13.10.2025 12:47
İranda ali rəhbərlik və prezident institutları arasında qarşıdurma - TƏHLİL
İran İslam Respublikası yarandığı gündən özünü İslam prinsipi ilə respublikaçılıq prinsipləri arasında bağlayıcı rol kimi təqdim edib: İran həm dini, həm də demokratik-dünyəvi qaydalarla idarə olunub. Bu, İslam inqilabının və respublikaçılığın banisi S.R.Xomeyninin ideyası idi. Bəlkə də, ABŞ-ın maraqlarını təmin etmək məqsədilə bu ideyanı ortaya atmışdı. Qərb tipli respublikaçılıq daha çox ABŞ modelinə bənzəməli idi. Ona görə də prezident institutu yaradıldı.
İran İslam Respublikasının tarixində həm prezident, həm də ali rəhbər vəzifəsində çalışmış bir şəxs olub - indiki ali rəhbər S.Ə.Xamenei. O, dini təbliğatın bütün mərhələlərini keçib, ciddi uğurlar qazandıqdan sonra dövlət idarəçiliyinə qayıdıb. Müxtəlif vəzifələrdə, o cümlədən müdafiə naziri və prezident kimi fəaliyyət göstərib. İran İslam inqilabının banisi S.R.Xomeyni dünyasını dəyişdikdə, böyük mübahisələrə baxmayaraq, S.Ə.Xamenei ali rəhbərlik postunu ələ ala bildi.
Bu şəxsin daxili aləmində həm prezidentlik, həm də ali dini liderlik ideyası yanaşı mövcuddur. Bəlkə də, İran prezidentlərinin ən böyük problemi də məhz bu məsələdədir. Çünki İranda indiyədək uğurlu prezident olmayıb. Ola bilər ki, vaxtilə terror hadisələrində öldürülənlərdən kimsə sağ qalsaydı, hadisələr başqa istiqamətdə inkişaf edərdi.
Son dövrlərin prezidentləri - Hatəmi, M.Əhmədinecad, H.Ruhani və İ.Rəisinin dövründə baş verənlərin təhlili göstərir ki, ali rəhbər prezidentlik institutuna öz prezidentliyinə alternativ kimi yanaşır.
Ali rəhbərin prezidentlik institutuna münasibəti M.Pezeşkianın dövründə dəyişdi. M.Pezeşkian ali rəhbərin nöqteyi-nəzərincə prezident olmamalı idi. Əvvəlcə onun namizədliyinə ali rəhbər icazə verməmişdi. Lakin indi M.Pezeşkian prezident seçilərkən, ali rəhbərin razılığının səbəbi bəlkə də onun Urmiya ilə bağlılığı idi. Urmiya azərbaycanlılarla kürdlərin birgə yaşadığı, sünni və şiə məzhəbləri arasında ciddi nisbət fərqi olmayan regiondur.
M.Pezeşkiyanın prezidentliyini həm pozitiv, həm də destruktiv istiqamətdə inkişaf etdirmək olardı. Ehtimal ki, ali rəhbər bu məqamı nəzərə alaraq onun prezidentliyinə razılıq verdi. Lakin İranda vəziyyət qısa müddətdə pisləşdi. M.Pezeşkiana dini və etnik zəmində qarışıqlıq salmağa ehtiyac qalmadı. Əksinə, onun potensialı həm milli, həm də məzhəb zəminində barışdırıcılığa yönəlməlidir. Hazırda ali rəhbər M.Pezeşkianın prezidentliyinə dəstək verir.
Ali rəhbərliyin geostrategiyası və İranın əsas idarəçilik sistemi prezidentlik idarəçiliyindən fərqlənir. Prezidentlik idarəçiliyi məhduddur - konstitusiyaya əsasən prezident iki müddətdən (yəni 8 ildən) artıq seçilə bilməz. Amma ali rəhbərlik ömürlükdür. Bu isə dövlət idarəçiliyində ciddi problem yaradır. İranın ali rəhbəri və onun ofisi həmişə prezidentlərə maneələr törədiblər.
İranın prezident və ali rəhbər institutları arasında İsrail mövzusuna münasibətdə də böyük prinsipial fərq mövcuddur. Üzə çıxan detallar göstərir ki, ali rəhbərin ofisində təhtəlşüur səviyyəsində İsraillə əlaqələr mövcuddur. Hətta demək olar ki, ali rəhbərin ofisinin ərəblərə və müsəlmanlara münasibəti ilə İsrailin münasibəti arasında ciddi fərq yoxdur.
İslam inqilabının təməlində Amerika amili dayanır. İnqilabın banisi Xomeyni cəmi bir neçə ay Fransada yaşamış, sonra isə ABŞ-ın xüsusi xidmət orqanlarının dəstəyi ilə İrana gətirilmiş və müəyyən müddət qorunmuşdu.
M.Əhmədinecadın dövrü hay-küylü hadisələrlə yadda qalıb. Onun Vatikanda Roma Papasının qəbulunda sutkalarla oturması barədə məlumatlar var. O, dünyanı iki hissəyə - İslam və Xristian dünyasına bölmək istəyirdi. Sonrakı prezidentlərin fəaliyyətində isə daha praqmatik siyasət üstünlük qazandı. Nəticədə, prezidentlər ali rəhbər tərəfindən cəzalandırıldılar.
