Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


29.10.2025  16:02 

Ravvinlərin Bakı toplantısı niyə ləğv edildi?





A+  A-

Hələ aylar öncədən Avropa ravvinlərinin (oxu: hahamların) Bakıda böyük bir toplantısının keçiriləcəyi elan edilmişdi. Lakin İsrailin "The Jerusalem Post" qəzeti və "Ynetnews" saytı ötən gün məlumat yayaraq həmin toplantının ləğv edildiyini bildirdi.

Söhbət Avropa Ravvinləri Konfransının (CER) 3–6 noyabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan qlobal toplantısından, dünya sammitindən gedir.

İsrailin baş ravvinləri David Yosef və Kalman Ber`in, eləcə də Diaspor və antisemitizmlə mübarizə naziri Amihay Şikli və Mədəni irs naziri Amihay Eliyahunun da iştirakı nəzərdə tutulan bu qlobal toplantıda Avropa ölkələri ilə yanaşı, həmçinin ABŞ və digər ölkələrdən də ravvinlər, dini liderlər, siyasətçilər və ictimai xadimlər də olmaqla təxminən 600 nəfərin iştirak etməsi planlaşdırılırdı.

Tanınmış ravvin Pinças Qoldşmidtin rəhbərliyi ilə 2025-ci il 3-6 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan bu toplantıda din azadlığı, antisemitizm, "İbrahim sazişləri" və digər məsələlərin müzakirəsi planlaşdırılırdı.

Toplantının təşəbbüskarları və təşkilatçılarının bu tədbirin hazırlanması üçün öncədən böyük bir maliyyə vəsaiti (ianə) topladıqları da bildirilir.

Hahamların qlobal Bakı toplantısı müsəlman ölkəsində keçiriləcək ilk belə böyük miqyaslı yəhudi konfransı olacaqdı.

Lakin son hazırlıqların görüldüyü bu tədbir qəfil surətdə ləğv edildi.
"Ynetnews" saytı yazır ki, Avropa Ravvinlər Konfransının rəhbərliyi Bakıda planlaşdırılan toplantını təhlükəsizlik narahatlıqları səbəbilə ləğv edib.

Lakin əsl həqiqətdə isə bu qərarın təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Bunu təhlükəsizlik faktoru ilə izah etmək düzgün məlumat deyil. Çünki Bakı hazırda dünyanın ən təhlükəsiz şəhərlərindən biridir və indiyə qədər paytaxtımızda keçirilən beynəlxalq miqyaslı tədbirlərin heç birində ciddi insident qeydə alınmayıb. Bu baxımdan ravvinlərin sammitinin təhlükəsizliyi də heç şübhəsiz ki, tam şəkildə təmin ediləcəkdi.

Odur ki, tədbir İsrail mediasının məlumat verdiyi kimi təşkilat komitəsinin qərarı ilə yox, əslində, rəsmi Bakının öz qərarı ilə ləğv edilib. Hər halda bu, daha ağlabatan versiyadır.
Bu qərar bir neçə regional və geosiyasi amillərlə bağlıdır. Azərbaycan da həmin reallıqları nəzərə alaraq bu addımı atıb. Yəni ki, bu qərar yaranmış yeni şəraitin rasional, soyuq ağılla dəyərləndirilməsinin nəticəsidir.

Birinci səbəb budur ki, Bakıda belə bir tədbirin keçirilməsi zaman baxımından Qəzzada törədilən qırğınlara görə İsrailin və bu ölkənin baş naziri Beniamin Netanyahunun bütün dünyada neqativ imic qazandığı bir vaxta təsadüf edirdi. Belə bir kritik məqamda hətta dünyanın dörd bir yanından yüzlərlə görkəmli yəhudi xadimləri də bu günlərdə İsraili boykot etməyə çağırırlar.

Belə ki, keçmiş İsrail rəsmiləri, "Oskar" mükafatı laureatları, yazıçılar və ziyalılar daxil olmaqla, dünyanın hər yerindən 450-dən çox görkəmli yəhudi xadimi Qəzzadakı soyqırımla əlaqədar BMT-yə və dünya liderlərinə ünvanlanmış məktubda İsraili boykot etməyə çağırıb.

Sözügedən məktubun müəllifləri dünya liderlərini BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin və Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına hörmət etməyə, İsrailə silah tədarükündən çəkinməyə, Netanyahuya və onun komanda üzvlərinə ünvanlı sanksiyalar tətbiq etməyə, Qəzzaya yetərli humanitar yardım göstərməyə, sülh və ədalət hərəkatının fəallarına qarşı irəli sürülən antisemitizmlə bağlı yalan ittihamları təkzib etməyə çağırıblar.

Bu elə bir məktubdur ki, Azərbaycan hökuməti bu müraciətə göz yuma bilməzdi. Çünki həmin məktubu imzalayan şəxslər ravvinlərdən də daha nüfuzlu, daha məşhur şəxslərdir. Və onların dünya birliyinin mövqeyinə, ictimai rəyə təsir imkanları var. İctimai rəy isə hazırda İsrailin və Netanyahunun əleyhinədir. Rəsmi Bakının bu reallığı nəzərə almaması ölkəmizi dünya birliyinin qınaq hədəfinə çevirə bilərdi. Yəhudi xadimlərinin dünya birliyini İsraili və Netanyahunu boykot etməyə çağırdığı bir məqamda Azərbaycanın israilli nazirlərin də iştirak etdiyi ravvinlər toplantısına ev sahibliyi etməsi əsla düzgün başa düşülməzdi (yeri gəlmişkən, bundan əvvəl Avropa Ravvinləri Konfransının Bosniya-Herseqovinada planlaşdırılan eyni tipli toplantısı da məhz beynəlxalq və yerli ictimaiyyətin kəskin reaksiyasından sonra təxirə salınıb).
Ravvinlərin Bakı toplantısının təxirə salınmasının ikinci səbəbi də bu və ya digər şəkildə yenə də Qəzza ilə bağlıdır. Bildiyiniz kimi bugünlərdə dünya mediasında belə bir məlumat yayılmışdı ki, Azərbaycan və İndoneziya sülhməramlıları Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində Qəzzada təhlükəsizliyi qorunmasında və humanitar yüklərin çatdırılmasında iştirak edəcəklər. Bəzi mənbələr isə hətta bildirirdilər ki, Azərbaycan və İndoneziya sözügedən Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin rəhbərliyini öz üzərinə götürə bilər.

Ancaq hal-hazırda Qəzzada vəziyət get-gedə yenidən gərginləşməkdədir. ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə əldə edilmiş atəşkəs razılaşması həm İsrail ordusu, həm də HƏMAS tərəfindən tez-tez pozulur. Bu isə o deməkdir ki, Azərbaycan sülhməramlılarının həyatı Qəzzada hər an təhlükə altına düşə bilər. Çünki Azərbaycan dünyada bitərəf ölkə kimi deyil, İsrailin yaxın müttəfiqi kimi tanınır. Və bunu HƏMAS yönəticiləri də yaxşı bilir. Qəzzada gərginliyin yenidən artmağa başladığı belə bir kritik məqamda Bakıda Netanyahu hökumətinin iki nazirinin də iştirak edəcəyi ravvinlər toplantısının keçirilməsi Azərbaycanın sülhməramlı ölkə kimi neytrallığını, ümumiyyətlə, şübhə altına ala bilərdi.

Odur ki, belə bir durumda ən optimal yol sözügedən ravvinlər toplantısının ləğv edilməsi idi.

Toplantının ləğvini qaçılmaz edən digər amillər də var...

Bəybala Mirzəyev

Xəbər 239 dəfə oxunub.



29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +