Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
Naxçıvanda milyonluq layihələri olan şirkət icra hakimiyyətindən 200 min ala bilmir QALMAQAL
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin“
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb


12.01.2025  21:35 

Azərbaycanda məmur əxlaqı və “Siyasətnamə”!





A+  A-

Bugünlərdə ölkə mətbuatı Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Səhhət Həbibbəylinin 2018-ci ildə vəizfəyə təyin olunduqdan sonra 4 il ərzində milyonlarla dollar dövlət vəsaitini hər ay necə çırpışdırıb, mərkəzləşmiş qaydada Talıbovlara verdiyi haqda istintaqa ifadəsini yayıb

Xatırladaq ki, S.Həbibbəyli gömrük xidməti general-leytenanatı olmaqla yanaşı, həm də AMEA prezidenti, 20 il Naxçıvandan deputat olmuş və naxçıvanlıların da çox yaxşı tanıdığı İsa Həbibbəylinin oğlu, Nazirlər Kabineti Aparatının şöbə müdiri Ərəstü Həbibbəylinin qardaşıdır.

Bu ata-oğulun vaxtilə xidmətində, indi isə üzünə durduqları Vasif Talıbov isə, nə az-nə çox, düz 27 il Naxçıvanda hüdudsuz səlahiyyət və nəzarətsiz hakimiyyət sahibi olub. İndi özünüz bu talanın, yağmalanmanın və toplanan varidatın miqyasını rahatca hesablayın!

Əlbəttə, hüququn və əxlaqın üstün olduğu, qanunun və abır-həyanın gözlənildiyi dövlətlərdə və cəmiyyətlərdə bu faktların aşkarlanması siyasi təlatüm və inqilabi situasiya yaradar, kütləvi həbslər həyata keçirilər, ölkəni istefalar dalğası bürüyərdi...

Ancaq nə yazıq ki, istər “Rabitə işi, istərsə də “MTN işi”ndə olduğu kimi, elə bu “Naxçıvan işi”ndə də hüquqa tüpürüldüyü, qanunların ayaqlar altına atıldığı göz önündədir və əsas təqsirkarlar da dövləti şantaj edərək, zərrə qədər abır-həya gözləmədən, peyin dənləyən xoruzlartək, sinələrini önə verib, arsız-arsız hələ bir taladıqları, qanını sorduqları xalqa da rişxənd edrilər...

Təəssüf ki, nə dövlət üzərinə düşəni sonadək edir, nə cəmiyyət...

Dövlətin çəkingənliyi və cəmiyyətin laqeydliyi isə “məmur harınlığı” deyilən bir xəstəliyin - davranış nümunəsinin epidemiya, xərçəng şişi kimi yayılmasına təkan verərək, bütün idarəetmə aparatını da, cəmiyyəti də içdən sarır, çürüdür, şikəst və yarımcan hala salır!

Artıq Azərbaycan cəmiyyətində bu düşüncə hakimdir ki, qanun yalnız acizlər, kimsəsizlər, yoxsullar üçündür və “böyük oğrular”a dövlətin ya gücü yetmir, ya da niyəsə onların həbslərini istəmirlər: aşkarlanmış yeyintilərdə bir-iki nəfər yetimçəni tapıb, hər şeyi onların belinə yükləyəcək, milyardları talayıb ölkədən xaricə qaçıranlarısa bir bəhanə ilə aradan çıxaracaq, qoruyacaqlar...

İndi 4 ildir Ermənistan üzərindəki tarixi qələbəmizdən nə qədər ağızdolusu danışıb, öyünsək də, bir gerçəyi hamımız bilməli, dərk etməliyik: əgər bu ölkənin içərisində tezliklə səliqə-sahman yarada, ədalətli idarəetməni təmin edə və xalqın rifahını yaxşılaşdıra bilməyəcəyiksə, daha danışmağa dilimiz olmayacaq, o müqəddəs qələbəmizə də ləkə salacaq, cənnətə çevirmək istədiyimiz Qarabağ isə özü boyda qara bir daşa çevrilərək, başımıza düşəcək, bizi altında xıncım-xıncım əzəcək!

Biz Əmir Teymurdan daha qüdrətli fateh deyilik! O fatehlər fatehi Əmir Teymur belə, öz əyan-əşrəfinə tez-tez bu hikməti xatırladardı: “Məmləkətlər qılıncla fəth edilər, ancaq yalnız ədalətlə idarə olunar”!

Ədalətli idarəetmə isə, hər şeydən əvvəl, məmur əxlaqından, məmur davranışından, məmur nümunəsindən başlar!

Əgər məmur yüksək dövlət vəzifəsinə xalqa xidmət imkanı yox, varlanmaq mənbəyi və fürsəti kimi baxacaqsa, dövlətin verdiyi səlahiyyətləri sərvəttoplama və eyş-işrət vasitəsinə çevirəcəksə, məmur aparatı yüsək imtiyazlı quldur dəstəsindən başqa heç nə sayılmayacaq!

Heç olmasa, qoca tarixdən öyrənək, yaşanmışlardan ibrət alaq!

Qədim dönəmlərdə ağıllı padşahları xaricdəki düşmənlərindən daha çox, ona xidmət edən məmurların harınlığı, acgözlüyü narahat edərdi. Çünki o padşahlar hesab edərdi ki, onun təmsilçiləri varlanmaq üçün xalqı incidərsə, bu, xalqı narazı salmaqla düşmənin işinə yarayar, xalq hökmdarından üz çevirər, fitnəyə alət olar və ona qarşı qiyama təhrik edilər!

Elə bu səbəbdən də adil padşahlar xalqın haqlı şikayət etdiyi məmurunu, bütün xidmətlərinə baxmayaraq, elə xalqın gözləri önündəcə nümayişkaranə şəkildə dərhal ən ağır cəzaya məhkum edərdi!

Günümüzün mövzusuna ən ibrətamiz misallardan biri Səlcuq hökmdarlarının vəziri Nizamülmülkün “Siyasətnamə”sində yer alıb.

Olduqca diqqətçəkən haldır ki, vəzirlər vəziri Nizamülmülk o boyda kitabında “harın, görməmiş və zalım əmir” obrazında məhz hökmdarın Azərbaycan valisini və ona qarşı da mübarizədən usanmayan, qorxmayan bir azərbaycanlı ananı göstərib!

Yəni, daha konkret desək, Azərbaycanda məmur görməmişliyinin də, ona qarşı mübarizədə ana dirənişinin də çox uzun və qədim tarixi, həm də ibrətamiz aqibəti mövcuddur.

Hekayətin qısa və bizim də bəzi yekəbaş, yekəqarın və zırrama məmurlarımızı xatırladan məzmunu isə belədir:

“Qubad şah öldükdən sonra onun 18 yaşlı oğlu Ənuşirəvan taxta keçir. Ənuşirəvan daxilən nə qədər ədalətsevər və Allahdan qorxan olsa da, atasının vəzifələrə təyin etdiyi əyanlardan çox asılı idi. O, bir neçə dəfə məmurlarını rəiyyətlə xoş rəftar etməyə, camaatı incitməməyə, vergilərdən başqa haqq almamağa çağırsa da, əyanları onun çağırışlarını qulaqardına vururdular. Hətta bəzi əyanlar hesab edirdi ki, Ənuşirəvanı taxta elə onlar çıxarıblar, istədikləri vaxt taxtdan da sala bilərlər və bu səbəbdən padşah onların bütün cinayətlərinə göz yummağa məhkumdur...