İran prezidentləri Rusiya ilə münasibətləri normal əməkdaşlıq çərçivəsində dəyərləndiriblər. H.Ruhani prezident olarkən Azərbaycanla əməkdaşlığa böyük önəm verirdi. Xəzər dənizində iki yatağın birgə işlənməsi onun təşəbbüsü idi. Astarada (İran) 30 hektar ərazinin Azərbaycanla 50/50 nisbətində bölünməsi də onun dövründə imzalanmış sənədlə təsdiqlənmişdi. Bu, ona bağışlanmadı.
Tarixən İranla Azərbaycan arasında torpaq mübahisələri mövcud olub. H.Ruhaninin imzası ilə 15 hektar ərazinin Azərbaycana “bağışlanması” kimi təqdim edilən məsələ də onun əleyhinə çevrildi.
H.Ruhaninin “qüsuru” onun Rusiyaya isti münasibəti idi. O, bütün dövlətlərlə, o cümlədən Qərb ölkələri ilə də normal əlaqələrin tərəfdarı idi. Lakin sanksiyalar buna mane olurdu. Rusiya ilə münasibətlərdə bir qədər irəli getməsi, xüsusilə Aktauda Xəzərin hüquqi statusu ilə bağlı qəbul edilmiş Konvensiyanın imzalanması, ali rəhbər və onun ofisi tərəfindən “xəyanət” kimi dəyərləndirildi.
Bu konvensiya Rusiyaya Xəzərdə hərbi üstünlük qazandırırdı. H.Ruhaninin siyasəti ali rəhbərin ofisinin xoşuna gəlmədiyinə görə, o, daim tənqid olunurdu. Onun süd qardaşı, İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri mərhum Firudin Abbasinin korrupsiya ittihamı ilə həbs olunması da H.Ruhaninin qohumu olması ilə əlaqələndirilirdi.
Ali rəhbərin ofisinin təhtəlşüuru İ.Rəisinin dövründə daha aydın şəkildə özünü göstərdi. Onun komandasının təsdiqi ali rəhbər tərəfindən azı 6 ay yubadılmışdı.
İ.Rəisi Kremldə namaz qılmış ilk müsəlman, BMT-də Qasım Süleymaninin portretini qaldıran ilk İran prezidentidir. Ciddədə Qəzza mövzusunda ən emosional və dolğun çıxışı da o etmişdi. Lakin onun Rusiya istiqamətindəki addımları ali rəhbərin xoşuna gəlmədi.
İ.Rəisinin prezidentliyinin ən vacib məqamlarından biri İranın İsrailə qarşı siyasətinin saxta olduğunu ifşa etməsi idi. RF prezidenti V. Putin birbaşa görüşdə ona “İsrailə hücuma keçin, mən arxanızdayam” təklifini vermişdi. İ.Rəisi razılaşdı və bu, qısa müddət İran mediasında təbliğ olundu. Daha sonra ali rəhbərin ofisi Rusiyanın təklifini rədd etdi.
İranın bu ilin oktyabrında İsrailə öz ərazisində hərbi əməliyyat aparmağa icazə verməsi də bunun bariz sübutudur. İran təbliğat vasitəsilə Rusiyanı İsrailin gözündən salmağa çalışdı. Livandan Hizbullahın İsrailə atdığı bütün raketləri İran mediası “Katyuşa” kimi təqdim edirdi. “Katyuşa” artıq İsrail-Livan münasibətlərində bir şüara çevrilmişdi. İran mənbəyi də göstərirdi ki, bu silahlar vaxtilə SSRİ və ya Rusiyanın Suriyaya verdiyi, sonradan isə Hizbullaha ötürülən raketlərdir.
İ.Rəisinin bu siyasəti, ehtimal ki, Qərb ilə İranın SEPAH təşkilatı arasında müzakirə mövzusu olub. Onun helikopteri qəzaya düşəndə, SEPAH axtarış işləri aparmaq əvəzinə dərhal ABŞ-a məlumat verərək müəyyən detallar istədi. Helikopter məhv olduqdan sonra hər hansı detalın alınması əhəmiyyət daşımırdı - bu, sadəcə xəbərdarlıq mesajı idi. ABŞ isə aydın cavab verdi və SEPAH bundan sonra susdu.
İ.Rəisinin axtarış işlərinə Türkiyənin “Akıncı” PUA-sı qoşuldu və məhz o, qəza yerini tapdı. “Akıncı” İran ərazisinə girdikdən sonra SEPAH da axtarışlara başladı.
İran qədər mürəkkəb və qəliz siyasət yürüdən ikinci bir dövlət yoxdur. Hətta iranlılar belə, öz dövlətlərini tam tanıya bilmirlər. Bizdə də bir qrup insan onların təsiri altına düşüb, amma azərbaycanlılara demək istəyirəm: İranı tanımaq üçün onun Xocalı siyasətini öyrənmək kifayətdir. İran Xocalı soyqırımını tanıyırmı? İran Xocalı soyqırımını törədənləri hansı məbləğdə mükafatlandırıb?!
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1293 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|