31.10.2025  14:17 
        
        Görməməzlik sindromu: 17 yaşlı bir uşaq necə gəlin oldu? 
                
         
            
        
        
        
            Astarada 17 yaşlı gəlinin faciəvi ölümü cəmiyyətdə bir daha köhnə, amma hələ də sağalmamış bir yaraya toxundu - erkən nikah məsələsi. Hadisənin özü qədər sarsıdıcı olan sual budur: necə olur ki, qanunla tam qadağan edilmiş bir yaşda toy keçirilir, üstəlik bu, “görməməzlikdən gəlindiyi” təəssüratını yaradır?
            
Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikah yaşını 18 olaraq müəyyən edir. Bir zamanlar, yəni 2024-cü ilin iyununa qədər bəzi hallarda bu yaş bir il azaldıla bilirdi. Lakin həmin ilin 28 iyun tarixində qəbul edilən 1198-VIQD nömrəli Qanun bu istisnanı da ortadan qaldırdı. İndi artıq nə “üzrlü səbəb”, nə də “mədəni ənənə” adı ilə 17 yaşlı bir qızın evliliyinə rəsmi icazə verilə bilməz. Bununla yanaşı, Cinayət və İnzibati Xətalar Məcəllələrinə edilən dəyişikliklərlə də erkən nikahın təşkili, təşviqi və ya buna şərait yaradılması məsuliyyət doğuran əməl sayılır.
Belə olan halda, Astarada baş verən bu hadisə təkcə bir ailənin faciəsi deyil, həm də nəzarət mexanizmlərinin iflasının göstəricisidir. Rəsmi nikahın bağlanması üçün şəhadətnamə alınmalıdır, toy mərasimi isə adətən açıq-aşkar keçirilir. Bu proseslərdə yerli icra hakimiyyəti, qeydiyyat orqanları, bələdiyyələr, bəzən də dini icmalar dolayısı ilə məlumatlı olur. Deməli, sual sadə, amma ağrılıdır: bu qədər açıq bir qanun pozuntusu niyə vaxtında qarşısı alınmayıb?
Erkən nikahlar, xüsusilə regionlarda, hələ də “ailə işi” və ya “ənənə” kimi təqdim olunur. Amma bu, mahiyyətcə uşaqlığın əlindən alınmasıdır. 17 yaşında bir gənc hələ məktəbi bitirməmiş, sosial cəhətdən tam formalaşmamış, hüquqi və fiziki baxımdan isə müstəqil qərar vermək qabiliyyətini yeni qazanan bir insandır. Onu ailə məsuliyyəti, hamiləlik və sosial təzyiqlərlə üz-üzə qoymaq, cəmiyyətin öz övladına qarşı etdiyi zülmdür.
Bu hadisə tək bir rayonun yox, bütün ölkənin güzgüsüdür. Qanun dəyişiklikləri kağız üzərində qalsa, faciələr dəyişməyəcək. Əgər cəmiyyətin özü, müəllimlər, həkimlər, icra nümayəndələri, qohumlar, qonşular susmaqla razılaşırsa, onda hər “toy” yeni bir ölüm faktına çevriləcək.
Hüquqi baza artıq var. İndi məsələ hüququn tətbiqində və ictimai vicdanın oyanışındadır. Əks halda, hər dəfə eyni sualı təkrarlayacağıq: “Necə oldu ki, 17 yaşlı bir uşaq gəlin oldu?
Bu sual, cavabsız qaldıqca, dövlət və cəmiyyət də insanlıq imtahanından keçə bilməyəcək. 
Zəhra
XəzərNews.az                         
            
Xəbər 746 dəfə oxunub.
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
       
        
     
        
        
        
        
            
                | 
                        
                        
                           
 
                            								
								
                                Bölməyə aid digər xəbərlər 
                       
                         
                           
                         |