Ənuşirəvan isə səbrlə dözür. Beləcə, 5 il keçir və Ənuşirəvan artıq idarəçilik təcrübəsi toplamaqla yanaşı, özünə sadiq əmirlərin də sarayda mövqeyini gücləndirir, əyanlarına növbəti və son çağırışını edir ki, xalqı incitməsinlər, şikayət olunan məmuru mütləq cəzalandıracaq.

Ancaq Ənuşirəvanın atasına xidmətdə ən məşhur, var-dövlətdə ən üstün sərkərdələrindən biri sayılan Azərbaycan valisi bu çağırışa məhəl qoymur, yenə də vilayəti öz bildiyi kimi idarə edir.

Vilayətin hər yerində özünə dəbdəbəli malikanələr tikdirən Azərbaycan valisi oturduğu şəhərin kənarında gözəl bir yerdə də saray inşasına qərar verir. Malikanə tikiləcək ərazi isə qoca və tək-tənha bir qarının torpağı olur. Onu nə qədər dilə tutsalar da, qarı deyir ki, bu yer onun ölmüş ərindən və övladlarından miras qalıb, satmır, elə buradaca da ömrünü başa vurmaq istəyir. Qarının inadını görən valinin adamları axırda zorla torpağı onun əlindən alırlar. Qarı da etməyib tənbəllik, validən şikayət etmək üçün Azərbaycandan düz Bağdadadək gəlib çıxır. Saraya buraxmasalar da, bir gün ovda qəfildən padşahın qarşısına çıxır və ona əmirlərindən şikayətçi olduğunu çatdırır.

Ədalətinə görə “Adil” adlandırılan Nuşirəvan sakitcə qarını dinləyir, onu qorumağı öz etibarlı əyanlarından birinə tapşırır, qarının şikayətinin əsaslı olub-olmadığını araşdırmaq üçünsə gizlicə Azərbaycana bir qulam göndərir.

Qulam 20 gün içərisində hər şeyi yerli-yataqlı öyrənib, gəlib, padşaha çatdırır. Azərbaycan əmirinin azğınlığı və harınlığı padşahı o qədər qəzəbləndirir ki, yuxusu ərşə çəkilir və elə səhərin gözü açılar-açılmaz həm Azərbaycan valisini, həm də bütün əyanları saraya çağırtdırır.

Azərbaycan valisini qapısının ağzındaca gözlətdirən Ənuşirəvan digər əyanlarla toplantıda, əvvəlcə, valinin var-dövlətini hesablatdırır. Bəlli olur ki, içlərində ən varlısıdır. Sonra da qarıya qarşı etdiyi zülmü xatırladır və ibrəti-aləm üçün fərmanını elan edir: “İndi istəyirəm, bunun dərisini soyub, içinə saman təpib saray qapısından asasınız, ətini itlərə yedirəsiniz və düz 7 gün də camaata car çəkəsiniz ki, bundan sonra bir məmur zülmlə birindən bir torba dən, bir cücə, bir dəstə göyərdi belə alsa, ondan şikayət edilsə, eyni aqibəti yaşayacaq!”

Ardınca da sarayın önünə səsi uzaqdan eşidiləcək bir zəng asdırır ki, məmurlardan şikayəti olan rəiyyət bundan sonra o zəngi çalmaqla, padşaha şikayətinin olduğunu birbaşa çatdıra bilsin.

Beləcə, Ənuşirəvan padşah bircə qətiyyətli addımıyla bütün əyanlarının canına qorxu salır və o gündən ölkədə məmur harınlığına və özbaşınılığına son qoyulur, xalq da adil padşah kimi, Ənuşirəvanı sevir, onun arxasında durur, hakimiyyətinin əbədi olması üçün dua edir”...

Elxan Şükürlü

Xəbər 45 dəfə oxunub.




11.01.2025  14:58 

Aparıcı Zaurun yeni biznesi

10.01.2025  23:51 

Balakəndə intihar hadisəsi olub

10.01.2025  17:31 

Daha bir tiktoker həbs edildi


BÜTÜN XƏBƏRLƏR +