İranın eks-prezidenti İ.Rəisinin Azərbaycan Prezidenti ilə Araz çayı boyunca, İran üçün mühüm əhəmiyyət daşıyan hidrolayihələrin açılışında iştirakdan qayıdarkən helikopter qəzasında həlak olması və ya öldürülməsi geniş müzakirə olunur və uzun müddət də müzakirə mövzusu olaraq qalacaq. Bu müzakirələrin əsas səbəbi İranın Azərbaycana qarşı düşmənçilik siyasətidir. İ.Rəisinin ölümü kontekstində Azərbaycanı İrana düşmən kimi təqdim etmək üçün ən sadə və bəsit arqumentlərin ortaya atılması müşahidə olunur. İran tarixən kələk və hiylə ilə tanınan, bu istiqamətdə müəyyən vərdişlər formalaşdırmış dövlətdir. Qədim yunanların “fars” və “kələk” sözlərini sinonim kimi işlətməsi də təkcə bugünkü reallıqla bağlı deyil.
İ.Rəisinin helikopter qəzasının gündəmdə saxlanılması eyni zamanda İran rəhbərliyində gedən daxili mübarizənin bir elementi kimi də dəyərləndirilməlidir. Fakt ondan ibarətdir ki, İ.Rəisi helikopter qəzasında dünyasını dəyişib. Bu hadisəyə sadə bir təsadüf kimi yanaşmaq da mümkündür. Lakin təsadüfilik ehtimalını kənara qoyduqda, şüurlu şəkildə təşkil olunmuş terror aktı, yəni İ.Rəisinin məqsədli şəkildə məhv edilməsi ehtimalı daha güclü görünür.
İ.Rəisinin ölümündə maraqlı olan qüvvələr paradoksal şəkildə ziddiyyətlidir. Bu prosesdə Azərbaycanın rolu istisna olunur. Bu, mümkün deyil. İ.Rəisi Azərbaycana qarşı heç bir real təhdid yaratmayıb. Əksinə, prezident seçildikdən sonra Azərbaycanla qarşılıqlı müraciətlər yalnız müsbət məzmun daşıyıb. İ.Rəisinin iştirak etdiyi hidrolayihələr Ulu Öndər H.Əliyevin 1971-ci ildə Azərbaycan SSR-nin rəhbəri olduğu dövrdə Moskva ilə razılaşdırılmış layihələr idi və məqsəd Arazın hər iki sahilində yaşayan azərbaycanlıların sudan rahat istifadəsini təmin etmək olub. İran rəhbərliyi bu layihələri vahid Azərbaycan istiqamətində atılan addım kimi qiymətləndirib və onlara qarşı ciddi müqavimət göstərib. Hətta Ermənistanda Mehri SES-in tikintisi ilə Araz hidrolayihələrinin işinə mane olmaq istənilib. Allahın isə, təbii ki, öz bildiyi var.
Azərbaycan Prezidentinin İ.Rəisi üçün hər hansı maneə yaratması istisna olunur. Azərbaycan Prezidentinin İran daxilində qərar qəbuletmə səlahiyyətinə malik olması da mümkün deyil. Azərbaycanla bağlı irəli sürülən əsas arqument isə “Azərbaycan Prezidenti İ.Rəisini təkidli şəkildə dəvət edib” iddiasıdır.
İran mətbuatına istinadən bildirilir ki, İ.Rəisi iki dəfə Azərbaycana səfərə hazırlaşıb, səfərin vaxtı müəyyən olunub və bu barədə mətbuatda məlumat verilib. Birinci səfər haqqında “Səhər Azəri” telekompaniyasının “Xəbərlər” proqramının 31 yanvar 2024-cü il tarixli buraxılışında saat 20.43-də məlumat yayımlanmışdı. Araz çayı üzərindəki hidroqovşaqların Azərbaycanla bağlılığını inkar etmək məqsədilə əlavə izahlar da verilmişdi. Hər iki səfər təxirə salınıb və yalnız üçüncü dəfə, mayın 19-da səfər reallaşıb. Fevral ayında (Fəcr 10 günlüyündə) İ.Rəisi Azərbaycan Prezidenti ilə birlikdə hidrolayihənin açılışında iştirak etmək istəmişdi. Bu açılış İ.Rəisi üçün bayram səviyyəsində qiymətləndirildiyindən, İran üçün bayram olunan günlər seçilmişdi və Azərbaycan bu təkliflə razılaşmışdı. İkinci dəfə İ.Rəisi Novruz bayramı ərəfəsində səfərini elan etsə də, İrandaxili səbəblərdən bu səfər də təxirə salındı. Mayın 19-da İ.Rəisinin İ.Əliyevlə İran-Azərbaycan sərhədində görüşü sırf İrandaxili məsələ idi.
İ.Rəisi prezident seçildikdən dərhal sonra ona qarşı İran hakimiyyəti daxilində münasibətin birmənalı olmadığı açıq şəkildə görünürdü. Prezident seçilməsinə baxmayaraq, İ.Rəisi 6 ay ərzində hakimiyyət komandasını formalaşdıra bilmədi, çünki rəhbərlik buna imkan vermədi. İ.Rəisinin ali rəhbərin yaxın çevrəsinə aid olması, atası və babası ilə Məşhəddəki əlaqələri barədə çox danışılıb və yazılıb. Onun prezident seçilməsi də ali rəhbərin icazəsi ilə baş tutmuşdu. Lakin Rəisinin məhkəmə və prokurorluq orqanlarındakı əvvəlki fəaliyyəti İran cəmiyyətində ciddi narazılıq yaratmışdı. Seçki prosesində əhali ilə davranışı da ali rəhbər tərəfindən müşahidə olundu və sonradan ona münasibət mənfi istiqamətdə dəyişdi. Bu vəziyyəti bilənlər İ.Rəisinin hökumətini formalaşdırmasına mane oldular.
İ.Rəisi həm İran, həm də bəlkə də İslam tarixində bir sıra ilklərin müəllifi idi. O, Moskvada Kremldə namaz qılan yeganə şəxs olmuşdu, bunu hətta Ramzan Kadırov belə edə bilməmişdi. BMT Baş Assambleyasında general Qasım Süleymaninin portretini və Quranı qaldıran da yeganə lider idi. Bu səbəblərdən İran daxilində ona qarşı qısqanclıq edənlərin olması ehtimalı istisna edilmir.
Prezident İ.Rəisi V.Putinlə xüsusi münasibətlər qurmuşdu. Kremldə namaz qılması da məhz bu münasibətlərlə bağlı idi. Onun Rusiya ilə əlaqələri İran rəhbərliyində ciddi narahatlıq doğurmuşdu.
İ.Rəisi V.Putinin təklifi ilə iki dəfə İsrailə qarşı müharibəyə hazırlaşsa da, bunun üçün səlahiyyəti yox idi. Müəyyən daxili hazırlıqlar aparılsa da, 2–3 gün sonra İran rəhbərliyi bu prosesi dayandırdı.
İ.Rəisinin ölümündə İsrailin də izi axtarılmalıdır. İsrailin İran daxilində malik olduğu imkanlar İran mətbuatında da etiraf olunur. İranın üzdə bir cür danışıb, reallıqda başqa cür davranması onun milli, dini, etnik və tarixi davranış modelinin tərkib hissəsidir.
Hadisənin baş verdiyi gün bir çox mətləbləri açıq şəkildə göstərdi. Xilasetmə işləri gec başladı, sadə insanlar balta ilə kol-kosu kəsərək yol açırdılar. İran hökumətinin reaksiyası gecikdi və yayılan məlumatlardan aydın oldu ki, əsas narahatlıq İ.Rəisinin xalq arasında nüfuzunun yüksək olması ilə bağlı idi. Tehrandan Şərqi Azərbaycana xilasetmə qruplarının göndərilməsi də xeyli gecikdi.
Helikopter qəzasına baxmayaraq, İranın bir nömrəli hərbçisi, Sepahın rəhbəri general Hüseyn Səlami hadisə yerinə getmədi. İctimai rəy qarşısında getəcəyini bildirsə də, sonradan bu barədə heç bir məlumat yayılmadı. Ən güclü xilasetmə imkanları onun tabeliyində olmasına baxmayaraq, bu qüvvələr də göndərilmədi.
Türkiyənin “Akıncı” PUA-sı axtarış zonasına birinci daxil oldu və helikopterin siqnalını taparaq ərazini tərk etdi. Daha sonra Sepah bəyan etdi ki, guya onların PUA-sı siqnalı ilk müəyyən edib.
Helikopter qəzası ilə bağlı bir sıra diqqətçəkən məqamlar da var:
1. Qəza günü İran 45 illik ABŞ helikopteri üçün ehtiyat hissələrini ABŞ-dan tələb edib. ABŞ bunu sanksiyalarla əlaqələndirərək imtina edib. İran əvvəlcə ABŞ-ı günahlandırsa da, Ağ Ev və Dövlət Departamenti bunun İrandaxili məsələ olduğunu bildirdi və İran sonradan bu ritorikadan geri çəkildi.
2. Qəzanın baş verdiyi əraziyə yaxın Azərşəhr Radiolokasiya Sisteminin hansı gücdə işlədiyi barədə məlumat yoxdur.
3. Qonşu dövlətlərin reaksiyası İran rəhbərliyinin davranışını daha aydın göstərdi. Türkiyə və RF-də məsələ ən yüksək səviyyədə müzakirə olundu. “Akıncı” PUA-sının göndərilməsi R.T.Ərdoğanın müşavirəsinin qərarı idi.
4. Kremldə V.Putin bütün güc və xüsusi xidmət orqanlarının iştirakı ilə müşavirə keçirdi. Bu müşavirəyə İranın RF-dəki səfiri Kazım Cəlali də dəvət olunmuşdu. İran Ermənistandakı 102-ci hərbi bazadan iki qrup ayırsa da, onlar İrana daxil olarkən artıq İ.Rəisinin dünyasını dəyişdiyi məlum idi.
5. İ.Rəisinin siyasi səhnədən uzaqlaşdırılmasında İsrail də maraqlı ola bilərdi. İranın yaydığı məlumatlardan görünür ki, İsrail İran kabinetləri barədə geniş məlumata malikdir və bu, agentura şəbəkəsi vasitəsilə həyata keçirilir.
Azərbaycan öz ərazisinə qarşı İran tərəfindən istənilən təhdidi, o cümlədən təsadüfi və ya qəsdən raket zərbəsini istisna etməməlidir. Qüdrət paradı da göstərdi ki, Azərbaycan hansı silahları alıb və necə ordu formalaşdırıb.
İran rəhbərliyi İ.Rəisinin öldürülməsində Azərbaycanı ittiham etməyi dayandırmalı və öz daxili problemləri ilə məşğul olmalıdır:
1. İsrail agentlərinin izinə düşməlidir.
2. Məsələni dini müstəvidə də araşdırmalıdır.
3. Əmr-be-məruf və nəhy-əz-münkər prinsiplərini işə salmalıdır.
Belə yazılar və kitablar əvvəllər də olub, bundan sonra da olacaq. Bunun yolu əmr-be-mərufdur və hər kəs bu mövzuda öz mövqeyini açıq şəkildə ortaya qoymalıdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1027 dəfə oxunub.