19.08.2025 11:10
“Zəngəzur koridoru”nun “Tramp koridoru”na çevrilməsinin səbəbkarı yalnız İrandır - TƏHLİL
Zəngəzur koridoru ilə Azərbaycanın anklav Naxçıvana kommunikasiya probleminin həllində İranın yeganə bir məqsədi olub. Ermənistan -Azərbaycan münaqişəsinin sönməməsinə və ya permanent davamına nail olmaq.
Bunun üçün əlində iki rıçaq var:
1.Yubatmaq, bəlkə yeni hallar yarandı.
2. Kommunikasiya SSRİ dövründəki kimi işləməməlidir. Ermənistanın daxilindən keçməlidir, o zaman sərhəd yoxlamaları olmasa da indi olmalıdır. Erməni sərhədçisi Azərbaycan vətəndaşı ilə təmasda olmalıdır. Bu hal daimi gərginlik mənbəyi ola bilər.
Azərbaycan isə əksinə SSRİ dövründəki kimi işləməsi üçün hər cür təminat verməyə, istənilən şərait yaratmağa hazır olduğunu dəfələrlə bildirmişdi. Bu texniki cəhətdən də mümkündür. O yolu Azərbaycan maliyyələşdirə və xüsusi konstruksiya ilə tikə bilərdi.
İranın nöqteyi-nəzərində ümumilikdə Qafqazı 200 il bundan əvvəl itirib. O zaman çar Rusiyası güclü idi, indi Rusiya Ukrayna ilə müharibəyə başı qarışıb. Rusiya zəifdir və Qərb bundan sonra da zəif halda saxlayacaq. O Ermənistan və Azərbaycan arasında münaqişə yaratmaqla özünün hərbi müdaxiləsinə, Ermənistanın işğalına, sonradan Naxçıvanı ilhaq etməsinə və nəticədə qalan Azərbaycan və sonradan Qafqazın digər ərazilərini öz tərkibinə qaytaracaq. İran bunun üçün dinc variantları rədd edir.
İran mütləq permanent konfliktogenlik halının davam etməsində maraqlıdır. 44 günlük müharibə qurtaran ərəfədə də İran başa düşdü ki, hərbi yolla Ermənistana kömək edə bilməyəcək, çünki Azərbaycanın hərbi gücü qədər bəlkə də siyasəti 44 günlük müharibədə daha həlledici idi. Türkiyə və Pakistan Azərbaycanın yanında idi. Gürcüstan ərazisində azərbaycanlıları İran iki dəfə ermənilərə, erməni yük maşınlarına hücuma təhrik edə bildi.
Türkiyə prezidenti R.T.Ərdoğan sonuncu dəfə Azərbaycandan qayıdarkən Zəngəzur koridoru ilə bağlı “uduş-uduş” variantını qoymuşdu. Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlunun Zəngəzur koridoru, Araz koridoru ilə bağlı verdiyi pozitiv açıqlamalar dəfələrlə İran ekspertləri tərəfindən söyüşlə qarşılanmışdı. R.T.Ərdoğanın da ünvanına təhqir işlətmişdilər.
Araz koridorunu 99 illik Azərbaycana icarəyə verməklə bütün problemlər həllini tapmış olardı. “Tramp koridoru”na ehtiyac olmazdı. Əksinə, bu ideya ortaya çıxandan sonra İran Biləsuvar və Culfadan keçən Azərbaycan maşınlarına maneələr yaratmağa başladı.
Ermənistan-ABŞ-İran üçbucağında baş verən proseslərə diqqətlə yanaşmaq indi daha vacibdir. Bu N.Paşinyanın M.Pezeşkianın səfər etdiyi günü xalqa müraciətində özünü aydın göstərdi. N.Paşinyan Amerika şirkətləri “Tramp koridoru”nu ölçüb-biçmək üçün regiona gəlməzdən əvvəl Ermənistanla Azərbaycan arasında məhz həmin ərazinin delimitasiyasını tələb edir və “200 km2 ərazisini Azərbaycan işğal edib və o ərazidən də Azərbaycan hərbçiləri çıxmalıdır” ideyasını aktuallaşdırır. Əslində Zəngəzur dağı ətrafında Azərbaycan hərbçilərinin olmasının 2020-ci il 10 noyabrda “centlmen razılaşması” olduğunu unudur. RF-lə nə danışmasından asılı olmayaraq indi ABŞ-ı Azərbaycanın üstünə qızışdırmağa çalışır. Azərbaycanın təbii ki, əlində buna cavab variantları var. İmzalanmış sülh müqaviləsinin bəndlərində belə vəziyyətləri həll etməyə müddəalar var, Azərbaycan da o yolu gedəcək.
Qərbi Azərbaycan İcması yeni aktivlikdə, tərkibdə işə başlayacaq. N.Paşinyanın uşaq yalanları ilə İran prezidenti M.Pezeşkianı və digər rəsmilərini, ABŞ ictimaiyyətini aldatmasının çox asan cavabı var. İran bunu bilsin. Rusiya İranla Ermənistanın sərhədində RF sərhədçilərinin dayandığını nəzərə almağı tələb kimi ortaya qoyub. ABŞ şirkətləri üçün də məhz həmin sərhəd ərazi lazımdır. “Tramp koridoru” RF sərhədçisinin dayandığı Ermənistan-İran sərhədindən başlamalıdır.
İran-Ermənistan cütlüyü Azərbaycanın, Rusiyanın, ABŞ, Türkiyənin və bütün sülh tərəfdarı olan qüvvələrin əleyhinə işləyiblər və bundan da sonra işləyəcəklər. Bu “müharibə cütlüyü” və ya “müharibə alyansı” dayandırılmalıdır və dayandırılacaq. İran həqiqətən Azərbaycanla Ermənistanın arasında sülhün tərəfdarıdırsa, Azərbaycanı tərk etmiş ermənilərin Qarabağa qayıtması ilə deyil, Qərbi azərbaycanlıların Ermənistana qayıtması ilə - İranın BMT-dəki təmsilçisi Səid İrəvaninin Azərbaycandakı nəslinin dədə-baba torpaqlarına qayıtması ilə məşğul olmalıdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 211 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|