Aqrar Universitet müəllimlərə 300 min manatdan çox pul verəcək
Londonda məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir
Partiyaların maliyyə hesabatı şəffafdırmı?
Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Biz tələbələrin istəklərini nəzərə aldıq – Foto/Video
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi


26.05.2020  21:53 

Qarabağ sevdalıları, Mübariz Mənsimov... və bir də Alim Qasımov





A+  A-


Bir şeyin mənasını çözmədən ona səthi yanaşmaq, kimlərəsə məntiq dərsi keçib “yerini” göstərmək yumşaq formada desək, məntiqsizlikdir. Baxın, 30 ilə yaxındır ki, Yuxarı Qarabağ və ətraf rayonlar işğal olunub. Paşinyan və səhabələri də birinci dəfə deyil ki, bu torpaqlara ayaq basır. Onun özü kimi, sələfləri də dəfələrlə gəliblər və gediblər. Bundan sonra neçə dəfə gələcəklər, yaxud cəhənnəmə dönəcəklər, deyə bilmərəm. Bilinən odur ki, Yuxarı Qarabağda indiyədək bir neçə dəfə “prezident” və “parlament” seçkiləri də keçirilib. Amma Şuşanın “paytaxt” elan olunması sanki uzun illər mürgü döyən gözləri bir anın içində “bərəltdi”, hamını qəfil cuşa gətirdi. Əcəba, nədən indi? Uzaqlara getməyək, Paşinyan oğlunu Qarabağda hərbi xidmətə göndərəndə, hələ bu azmış kimi, onun “andiçmə” mərasimində ailəlikcə iştirak edəndə nədən odlanıb, alovlanmadıq? Və ya “Cıdır düzü”ndə hallı vəziyyətdə qol açıb yallı gedəndə niyə bunu sadəcə seyr etdik? Bu, ölkəmizin hər bir vətəndaşına təhqir deyildimi? Niyə o zaman “Şuşanı vur”, “Xankəndini vur” və ya oğul Paşinyanın qulluq etdiyi hərbi hissəni “vur” deməyə özümüzdə cəsarət tapmadıq? İndi də durmadan “niyə vurmadın” deyirik... Bir az keçəndən sonra bu vətənpərvərliyimizi də arxiv materialı kimi toz basacaq və beləcə unudulacaq.

Şuşa “paytaxt” elan olundu, yaxud da qızıl güldən başına “çələng” hörüldü, bunda fərq nədir ki? Mahiyyət eynidir, yəni Şuşa bizdə deyil, cənablar, işğal altındadır. Sabah ayağa qalx və müqəddəs torpaqlarını azad et, o “paytaxtı” da onlara məzarlığa çevir, bax, bu olar qəhrəmanlıq. Şübhəsiz ki, ərazilərimizin işğaldan azadlığı bizlərin bir-iki dəfə “vur” deməsi və ya dövlət yetkillilərinin pafosla “vuraram” söyləməsilə gerçəkləşən də deyil. Bunun yolu olduqca sadədir, amma bu gün kələ-kötür yolda labirintə düşən bir cəmiyyət o sadə yola çıxmaq yollarını tapmadıqca, təbii ki, cənnətməkan Qarabağı hələ bəlli olmayan bir müddətə qədər də durbinlə seyr etməli olacağıq – nə qədər ağrılı olsa da, həqiqətdir.
Birilərinin “vur” deməsindəki səmimiyyətə, vətən sevgisilə alovlandığına inanıram və şübhə etmirəm. Amma bunun bir-iki gündən sonra öləziyib unudulacağı səbəbindən yanayam. İstərdim və həm də çox istərdim ki, “nəhayət ki, vurduq və qalib gəldik” deyənə qədər “vur-vur” demək əzminə malik olaq. Ola bilmirik. Səbəbi də sadədir: hələ də əzmimiz, qətiyyətimiz yetərincə deyil, bəylər. Bəlkə, bundan ötrü Paşinyanın hər gün Yuxarı Qarabağa gəlməsimi lazımdır?

