Ermənistanla Azərbaycanı müharibəyə sürükləyirlər
Azərbaycan Müdafiə Nazirliyinə bağlı olan “caliber.az” saytı yazır ki, üçüncü Qarabağ müharibəsi qaçılmaz görünür.
Sayt bildirir ki, Ermənistan sürətlə silahlanır, Fransa və Hindistandan müasir silahlar almaqla öz cəbbəxanasını gücləndirir. Nikol Paşinyan Ermənistandakı Rusiya hərbi bazalarını Fransa hərbi kontingenti ilə əvəz etməyə çalışır.
Son günlərdə iqtidara xüsusi yaxınlığı ilə seçilən əsas media orqanlarında ABŞ-ın da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına qarşı olduğu fikri tirajlanır. Ümumiyyətlə, nədən ABŞ və Fransa Azərbaycana qarşı çıxır?
Söhbətin mahiyyəti Zəngəzur dəhlizinə bağlıdır. Qərb bu dəhlizə özü nəzarət etmək istəyir. Rusiya isə bu haqqı Qərbə vermək fikrində deyil. Qərb üçün Zəngəzur dəhlizinə nəzarət etmək artıq Cənubi Qafqazı öz pəncəsi altına salmaq anlamına gəlir. Rusiya, İran və Türkiyə isə kənar oyunçuları Cənubi Qafqaza buraxmaq istəmir.
Ermənistan isə ABŞ və Fransadan bərk yapışıb. Niyə? Çünki Azərbaycanla danışıqlarda məğlub Ermənistan son dərəcə zəif mövqedən çıxış etməyə məhkumdur. Ona görə də rəsmi İrəvan Vaşinqton-Paris-Brüssel üçbucağı üzərindən Bakı ilə danışıqlarda öz mövqeyini gücləndirməyə çalışır.
Bu arada Nikol Paşinyanın maraqlı bir etirafı oldu. O dedi ki, bizi qonşularımızla müharibəyə sürükləyirlər, buna getmək olmaz.
Hətta Kəlbəcər istiqamətində atəşkəsin Rusiya hərbçiləri tərəfindən məqsədli şəkildə törədildiyi də iddia olunur. Bütün bunlar onu göstərir ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər arzu olunan istiqamətdə inkişaf etmir. Dünyanın fərqli güc mərkəzləri öz ambisiyaları naminə aranı qızışdırmaqla məşğuldurlar.
“Caliber.az” saytı xatırladır ki, İlham Əliyev çıxışlarından birində deyib ki, Azərbaycan Ermənistanın silah idxalını yaxından izləyir. Ölkəmiz üçün hər hansı təhlükə hiss etsək dərhal hərəkətə keçəciyik. Təhlükə Ermənistanın dərinliklərində olsa belə onu aradan qaldıracağıq.
Bugünlərdə Bolqarıstanın hərbi saytı olan "en.globes.co.il" belə bir xəbər yaymışdı ki, son aylarda İsrail ilə Azərbaycan arasında silah idxalı ilə bağlı bir neçə müqavilə imzalanıb. Həmin müqavilələrdən birinin dəyəri 1.2 milyard dollardır. Bu xəbər də onu deməyə əsas verir ki, Azərbaycan hərbi potensialını gücəndirmək üçün böyük işlər görür. Şübhəsiz ki, Ermənistanda baş qaldırmaqda olan revanşist meyllər rəsmi Bakını müvafiq addımlar atmağa məcbur edir.
Dünya ölkələrinin hərbi gücünü analiz edən məşhur "globalfirepower" beyin mərkəzinin siyahısına əsasən 2024-cü ildə Azərbaycan ordusu 59-cu, Ermənistan ordusu isə 102-ci yerdə qərar tutub. Yəni ortada son dərəcə böyük bir fərq var. Fransa və Hindistan bu fərqi aradan qaldıra bilərmi? Çətin məsələdir.
Bir önəmli məqama da diqqət edək: "Globalfirepower"in həmin siyahısına əsasən Türkiyə 1 il ərzində 3 addım irəli gedərək 8-ci yerə yüksəlib. Fransa 11-ci, balaca İsrail isə 17-ci yerdədir. Nədən bu qədər balaca ölkə bu qədər öndə gedir? Çünki İsrail ultra-müasir silahlar istehsalında ciddi uğurlar əldə edib. Azərbaycan həm Türkiyədən, həm də İsraildən istədiyi qədər silah ala bilər. Başqa sözlə desək, Ermənistanın Azərbaycanla silah arsenalını zəngiləşdirmək üçün yarışa çıxması perspektivli görünmür...
Nikol Paşinyan deyir ki, Ermənistanın döyüşə hazır ordusu olmalıdır. Ona görə də yeni-yeni silahlar alırıq. Ancaq bizim aldığımız silahın dəyəri Azərbaycanın idxal etdiyi silahın dəyərinin heç 15-20 faizi qədər deyil.
Boris Yeltsin dönəmində Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah bağışlamışdı. O zamanlar üçün pulsuz-parasız olan Azərbaycana isə nə silah satan vardı, nə də silahı almaq üçün borc verən. O dövrdəki Azərbaycanın durumunu təsəvvür etmək üçün deyim ki, 1993-1996-cı illərdə Pakistanın Baş naziri olan Bənazir Bhutto Azərbaycana 1 milyon dollar həcmində yardım etmişdi. O zaman həmin o 1 milyon ciddi dəstək kimi dəyərləndirilmişdi. Çünki Azərbaycana kömək edən çox ölkə yox idi. Ancaq indi Ermənistanın hansısa ölkədən pulsuz silah ala biləcəyi real görünmür. Azərbaycandan fərqli olaraq Ermənistanın silah idxalına böyük həcmdə pul xərcləməsi isə mümkünsüz görünür.
Qərb analitikləri bildirir ki, Azərbaycan 44 günlük müharibəni əsasən dronların hesabına qazandı.
Yeni texnologiyadan istifadə etməklə Azərbaycan dünya hərb tarixində inqilabi dəyişikliyə imza atdı. Analitiklər onu da vurğulayır ki, Azərbaycan əvvəlki qaydada, tutaq ki, I Qarabağ Müharibəsi zamanında olduğu kimi hərbi əməliyyatlar aparsaydı bu müharibəni uduza da bilərdi. Yəni yeni texnologiyalar, xüsusən dronlar müharibənin taleyini həll etdi. Dronlar məsələsində isə indi də Azərbaycan Ermənistandan çox-çox üstün mövqedədir. Hələ orası da var ki, qardaş Türkiyədə dron istehsalı sürətlə artır. Eyni zamanda istehsal olunan dronların keyfiyyəti də daha mükəmməl olur. Sadəcə bir faktı deyim: Türkiyənin "Baykar Makina" şirkəti 2021-ci ildə 664 milyon, 2022-ci ildə 1.2 milyard, 2023-cü ildə isə 1.8 milyard dollarlıq pilotsuz uçuş aparatları (PUA) satıb...
Türkiyənin "milliyet.com.tr" saytının xəbərində bildirilir ki, "Baykar Makina" Türkiyənin müdafiə və havaçılıq sektorundakı ixrcatın üçdə birini həyata keçirib. Digər şirkətlər isə 3.6 milyard dollarlıq mal satıb. Toplam 5.4 milyard dollarlıq ixracatdan söhbət gedir. Bu il Baykar Makina şirkəti Türkiyənin ən çox mal ixrac edən 10 şirkətindən biri olub.
Bütün bu faktorlar onu deməyə əsas verir ki, Azərbaycanın müxtəlif təyinatlı dronların idxalı ilə bağlı elə bir problemi yoxdur. Mən hələ İsraildən alınan dronlardan danışmıram. Azərbaycan isə məhz dornların hesabına hava məkanında dominantlıq edir. Gördüyünüz kimi, indi də elə bir şey dəyişməyib.
Azərbaycanın hərbi baxımdan güclü olduğunu Qərb analitikləri də etiraf edirlər. Məsələn, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal bu yaxınlarda yazmışdı ki, Azərbaycan Zəngəzur dəhlizinə nəzarəti güc yolu ilə bir neçə saat ərzində ələ keçirə biləcək hərbi potensiala malikdir. Əslində Azərbaycan Ermənistandan Zəngəzuru və ya Qərbi Azərbaycanı geri ala bilsə, erməni məsələsi Azərbaycan və Türkiyənin gündəmindən bir dəfəlik çıxa bilər. Ermənistan Azərbaycan üçün ona görə maraqlıdır ki, Zəngəzur dəhlizi oradan keçir. Yəni Azərbaycanla Türkiyə arasında quru yol olsa, Ermənistan bizim üçün önəmini kəskin şəkildə itirə bilər. Problem ondadır ki, dünyanın böyük gücləri Zəngəzur dəhlizinə nəzarət məsələsində güzəştə getmək fikrində deyillər. “Kim-kimi” sualı bütün kəskinliyi ilə ortadadır. Məhz elə bu səbəbdən də Azərbaycan bir neçə saata həll edə biləcəyi Zəngəzur məsələsini həyat keçirməkdən çəkinir.
Çünki bu, Azərbaycanı böyük güclərlə üz-üzə qoya bilər. Bu, həm də beynəlxalq siyasi arenada gedən proseslərdən asılıdır. Məsələn, Donald Tramp ABŞ-da yenidən prezident seçilsə, bu, son dərəcə real məsələdir, Azərbaycan və Türkiyə Zəngəzur məsələsində qəti addımlar ata bilər. Bəllidir ki, Co Baydendən fərqli olaraq Donald Tramp ermənilərə elə bir simpatiya bəsləməyib. Əksinə, nümayişkəranə şəkildə ermənilərə arxa çevirib, Azərbaycana isə dəstək verib. Məsələn, Tramp dönəmində Amerika hərbi məqsədlər üçün Azərbaycana həcmi 100 milyon dollarla ölçülən maliyyə yardımı edib...
Düşünürəm ki, Azərbaycan Ermənistanla hərbi qarşıdurmadan yayınmağa çalışmalıdır. Düzdür, bu iki ölkəni müharibəyə təhrik edən dövlətlər son dərəcə güclüdür. Ancaq o da faktdır ki, nə Azərbaycan, nə də erməni xalqı müharibə istəmir. Bəli, Ermənistanda revanşist qüvvələr var. Ancaq erməni xalqı onlara dəstək vermir. Versə idi Nikol Paşinyan çoxdan iqtidadan getmişdi. Nikol Paşinyan da yaxşı bilir ki, erməni xalqı Azərbaycanla sülh və əmin-amanlıq içində yaşamaq istədiyinə görə o, öz iqtidarını qoruyub saxlaya bilir.
Elbəyi HƏSƏNLİ, SÜRİX
Xəbər 8340 dəfə oxunub.