Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.
Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:
İran Trampdan “İbrahim müqaviləsi”nə və İsraillə əməkdaşlığa dəvət aldı. Bu, İranın ABŞ-la münasibət qurmaqda israrla çalışdığının mühüm göstəricisidir. İsraillə razılaşdırılmış müharibə, eləcə də İsrailin İran ərazisində hərbi obyektləri məhv etməsinə razılıq verilməsi İranın və SEPAH-ın ABŞ-la yaxınlaşma istəyinin ən bariz nümunəsi idi.
Donald Trampın inauqurasiya günü İranla ABŞ arasında dialoq mövzusu gündəmə gəldi.
Sonradan bəlli oldu ki, İranın BMT-dəki səfiri İlon Maskla görüşmək istəyib. İran tərəfi bu təşəbbüsün ABŞ-dan gəldiyini cəmiyyətə təqdim etməyə çalışsa da, əslində görüş təklifi İran səfirindən irəli sürülmüş, İlon Mask isə imtina etmişdi. O dövrdə İ.Mask Trampın ən yaxın çevrəsində olan və dünyada tanınmış milyarderlərdən biri idi. İran iqtisadiyyatını ona etibar etmək istəyirdi ki, bu vasitə ilə Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırsın. İsrailin İran ərazisində hərbi əməliyyatlar keçirməsinə icazə verilməsi də əslində İsraillə deyil, ABŞ-la əldə olunmuş razılaşmanın nəticəsi idi.
İran sonradan özünəməxsus xarakterindən əl çəkmədi. Əvvəlcə Rusiya ilə yaxşı münasibətlər saxladı, sonra ondan uzaqlaşdı. İran heç kəsdən asılı olmamağı hədəflədi.
Çinlə 2016-cı ildən müqavilə layihəsi hazırlanmış, beş ildən sonra bu proses başa çatmalı idi. Müqaviləyə əsasən Çin İrana 500 milyard dollar investisiya yatıracaq, əvəzində Kiş adasının idarəsini üzərinə götürəcək və Xəzərin İran sektorunda hərbi müdaxilə hüququ qazanacaqdı. Lakin İran danışıqları uzatdı. Kiş adasının Çinə verilməsi İran siyasi elitasında ciddi mübahisə mövzusuna çevrildi. Çin bu yubadılmaya dözmədi və Səudiyyə Ərəbistanı ilə müqavilə imzaladı. Bununla da Səudiyyə Ərəbistanını Yaxın Şərqdə əsas müttəfiqi elan etdi. Həmin müqavilədə isə İranın maraqlarına zidd iki şərt yer almışdı. ABŞ-la danışıqlarda da İran bənzər davranış sərgilədi və nəhayət, İsrailin 12 günlük müharibəsinə gəlib çatdı.
İran rəhbərliyi artıq ölkə daxilində cəmiyyət üzərindəki nəzarətini itirdiyini anlayır. Cəmiyyətdə Qərbin təsiri hazırkı hakimiyyətin nüfuzundan daha güclüdür. İran gəncliyi üçün dini mövzular önəmli deyil, əksinə, Qərb dəyərləri qəbul edilən norma kimi görünür. Burada əsas səhv Qərbin fəaliyyətindən çox, İran hakimiyyətinin yanlış siyasətindədir. İndi artıq başa düşülür ki, vəziyyət dəyişdirilməsə, hakimiyyətin özü dəyişəcək.
Donald Trampın son açıqlamasında dediyi “İran İbrahim müqaviləsinə qoşula bilər” fikri də ilk növbədə İran iqtisadiyyatı üçün faydalıdır. Bu, Tramp dövründə ABŞ Prezident Administrasiyası ilə əlaqədə olan iranlılarla əvvəlcədən müzakirə olunmuş məsələ idi və görünür, proses irəliləyəcək.
Burada diqqətdən kənarda qalmamalı dörd əsas məqam var:
1. Anti-Türkiyə və anti-Rusiya siyasəti – İran ABŞ-a mesaj vermək üçün belə bir xətt tutdu. ABŞ-ın əlində anti-Türkiyə və anti-Rusiya alətinə çevrilməyə çalışdı.
2. Nüvə danışıqları – ABŞ-dan gələn hər bir kiçik təklifə İran dərhal reaksiya verir. Trampın əksər bəyanatlarına münasibət bildirib. Yalnız bu günə qədər “İran İbrahim müqaviləsinə qoşula bilər” fikrinə reaksiya verməyib.
3. Fələstin məsələsi – İran Fələstin dövlətçiliyinə münasibətdə Trampın mövqeyi ilə üst-üstə düşür. Tramp əvvəldən Fələstini tanımamaqda İran mövqeyini qəbul etmişdi. Hətta indi məlum olur ki, İslam inqilabının banisi Xomeyni ilə ABŞ prezidentləri arasında məktublaşmalar olub. İran uzun müddətdir ki, Trampdan “İbrahim müqaviləsi”nə dəvət almağa çalışırdı. Onun Türkiyəyə qarşı ritorikası, Türkiyə daxilində müəyyən qrupları təsiri altına alması, Azərbaycanda və Türkiyədə sosial seqmentləri yönləndirməsi bunun göstəricisidir.
4. Pakistan–Səudiyyə Ərəbistanı paktı – İran bu sazişi dəstəkləmədi. Bu isə ABŞ-la yaxınlaşma niyyətinin bir hissəsi kimi qiymətləndirilməlidir.
Göz önündə yeni dövr başlayır. Qasım Süleymaninin öldürülməsi əmri ilə start verilən Trampın İran siyasəti artıq real nəticə verir. Binyamin Netanyahu da Qətər məsələsində geri addım ataraq üzr istədi ki, bu da Trampın iradəsinin nəticəsi idi. Görünür, Trampın Yaxın Şərq planı artıq açıq şəkildə icra olunur. Bunun başlanğıcı isə İranın “İbrahim müqaviləsi”nə qoşulması və ya İsraillə iqtisadi əlaqələr qurması ola bilər. Yaranmış situasiya Türkiyə, Azərbaycan və Rusiyanı da əhatə edə bilər. Bu ölkələr də vahid siyasi konsepsiya formalaşdıraraq birgə fəaliyyət göstərə bilərlər.