Təxribatçı prokuror: “Azərbaycan ermənilər üçün təhlükədir”
Təkcə Dağlıq Qarabağdakı ermənilərə qarşı yox, həm də Ermənistandakı ermənilərə qarşı Azərbaycan genosid siyasəti yeridir. Beynəlxalq Cinayət Məhkəməsinin ilk baş prokuroru argentinalı Luis Moreno Ocampo (2003-2012) “Politico” saytında gedən “The ICC should consider the new Armenian genocide petition” adlı məqaləsində belə bir iddiada bulunur. Luis Moreno Ocampo Azərbaycanda erməni lobbisinin ən populyar nümayəndələrindən biri kimi tanınır. O, Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan və 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmiş Fəxri Legion ordeni ilə 2011-ci ildə təltif olunub. Mən bu adamın Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru olduğu dönəmdə törətdiyi cinayətlər haqqında Qərb mediasına istinadən bir neçə dəfə yazmışdım da. Məsələn, xatırlatmışdım ki, o, hələ prokuror işlədiyi dövrdə vergi cənnəti sayılan Panama və Britaniyanın Virciniya adalarında müxtəlif şirkətlərə rəhbərlik edib, özü də gizli şəkildə. O da bəllidir ki, bu zatın Ermənistana və cinayətkar ermənilərə sevgisinin tarixi keçmişə gedib çıxır. Hələ 2010-cu ildə, BCM-in prokuroru olduğu dövrdə o, Ermənistana səfər edib. Ermənistan rəhbəri, yəni Xocalı cəlladı Serj Sərkisyanla görüşüb. Sərkisyan onu tərifləyib, o da erməniləri...
Hazırda 71 yaşı olan Luis Moreno Ocampo yenidən ermənilərin müdafiəsinə qalxıb. Maraqlıdır ki, hazırda Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün kifayət qədər ciddi addımlar atılıb və prosesin müsbət sonluqla yekunlaşacağına dair hər iki ölkədə kövrək də olsa inam var. Belə bir ortamda Luis Moreno Ocampo yenidən aranı qarışdırmağa çalışır. Təxminən Rusiya və Fransa kimi prosesi öz təbii axarından geri döndərmək istəyir.
Luis Moreno Ocampo adıçəkilən məqalədə yazır: “2015-ci ilin aprelində Əliyev ermənilərə xəbərdarlıq edərək rəsmən bəyan etmişdi. “Ölmək istəmirsənsə, Azərbaycan torpaqlarını tərk et”. Keçmiş Baş prokuror Azərbaycan prezidentinin 2023-cü ildə səsləndirdiyi bu fikrə də diqqət çəkir:
“Bu gün Azərbaycanın bayrağı Qarabağ üzərində dalğalanır...Zəngəzur dağlarında dalğalanır. Bu insanabənzər məxluqlar bu bayraqlara yaxınlaşa bilərlərmi? Bir gün oyanıb başlarının üstündə Azərbaycan bayrağını görəcəklər”...
Onun iddiasına görə, Azərbaycan Milli Məclisinin “Qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaları haqqında Bəyannamə”ni qəbul etməsi də Azərbaycanın Ermənistandakı ermənilərə qarşı soyqırım törətmək niyyətindən xəbər verir.
Ermənilər keçmiş Dağlıq Qarabağı könüllü şəkildə tərk etdikdən az sonra Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın Azərbaycana səfəri də ermənilərin danışan dilinə çevrilmiş sabiq prokurorun xoşuna gəlməyib. O, bu səfərdə də erməni soyqırımına dəstək motivi görür. Özü də söhbət cənab Ərdoğanla da bitmir. Luis Moreno Ocampo ehtimal edir ki, Qərbin siyasi liderləri də Əliyevə dəstək verirlər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin isə Azərbaycanı “ən mühüm tərəfdaş” adlandırması Fəxri Legion ordeni sahibini lap hövsələdən çıxarıb...
“Azərbaycan ermənilər üçün təhlükə olaraq qalmaqdadır”, Luis Moreno Ocampo belə hesab edir və deyir ki, Azərbaycan tərəfindən törədiləcək yeni erməni soyqırımının qarşısını almaq üçün yeni strategiyalar hazırlanmalıdır.
Maraqlıdır ki, məqalədə ermənilər tərəfindən Azərbaycan ərazilərinin az qala 30 il ərzində işğal altında qalması haqqında bir kəlmə də yoxdur. 1 milyona yaxın insanın etnik təmizləməyə məruz qalmasının üzərindən də bu yaramaz hüquqşünas məqsədli şəkildə sükutla keçir.
Onu da qeyd edək ki, Rusiyaya bağlı bəlli dairələrin və erməni kilsəsinin İrəvanda birgə həyata keçirdiyi kütləvi aksiyaların təhlükəli xarakter aldığı bir dönəmdə belə bir məqalənin ortaya çıxması təsadüfi sayıla bilməz. Luis Moreno Ocampo “Politico” saytı üzərindən erməniləri Türkiyə və Azərbaycanla anlaşmağa yox, bu ölkələrə qarşı dirəniş göstərməyə səsləyir. Zatən erməni xalqını bədbəxt edən də elə Luis Moreno Ocampo kimi dələduzlardır.
Elbəyi Həsənli, Sürix
Xəbər 9847 dəfə oxunub.