30.07.2025 17:25
Dövlət qurumlarında 162 milyon manat əsassız ödəniş aşkarlanıb
2025-ci ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib.
XəzərNews.az Nazirliyin yaydığı rəsmi məlumata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 162 milyon 11,12 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, ilkin maliyyə nəzarəti çərçivəsində isə 10 milyon 220,8 min manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.
“Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85 milyon 240,02 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.
Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinə əsasən 2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24 təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76 milyon 771,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib və müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
Yoxlamalar zamanı, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması və nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərilib”, - məlumatda deyilir.
Xəbər 182 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|