Bu məsələlərlə aralarında tam oxşarlıq olmasa da, Mübariz Mənsimovun həbsilə bağlı qəfil “mübarizləşən” bir kəsim arasında müəyyən kiçik paralellər aparmaq olar. Mən, M.Mənsimovun böyük xeyriyyəçi və vətənsevər olduğuna, vətəni və xalqı üçün gərəkəndən artığını etdiyinə, yəqin ki, azadlığa qovuşduqdan sonra da bunu davam etdirəcəyinə əsla şübhə etmirəm, əgər imkan versələr. Amma həbsindən sonrakı ərəfədə bir qrup “mübarizləşən” kəsimin ifrat şou sərgiləməsi həqiqi Mübarizsevərlərin səmimiyyətinə az da olsa, kölgə sala bildi. Məsələlərin mahiyyətinə dərindən varmadan onun şəkillərinə bürünüb “mən Mübarizəm” demək çox asandır, amma Mübariz olub mübarizə meydanına atılmaq adamdan hünər istər. Baxın, bu gün bunu deməyə haqqı olan əsil mübariz insanlar da “mən Mübarizəm” deyir, “bəlkə...” ümidilə “mübarizləşənlər” də. Di gəl, alovlanma... (İnşallah, M.Mənsimovun tezliklə, bəlkə də 10-15 günə şərti də olsa, azadlığa qovuşacağına şübhə etmirəm).

Hadisələrin görünən tərəflərinə ötəri nəzər salıb dəyərləndirməyi heç zaman məqbul hesab etməmişəm. Çünki bu zaman ərəfəsində çıxarılan qərarlarda daha çox yanlışlıq olur. Diqqət edin, ötən gün Facebook profilimdə bir video görüntü paylaşdım: ustad Alim Qasımov təbiət qoynunda bardaş qurub, Ramazan bayramı münasibətilə müsəlman bacı və qardaşlara təbrik ünvanlayır. Sonra da 1-2 dəqiqəlik ifa ilə Yaradana bu ayın bərəkəti üçün təşəkkür əvəzi olaraq, səsini Ərşə bülənd edir. Olduqca təbii və ecazkar bir çıxış idi. Kim necə qəbul edirsə-etsin, fərq etməz; mənim nəzərlərimdə Alim Qasımov Allahın ölkəmizə və xalqımıza bəxş etdiyi ən böyük əvəzedilməz bir lütfü – milli sərvətidir. Heç zaman özgələşməyən və paralel olaraq “özəlləşməsi” mümkün olmayan ustad Alim Qasımov bəlkə də dünyanın ən azad insanıdır. Düşünürəm ki, bu insana qarşı kiçicik sayğısızlıq belə, qeyri-insani hərəkət kimi dəyərləndirilməlidir. Baxın, bu çıxışın rəy bölümündə “mübarizləşən” və bəlkə də “vur” deməkdən dili topuq vuran bir “dostumuzun” bəsit düşüncə ilə aləmlərin sevdiyi bir insana qarşı həqarət sərgiləməsi hər nə qədər utancvericidirsə, bir o qədər də faciədir. Vallah, beləsinin “vur“ deməsilə atılan top da, mərmi də nə Şuşaya, nə Xankəndinə deyil, elə adamın öz başına düşər. Nə qədər dayaz düşüncəli olmalısan ki, “Alim Şuşanın paytaxt olması münasibəti ilə sevinir və oxuyur, ar olsun sizə” deməyi mənliyinə sığışdıra biləsən...

Bəli, Yuxarı Qrabağ işğal olunub. Oranın bugünədək işğal altında qalmasında aşağıdan-yuxarıya hər birimizin günah payı vardır. Təbii ki, bu işğal tez və gec, mütləq sona yetəcək. Bu, bilirsinizmi, nə zaman baş verəcək? Biz iç dünyamızdakı iblis(lər)in işğalından qurtulub, mənəviyyatımızı saflaşdırmayınca – hamılıqla Vətəni candan da əziz bilib, onu bağrımıza basmayınca Qarabağa nicat olmayacaq. Virtual olaraq nə qədər “vur” desək də. Amma o gün çox da uzaqda deyil və GƏLƏCƏK...

Vasif Hüseynov





Xəbər 3462 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.03.2024  15:13 

Fərid Bakarova hökm oxunub

19.03.2024  12:42 

Sabahın hava proqnozu açıqlanıb

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib


BÜTÜN XƏBƏRLƏR +