12.06.2024 11:39
Qərbi azərbaycanlılar Ermənistanın təhlükəsizliyinin ən ciddi təminatçısı ola bilər- Mübariz Əhmədoğlu
Cənubi Qafqazda mürəkkəb proseslər gedir. Ermənistanın tək Azərbaycanla deyil, həm də İranla da münasibətlərində ərazi problemi var. İranın ali dini lideri yaxınlarda N.Paşinyanı Tehranda qəbul edərkən İran və Ermənistanın ortaq tarixi maraqları ilə yanaşı, ortaq coğrafiyasından da danışdı; İran Ermənistanı özünün tarixi ərazisi hesab edir və Ukrayna müharibəsində Rusiyanın zəiflədiyini düşünərək 200 il bundan qabaq Gülüstan və Türkmənçay müqaviləsi ilə itirdiyini yenidən geri qaytarmaq planını hazırlayıb, bu plan da fəaliyyətdədir.
Ermənistanın Xarici Kəşfiyyat İdarəsinin rəisi Kristine Qriqoryanın açıqlamasına görə, Ermənistana müharibə təhlükəsi yaradan tək Azərbaycan deyil. K.Qriqoryanın açıqlamasının təhlilindən başa düşmək olar ki, erməni rəhbərliyi Azərbaycanı heç də özləri üçün bir nömrəli təhlükə görmürlər. Daha böyük dövlətlər Ermənistan üçün daha qorxulu təhlükədirlər. Azərbaycanla ərazi məsələsi var və bu tarixi ədalətə uyğun həllini tapacaq, bu istiqamətdə Azərbaycan Ermənistana hələ də kompromis mövqedədir. Azərbaycan ortalığa sərt mövqe qoymayıb. Azərbaycan konstitusiyanın dəyişikliyini ortalığa atmaqla Ermənistan XİN naziri ciddi səhv etdi. Çünki Azərbaycan konstitusiyası Ermənistanın dediyi anlamda indiki Azərbaycan sovet Azərbaycanının deyil, məhz 1918-ci ildə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin varisidirsə onun ərazisi sovet Azərbaycanından 30 min km2 çox olub və o ərazilərin də əksəriyyəti bugünkü Ermənistan adlanan respublikanın ərazisində yerləşir. Ermənistan üçün təhlükə Rusiyadır. Rusiyanın hər an Ermənistanı Kalininqrad quberniyası statusu ilə öz tərkibinə qatmaq imkanı var. Moskvada yaşayan ermənilərin sayı Yerevanda yaşayan ermənilərin sayından çoxdur. Yaxınlarda avtoyürüş hazırlanırdı. Ermənistanın Gürcüstanla sərhəd regionlarında sel, təbii fəlakət yolu bağladı. Yol açılan kimi avtoyürüş davam edəcək.
Bu həm də N.Paşinyanın normallaşma prosesinə yanaşmasının saxtalığını göstərir. Yaranmış vəziyyəti fürsət bilib Azərbaycanla kommunikasiyaları açmaq əvəzinə Paşinyan məhz həmin yolu açır ki, avtoyürüş iştirakçıları o yolla Ermənistana gəlsinlər. Moskvadakı ermənilər Azərbaycanın ərazisindən keçib, Ermənistana gedə bilməzlər. Ermənistan özü Azərbaycan ərazisindən istənilən qaydada tam sərbəst istifadə edə bilər.
Ermənistan üçün ən böyük ekzistensional təhlükə İrandır. Ermənistanın fikrincə, İran hər an Ermənistanı öz tərkibinə sala bilər. Sadəcə N.Paşinyanın guya strategiyası var: İranın anti-Azərbaycan münasibətindən istifadə edib, İran-Azərbaycan qarşıdurması yaratmaq və bununla da Ermənistanı təhlükədən uzaqlaşdırmaq. Bu variantı alınmayacaqsa, o zaman artıq digər variantlar ortalığa düşəcək. Digər variantların içərisində hətta Ermənistanın Azərbaycanla birlikdə İrana qarşı mübarizə aparmaq variantı var.
İran isə Ermənistan üzərində RF və Azərbaycanın hərəkətlərini hesablayır. Müvafiq şərait yaranan kimi İran Ermənistanı işğal edəcək. Üstəlik ABŞ -NATO ordusunu “əzişdirib regiondan qovmaqla” qürurlanacaqdır.
Region Ermənistanın hesabına çox ciddi gərginlik dövrünə qədəm qoyur və bu yeni gərginliyin açılışı İranın XİN naziri əvəzi B.Ə.Kaaninin Türkiyədə olarkən CNN türkə bildirdiyi “Ermənistanın sərhəd və demoqrafik vəziyyət dəyişməz qalmalıdır” tezisidir. Bir az öncə Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edən İran indi hazırda Azərbaycana qarşı bu variantı ortalığa qoyub. Azərbaycan parametrinə görə İranın bu variantı alınası deyil. Hətta İranın BMT-dəki səfirinin soyadı göstərir ki, İrəvanı tərk etmiş azərbaycanlılardandır. Bu mövzu İranın daxilində dəstək tapmayacaq və İran hökuməti indi çox zəifdir. İran bu mövqeyini daxilində də irəlilədə bilməyəcək.
Burada çox vacib Ermənistanın Qərbi aldatması, Qərbə yalan danışmasıdır. Qərb həm Zəngəzur koridorunu, həm də Qərbi azərbaycanlıların qayıtmasını Azərbaycanla hərtərəfli müzakirə etməlidir.
Azərbaycanın mövqeyi tam beynəlxalq hüquqa uyğundur, tarixi həqiqətdir, obyektiv reallığa da çevriləcəkdir. Başqa variantda regionda heç vaxt sülh ola bilməz.Davamlı sülh olmasa ermənilər bu regionda dueuş gətirə bilməz. Qərb bu regionda İranla müharibə apara bilməz.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri
Xəbər 8689 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|