər aylarda insan həqiqi aclığı tam yaşamadığı üçün ona verilən nemətlərin dəyər və qiymətini bilmir.

Orucun insan sağlamlığına da bir sıra müsbət təsirləri vardır. Mütəxəssislər il boyu dincəlmədən çalışan mədəyə istirahətin verilməsinin orqanizm üçün faydalı olduğunu, orucun qəlb, damar, şəkər xəstəliklərinə müsbət təsir göstərdiyini bildirirlər. Məhəmməd Peyğəmbər (s) orucun insan sağlamlığına müsbət təsirlərini müsəlmanlara çatdırmaq məqsədilə buyurub: «Oruc tutun ki, sağlam olasınız».

Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir. Uca Allah bütün dua və orucları qəbul etsin.

Sonda Uca Allahdan bütün dua və ibadətlərin qəbul olunmasını diləyirəm.

Ceyhun MƏMMƏDOV

Milli Məclisin deputatı, Fəlsəfə doktoru


Xəbər 253 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +