Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.
Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:
İranın ali rəhbəri Rusiya Federasiyası prezidentinə, V. Putinə, Təhlükəsizlik Şurasının katibi Əli Laricani vasitəsilə məktub göndərib. Böyük ehtimalla bu, V. Putinin B. Netanyahunun adından İranın ünvanına dediyi fikirlərə cavabdır. V. Putin B. Netanyahu ilə danışarkən Netanyahu İrana hücum etmək niyyətlərinin olmadığını bildirmişdi. İsrail İrandan təhlükə gözlədiyi üçün narahatdır. İsraillə münasibətlər barədə İran–İsrail əməkdaşlığı, “İbrahim müqaviləsi”nə qoşulmaq və Qəzzada stabilləşmə prosesində iştirak kimi təkliflər — o cümlədən ABŞ prezidenti D. Trampın dəfələrlə təkrarladığı çağırışlar — müzakirə obyekti olaraq qalır.
İran bu kontekstdə Rusiyaya üstünlük verib. Bu dövrdə ABŞ vasitəsilə İsraillə münasibətləri normallaşdırmaq İslam Respublikasının maraqlarına uyğun görünmür. ABŞ və İsrail yekdil çıxış edir; hazırkı şəraitdə ABŞ-ın İsraili nəzərə almayan müstəqil layihə reallaşdırması real görünmür, çünki Yaxın Şərqin tamamilə yeni arxitekturası formalaşdırılır. İran üçün ABŞ-İsrail dueti ilə paralel əməkdaşlıq faydalı deyil: belə əməkdaşlıq tərksilah tələblərini gündəmə gətirə və onun intensiv, sürətli reallaşmasını tələb edə bilər. Iran tərksilah haqqında verdiyi vədləri yerinə yetirməsə, bunun dərhal hərbi eskalasiyaya gətirib çıxarılması riski mövcuddur. Həmçinin İranın və onun proksi qüvvələrinin zəifləməsi göz önündədir: İran nə qədər zəifləyirsə, blef, yalan və şantaj vasitələrinə daha çox əl atmağa meyllidir.
Hazırda İran İsraildən müharibə ehtimalını neytrallaşdırmaq məcburiyyətindədir və bunun üçün İsraillə danışıqlar aparmaq istəyir. Ən təsirli yol kimi V. Putinin B. Netanyahunun adından “İranla müharibə istəmirik” məzmunlu açıqlaması göstərilə bilər. Bunun “İranla sülhə hazırıq” formasına çevrilməsi İran üçün strateji əhəmiyyət kəsb edir. Lakin İranın məsələləri sülh yolu ilə həll etməyə hazır olmadığı nəzərə alınmalıdır. Bu məqamda Rusiya Federasiyasının İsrail və İran arasında vasitəçilik rolu xeyli mürəkkəb görünür.
Rusiya üçün də məsələnisə çətinləşdirən amillər var. SSRİ-nin II Dünya Müharibəsindəki qələbəsi və onun 80 illik yubileyinə dair ictimai siyasət nüansları geopolitik mənzərəyə təsir edir: Moskva və Vaşinqtonun bu mövzuda fərqli narrativləri, Çin və digər tərəflərin mövqeləri beynəlxalq diskursda siyasi fayda axtarışına səbəb olur. II Dünya Müharibəsində ən çox zərər çəkən xalq kimi yəhudilərin mövqeyi, nəticə etibarilə, Rusiyanın İsraillə münasibətlərində də rol oynaya bilər; belə ki, V. Putinin bu narrativin SSRİ-yə məxsus olduğunu inandırmaq üçün İsrailin yardımına ehtiyacı yarana bilər.
Rusiya Suriyada hərbi bazalarını saxlamaq istəyir və bu, Suriya tərəfindən mümkün görünür; Rusiya bazalarının Suriyanı İsraildən qoruması və B. Əsədin Suriyaya verilməsi məsələsi geniş müzakirə mövzusudur. Əgər B. Əsəd məsələsi gündəmə gəlsə və Rusiyanın Suriyanı müdafiə etmək ambisiyası tək qalsa, bu, İsrail üçün ciddi problemlər yarada bilər. Suriyada İsrailə qarşı vuruşan Rusiya vasitəçiliyi ilə İran arasında balansın saxlanması anlaşılmazdır.
Rusiya İsraillə Azərbaycanın münasibətlərinin dərinliyini yaxşı bilir. V. Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin İran XİN naziri Əraqçı ilə görüşü ilə eyni vaxtda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfovun da Tehranda A. Əraqçı, İran prezidentinin siyasi məsələlər üzrə müşaviri, İranın Rusiyadakı keçmiş səfiri Mehdi Sənayi və XİN nazirinin müavini Kazım Qəribabadi ilə görüşməsi həmin kontekstin müzakirə edildiyini göstərir. Bu, həmçinin İran tərəfindən İsrail mövzusunun Azərbaycanla əlaqələr çərçivəsində gündəmdə ola biləcəyinə işarədir. Əlbəttə, İranın özünün Azərbaycana dair gündəliyi vardır, lakin İranın qeyri-sabit mövqeyi həmin gündəliyin reallaşmasına hələ imkan vermir.
Verilən müşahidələrə görə, İran XİN-in rəhbərliyi və müavinləri uzun müddətdir regional məsələlərdə erməni maraqlarına yaxın tutum sərgiləyiblər; bu kontekstdə X. Xələfov həmin şəxslərlə görüşməyib və görünür İran səfər proqramını özü tərtib edib. K. Qəribabadi regional mövzularda daha fəal olan bir müavin kimi tanınır və onun X. Xələfovla tərəfdaşlığı İranın nüvə proqramı məsələlərinin də Azərbaycanla masaya qoyula biləcəyini göstərir. İran-İsrail-Rusiya-Azərbaycan dördbucaqlısında maraqlı dinamik proseslər baş verə bilər və hər hansı an böyük hərbi əməliyyatlara səbəb ola biləcək risklər mövcuddur.
İran belə geniş tənzimlənməyə hazırdırmı? İlk növbədə İranın davranışı yenilənməlidir. İndiyədək Tehran əsasən dualist siyasət yürüdüb; hazırkı dövrdə isə trializm əlamətləri müşahidə olunur. İsrailin Rusiya ilə münasibət qurduğu məqamda üçüncü bir qat - İran-ABŞ arasında gedən gizli danışıqlar - prosesi daha da mürəkkəbləşdirir. ABŞ-ın İranda rəsmi tərəfdarları var və onların Qəzzadakı barışığa dəstək aksiyası ilə öz güclərini nümayiş etdirdikləri görünür. Bu şəraitdə İranın ərəb dövlətləri ilə arxa planda təsirli münasibətlər qurması çətin görünür; ancaq arxa planda Türkiyə ilə təsirli fəaliyyət mümkündür. Dualizm, trializm və bəlkə də kvadrizm İrana məxsus xarakterik yanaşmalardır.
Gilan RLS məhv edilməlidir.
Bugünkü İranı yalan, blef, şər və böhtan imperiyası kimi xarakterizə etmək mümkündür; danışıqlara gedən Tehran bundan əl çəkməlidir. İran özünün birdən-birə və ya tədricən tərksilah olunması üzrə variantlarını hazırlamalıdır. Heç bir dövlət nüvəli, raketli və PUA-larla təchiz olunmuş İslam Respublikasını danışıq tərəfdaşı kimi qəbul etməyəcək. Bu baxımdan ən məqbul yol ABŞ ilə birbaşa danışıqlardır. ABŞ bir neçə modeldə İranın tərksilahını təklif edə bilər və bu modellərdən İran üçün ən minimal itki ilə olan variantların seçilməsi rasionaldır. İran vaxtilə təklif olunan konsensus diplomatiyasına uyğun hərəkət edə və ABŞ-a İrana variant verməyi təklif edə bilər. ABŞ-ın indiki reallığında təklif edəcəyi model İrana ən az itki gətirən variant olmağa meyllidir.
Ən etibarlı variant ABŞ prezidenti ilə İranın ali rəhbəri arasında birbaşa danışıqdır. Qərb ölkələrində İran ali rəhbərinin hakimiyyətə təsir və vəziyyətə nəzarət qabiliyyətinə olan sarsılmaz inam bu məqamı mühüm edir; lakin bu resurs da tükənə bilər. Səudiyyə Ərəbistanında, Qətərdə və digər vasitəçilər vasitəsilə ABŞ prezidenti D. Trampla S. Ə. Xamenei arasında görüşlər keçirilməsi və bütün mövzuların müzakirə olunması mümkündür; belə görüşlər Azərbaycan Respublikasında da təşkil edilə bilər. Əslində belə təkliflər əvvəllər də gündəmə gəlmişdi.
İranda anti-Azərbaycançılıq hətta İran dövlətçiliyinin qorunmasından daha üstün tutulduğuna görə Azərbaycanın adı İranda müsbət kontekstdə az hallanır. İranın Azərbaycana təklif etdiyi iqtisadi əməkdaşlıq çox vaxt Azərbaycanın imkanlarından istifadəyə yönəlib; digər dövlətlərlə müqayisədə İranın məhdud imkanları bunu şərtləndirir. Azərbaycan üzərindən İran-ABŞ münasibətlərinin daha sürətlə formalaşması mümkündür: “İrandakı azərbaycanlı” faktoru bu baxımdan vacibdir. İran İslam İnqilabı bu faktoru dağıtsa da, Qərbdə azərbaycanlılar İran kontekstində üstün, təmiz və güclü xalq kimi tanınırlar; bu, Vaşinqton üçün etibarlılıq mənbəyi ola bilər.
İran ilk növbədə qonşu müsəlman dövlətlərlə münasibətlərini normallaşdırmalıdır. Ermənistanla münasibətlər Qərbdə inam yaratmır və İrana qarşı vasitə kimi qiymətləndirilə bilər. Ermənistan faktoru İranın qonşuları ilə münasibətlərində problemli element - “ala qarğa” rolunu oynayır.
İran öz inkişaf modelini müəyyən etməlidir. Bunun üçün yalnız Biləsuvarda (Ərdəbildə) yaradılmış Azad İqtisadi Zona kifayət deyil; hətta əvvəllər yaradılmış və bugün də uğurla fəaliyyət göstərən Araz Azad İqtisadi Zonanın genişləndirilməsi zəruridir. Gilan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və hətta Həmədan ostanlarının bu təşəbbüslərə inteqrasiyası nəzərdən keçirilməlidir. Yeni yaradılan Azad İqtisadi Zona Qərb investorları üçün əlavə risk yaratmamalıdır. Azərbaycan Respublikası və Prezident İ. Əliyev bu imkanlardan istifadə edərək geniş iqtisadi layihələr üzərində işləməlidir. Əks halda başqa variant müharibədir və müharibənin tarixini proqnozlaşdırmaq hal-hazırda çətindir.