31.01.2025 15:42
Yeni yol və körpülər harda salınır?
Xəbər verdiyimiz kimi, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsü tikiləcək”.
Eyni zamanda proqrama əsasən, Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsi təkmilləşdiriləcək.
Həmçinin Dövlət Proqramında qeyd edilib ki, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək.
Maraqlıdır, bu layihələrin icrası zamanı sıx məskunlaşmanın olduğu Xırdalan şəhərində hansı ərazilər plana düşəcək? Layihələrin icrası zamanı mövcud tikililər, ev və obyektlərin taleyi necə olacaq?
Məsələ ilə bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfi Bakupost.az-a açıqlamasında bildirdi ki, hazırda bu məsələlərlə bağlı layihələndirilməsi işləri gedir:
"Ona görə də hələ ki nəsə deyə bilmərəm".
Nəqliyyat eksperti Elməddin Muradlı isə Bakupost.az-a açıqlamasında bildirdi ki, marşrut üzrə müəyyən obyektlərin sökülməsi qaçılmazdır:
“Çünki söhbət yaşayış məntəqələrindən gedirsə, orada həm yaşayış, həm də qeyri-yaşayış obyektləri var və onların köçürülməsi mümkündür. Proqrama diqqət edəndə görürük ki, orada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Arxitektura Komitəsi, və digər aidiyyəti qurumlar iştirak edir.
Deməli, söküntü prosesi həyata keçiriləcək. Yaşıllaşdırma sahələri və obyektləri, ağaclar və ya parklar da plana daxil edilə bilər. Ağacların kəsilib doğranmadan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi texnikası vasitəsilə başqa yerlərə köçürülməsi təmin ediləcək. Sənəddə hər bir işin icra müddəti, icraçı qurumlar və görüləcək tədbirlər əksini tapıb. Buna görə də sənədlə diqqətlə tanış olduqda görürük ki, bəzi ərazilərin sökülməsi, müəyyən obyektlərin köçürülməsi və yerlərinin dəyişdirilməsi planlaşdırılıb. Növbəti mərhələlərdə aidiyyəti qurumlar bu barədə ətraflı açıqlama verəcək. İndiyə qədər də oxşar layihələr həyata keçirilib və icra edilib. Hesab edirəm ki, heç kim də narazı qalmayıb və bu dəfə də narazı qalmayacaq”.
Ekspertin sözlərinə görə, Şamaxı istiqamətində yeni yol çəkilərsə, Sulutəpə də bu plana daxil ediləcək. Xüsusilə, "At yalı" adlanan ərazidə müəyyən yaşayış sahələri plana düşəcək:
“Yeni yolların yaşayış məntəqəsindən keçməsi gözləniləndir. Xırdalan ərazisində yol yüzdə-yüz yaşayış məntəqələrindən keçəcək. Həmçinin Bakı-Quba yolu istiqamətində də. Şamaxı istiqamətində yol çəkiləcəksə, o zaman o, Sulutəpədən keçəcək. “At yalı” adlanan bəzi ərazilərdə yaşayış evləri plana düşəcək. Yeni plana əsasən, Xırdalanın içindən tək bir yox, bir neçə marşrut keçəcək. Buna görə də söküntü qaçılmazdır”.
Ekspert həmçinin Masazır qəsəbəsində mövcud yol infrastrukturunun acınacaqlı vəziyyətdə olduğunu bildirib:
“Masazırın içi bərbad vəziyyətdədir. İndiyə qədər orada nə tikinti, nə də şəhərsalma normalarına riayət edilib. Bələdiyyə və icra hakimiyyəti birləşərək torpaqları satıb yeyiblər. Evlər bir-birinin içindədir. Ümumiyyətlə, yol infrastrukturu olduqca yararsızdır - bir zolaq gedən, bir zolaq gələn yol var. İnanın ki, ən ucqar kəndlərdə belə bu cür yollar saxlamırlar, amma Masazırın içində bu vəziyyətə göz yumulub. Niyə? Çünki icra hakimiyyəti, bələdiyyə və maklerlər daha çox pul yemək istəyiblər və nəticədə hər qarışı satıblar. Masazır digər qəsəbələrlə müqayisədə hələ guya daha bahalı və nisbətən elitbir ərazi hesab olunur. Sulutəpəni ümumiyyətlə, elə günə qoyublar ki, hal-hazərda AYNA ora avtobus ayıra bilmir. Səbəb isə yolların dar olması və avtobusların manevr edə bilməməsidir. Hazırda cənab prezidentin təsdiqlədiyi dövlət proqramında bu məsələ də öz əksini tapır ki, zəbt olunmuş səkilər təmizlənsin və vətəndaşların istifadəsinə qaytarılsın. Mən çox istərdim ki, bu səkiləri qanunsuz şəkildə satan, orada tikintiyə, ticarət obyektlərinin inşasına icazə verən şəxslər də müəyyənləşdirilib məsuliyyətə cəlb edilsinlər. Zəhmət çəkib yığdıqları pullardan indi gəlib həmin obyektlərin sökülməsi üçün dövlətin ödəyəcəyi kompensasiyanı qarşılasınlar”.
Xəbər 1090 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|