“Əgər 70 yaşlı anama və və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat, tikinti maqnatı, un bazarında monopolist, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır. Onun qanunsuzluğuna, özbaşınalığına “dur” deyə bilmədiklərinə görə!”
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Aytən Məmmədova çıxış edib.
A.Məmmədova bildirib ki, anasının mənzilinin divarına bitişik beşmərtəbəli binanı söküb tökürlər başlarına:
“Heç bir şişirtmə-filan yoxdur. Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Qaldırıb texnikanı qoydular binanın başına. Düşündük ki, insandılar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəsiz olduğunu qanarlar. Amma yox. Anamgil yatdığı yerdə gurultu qopup. Yuxarıdan bunlar sökməyə başlayanda tökülüb damın üstünə. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…
O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldular, dayandırdılar.
Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədir. 70 yaşlı adam qorxu içində yaşayır ki, bina uçurulacaq başımıza…
Ən əsası, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var. O qərarın bunlar üçün qara qəpiklik dəyəri yoxdursa, deməli, səbəbkar da nazir özüdür.
Bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Deməli, möhkəm yerə bağlıdır. Fikirləşirlər ki, kiməsə nəsə olsa da, canı cəhənnəmə…
Adamlar nə istəyir? Anamın cəmi 50-55 kvadrat evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib.
Qasımovlar cəmi bir küçə aşağıda “Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadrat metrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadrat metri 2100 manatdan alıb. Bu hansı insafa, vicdana sığar?
Anamın evinin yeri çox yaxşıdır, deyirlər ki, guya orada ev tikilməyəcək, məktəb olacaq. Belə eşitmişik ki, arxa tərəfdə tikəcəkləri binalara görə burada özəl məktəbi bunların üzərinə “şapka” qoyublar. Bu da sakinlərin problemi deyil. Kimsə gələcəkdə pullu məktəbdən yaxşı gəlir götürəcək deyə, indi adamları qırmalısız?”
Xəbər 113 dəfə oxunub.