İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


29.09.2025  20:00 

Arxivlərdən yaddaşlara – Boradigahın tarixini işıqlandıran əsər





A+  A-

“Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sücəddin Şərifov faydalı bir iş görüb. Doğulduğu, boya-başa çatdığı yurdun ta qədim zamandan günümüzə qədər tarixini bir kitabda toplayıb, “Boradigah tarixi qaynaqlarda” adlı kitab yazıb. Tarixdə iz qoyan yaşayış yerləri haqqında arxiv sənədləri, etnoqrafik mənbələr, yaddaş materialları əsasında belə kitabların yazılması çox vacibdir. Sücəddin bəy də bu vacib işi görüb və Boradigah qəsəbəsi haqqında 600 səhifəlik bir kitab ortaya qoyub. Kitabın əhəmiyyəti nədədir? Kəndin adının toponimkası ilə bağlı müəllif tarixi qaynaqlara baş vurub, dəqiqləşdirmələr aparıb, kənd camaatının 1756-cı ilin noyabr ayında Talış xanı Qara xana yazdığı məktuba və digər sənədlərə istinad edir. Tunc dövrü ilə bağlı maddi mədəniyyət abidələri, xüsusi ilə tarixi şir heykəli, yaşayış məntəqəsinin ərazisindən tapılan müxtəlif dəfinələr Boradigah qəsəbəsinin tarixinin qədimliyindən xəbər verir.

Kitabda Səfəvilər, Nadir şah, Talış xanlığı, Çar Rusiyası idarəçiliyi dövründə Bordagihda yaşayış, əhali, idarəçilik, mənəvi həyatla bağlı maraqlı faktlar vardır (s. 21-62). Müəllif haqlı olaraq 1917-1921-ci illəri bölgənin və kəndin həyatında təlatümlü illər adlandırır. 1918-ci ildə Bakı Xalq Komissarların Sovetinin işğalı, 1919-cu ildə “Muğan Sovet Respublikası” (Molokan respublikası) oyuncaq hökuməti dövründə bölgədə baş verən qanlı hadisələr Boradigahdan da yan keçmədi. Xalq cümhuriyyəti hökuməti dövründə Lənkəran qəzasının düşməndən azad edilməsi haqqında kitabda çox maraqlı faktlar vardır. Məhəmmədəmin Rəsulzadə və Nəriman Nərimanov Boradigahda olması barədə kitabda maraqlı məqamlar yer alıb. Orada göstərilir ki, Rəsulzadə 1917-ci ilin martında gəmi ilə Lənkərana gəlib və səfər zamanı Boradigahda olub. Onu Boradigaha səfər zamanı bölgənin ən nüfuzlu şəxsləri Teymurbəy Bayraməlibəyov, Əsgər xan Talışxanov və Soltan Məhəmməd Qulubəyli müşayiət ediblər. Kitabda Nuru paşa zabitlərindən olan Camal paşanın (albay idi, camaat arasında paşa deyirdilər) bölgədə Sovetləşməyə qarşı mübarizəyə rəhbərlik etməsi haqqında da çox qiymətli məlumatlar vardır. Müəllif kitabda ötən əsrin 20-30-cu illərində Boradigaha rəhbərlik edən şəxslər, kənd cəmiyyəti, məscidlər, üləmalar, maarif xadimləri, bazar, hamamlar, sənətkarlıq dükanları və sair haqqında qiymətli faktlar üzə çıxarıb.




Xüsusi ilə bir kənd miqyasında repressiyaların miqyasını öyrənmək üçün kitabda maraqlı nümunələr var. 1925-ci ildə seçki hüququndan məhrum edilən kənd sakinlərinin siyahısı çox əhəmiyyətlidir. 114 nəfərin əhatə edən siyahı kitaba daxil edilib. Seçki hüquqndan məhrum edilənlərin əksəriyyəti alverçi, azançı, qulaq, xan, rozaxan, molla, din xadimi, qolçomaq, kəndli və sairədən ibarətdir. Kitabda mənə maraqlı gələn məqamlardan biri də Böyük Vətən Müharibəsi ilə bağlı bölmədir. Sücəddin bəy çox nəcib bir iş görüb. O, müəyyənləşdirib ki, Boradigah və eyni adlı sovetlikdən 1941-1945-ci illərdə müharibəyə 700 nəfərə yaxın döyüşçü yollanıb. Müəllif müxtəlif arxiv mənbələri əsasında onların 624 nəfərinin adını, doğum tarixini, keçdiyi döyüş yolunu, sağ qalanların və geri qayıtmayanların, təltif olunanların adba-ad siyahısını müəyyənləşdirib (s.285-309). Bu çox mühümdür. Kitabın 310-426-cı səhifələri Boradigahın tanınmış adamları haqqında qısa esselərdən ibarətdir. Burada bəy aylələri haqqında, kəndin, sovetliyin, qəsəbənin, bütövlükdə bölgənin həyatında rol oynamış ayrı-ayrı şəxslər, veteranlar, deputatlar, hətta qəhrəman analar haqqında çox maraqlı məlumatlar vardır. Yeri gəlmişkən Sovet dövründə də Boradigah bölgənin əsas ticarət mərkəzlərindən biri idi. Adamlar çox vaxt toy bazarlığını oradan edirdilər, az tapılan keyfiyyətli xarici geyimləri Boradigahdan alırdılar. Hesab edirəm Sücəddin Şərifov çox faydalı bir iş görüb. Bir kəndin, bir sovetliyin, bir qəsəbənin tarixini yazmaqla bütövlükdə bölgənin tarixini zənginləşdirib, Azərbaycan tarixinə mühüm töhfə verib. İndi Boradigah dairəsində yaşayan hər kəs öz keçmişini bu kitabda tapa bilər.


Cəmil Həsənli
Tarix elmləri doktoru, professor






Xəbər 1924 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +