13.10.2025 11:43
Telman İsmayılovun HƏDİYYƏSİ...
90-cı illərin əvvəlləri idi, bütün İttifaqda ara qarışıb məzhəb itmişdi. Bakıda artıq Qara Yanvar faciəsi baş vermişdi, qırmızı qərənfillərin genosidi gerçəkləşmişdi. Fürsətdən yararlanan, Bakıda qəbir gülləri statusuna qədər qiymətdən və hörmətdən düşmüş qərənfilləri Moskvaya daşıyıb varlanan işbazların gəlhagəli idi. Həmyerlimiz Telman İsmayılov da belələrindən biri, bəlkə də birincisi idi, Moskvada gül alverinə girişmişdi.
Mən onda Moskvada Qorki (indiki Tver) rayon milisində müstəntiq işləyirdim. “Belorus” dəmir yolu vağzalı və eyni adlı metro stansiyası bizim rayonun inzibati ərazisində yerləşirdi. “Belorus” metro stansiyasının arxasında kiçik bir gül bazarı vardı, burda bizim uşaqlar gül satırdı. Eşitdiyimə görə, bazarın müdiri (onda belə deyilirdi) İsmayılov əslən azərbaycanlı idi, amma onu şəxsən tanımırdım. Günlərin bir günü bu İsmayılovun vəkili mənə müraciət etdi, onun adından bir yerli kimi kömək istədi. Dedim, məsələni araşdırım, bir “zondlama” aparım, baxarıq.
Deməli, Moskva teatrlarından birinin uğursuz aktrisalarından biri “Belorus” metro stansiyasının arxasındakı gül bazarında öz premyerası üçün bahalı qızılgül buketi sifariş vermişdi. Amma aktrisanın adı yox, yaşı çox olduğundan buketin pulunu verən tapılmamışdı və satıcı ilə alıcı arasında konflikt yaranmışdı. Aktrisa bahalı buketi, faktiki olaraq, havayı almaq istəmiş və qarşı tərəfin haqlı müqaviməti ilə üzləşmişdi. Nəticədə aktrisa qarşı tərəfi təhqir etmiş, onları “Moskvanın çörəyini yeyib moskvalılara şıllaq atan” məlum ev heyvanı ilə müqayisə etmişdi.
Təbii ki, qarşı tərəf də borclu qalmamışdı və əməlli-başlı qarşıdurma yaranmışdı. Qarşı tərəfdən canfəşanlıq edənlərin biri də bazarın müdiri İsmayılovun bacısı, ya da qardaşı oğlu idi. Aktrisa da məhz ondan Milis idarəsinə şikayət etmiş, gül almağa gələrkən bazarda pozğun satıcılarla rastlaşdığını, seksual təkliflər aldığını ərizəsində göstərmişdi. Xülasə, məsələ “bir buket qızılgül”ün miqyasından çıxmışdı, xeyli təhlükəli hal almışdı. Təcili şöbə rəisinin yanına getdim, həmyerlimin işinin mənə verilməsini xahiş etdim. Cəncəlli məsələ oldsuğundan rəis tez razılıq verdi.
Bir xeyli fikirləşdim, əvvəl həmin şikayətçi aktrisanı dəvət etdim. Xanımın xarici görünüşü, uğurlu rolları, anşlaqları barədə (Moskvada hamı teatra gedir) bir-iki yüngül komplimentdən sonra mətləbə keçdim. Dedim, xanım, siz çox cavan görünürz, amma sizə seksual təklif edən satıcının heç 30 yaşı yoxdur, bildiyim qədər, sizin qızınızla yaşıddır. Onun dayısı Moskvada tanınan, imkanlı adamdır, artıq yaxşı bir vəkil də tutub. Siz mənə deyin görək, Moskva kimi bir yerdə cavan, yaraşıqlı və imkanlı bir gəncin anası yaşda qadına seksual təkliflər etdiyinə məhkəməni inandırmaq olarmı? Həm də siz bütün Moskvada tanınmış, məşhur aktrisasız, bu lazımsız səs-küy, adınızın mətbuatda hallanması sizə lazımdırmı?!
Mənim təəccübümə rəğmən, xanım mənə diqqətlə qulaq asdı, sözlərimlə razılaşdı. Amma qayıtdı ki, işi belə qoymaq olmaz, axı, onlar məni təhqir ediblər. Dedim qələt ediblər, artıq səhvlərini başa düşüblər. Siz zəhmət olmasa, bizim rəisin adına bir ərizə yazın ki, onları bağışlayırsız, artıq şikayətçi deyilsiz. Onlar da həmin buketi, yox, ikisini cərimə kimi sizin evinizə gətirərlər və Moskvanın ən böyük aktrisalarının birindən üzr istəyərlər. Aktrisa iki qızılgül buketi haqqında söhbəti eşidəndə gülümsədi, dedi, evimə yox, bazar günü tamaşadan sonra teatra, mənim adıma gətirsinlər. Razılaşdıq, xanım barışıq ərizəsi yazdı və getdi.
Bir neçə gündən sonra İsmayılovun vəkili yanıma gəldi. Mənə konvertdə yerlimizin adından pul gətirmişdi. Onu əvvəlcədən də tanıyırdım, abrını ətəyinə bükdüm. Dedim Telmanla biz azərbaycanlıyıq, qürbətdə yaşayırıq, bir-birimizə kömək etməyə borcluyuq. Amma İsmayılov əl çəkmədi, şəxsən zəng etdi, məni ofisinə dəvət etdi. Yerliyik deyə getdim, həm də şəxsən tanış olmaq istəyirdim. Ofisi Belarus vağzalının yaxınlığında, “Malaya Qruzinckaya” küçəsində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 3 otaqlı mənzildə yerləşirdi.
O vaxt hələ cah-cəlal yox idi, amma mühafizəsi, katibəsi vardı. İsmayılov məni gülərüzlə qarşıladı, xeyli söhbət etdik (azərbaycanca salamlaşsaq da, rusca danışırdıq). Fransa konyakını İsveçrə şokoladı ilə nuş etdik. Konyakla şokolad da, bilirsiz, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Biz hələ üstündən ətirli “Pele” kofesi də içdik. Ayrılanda dedi sənə qardaş, bir yurddaş (“zemlyak”) kimi bir hədiyyəm var, Telmandan Arifə yadigar olsun.
Etiraz etmədim, mənə üstü şəkilli paketin içində bir qutu verdi. Evdə açdım, Telman İsmayılovun “ekstrasensliy”inə heyrət etdim. O vaxt eşitmişdim ki, Mixail Qorbaçov ağ qızıldan “Omega” taxır. Mən də istəyirdim... Amma qara bazarda 3-4 min dollar (indiki kursla 10 min) idi...
Qalib ARİF
Xəbər 2641 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|