Lənkəranın qədim və böyük kəndlərindən biri olan Ləj kəndi əhalisinin illərdir dəyişməyən dərdi var: nə təhsil infrastrukturu yenilənir, nə də yollar abadlaşdırılır. Kənd sakinlərinin dəfələrlə aidiyyəti qurumlara müraciətlərinə baxmayaraq, vəziyyət eyni olaraq qalır. Ən çox narazılıq doğuran məsələ isə budur ki, seçkilər ərəfəsində kəndə davamlı gəlib-gedən millət vəkili Anar İsgəndərov yalnız şəkil çəkdirməklə kifayətlənir, kəndin problemləri ilə maraqlanmır.
Ləj kənd orta məktəbi – Baxımsızlıq və şəraitsizlik
Müraciət edən kəndin xanım sakini bildirib ki, Ləj kənd orta məktəbi 2 mərtəbəlidir. Amma bu məktəbin yalnız adı “orta məktəb”dir – çünki müasir təhsil üçün zəruri olan infrastrukturdan tamamilə məhrumdur. Məktəbin akt zalı yoxdur. Yəni şagirdlər üçün tədbirlər, mədəni proqramlar və ictimai yığıncaqlar keçirmək mümkün deyil.
Məktəbin idman zalı belə yoxdur. Bu səbəbdən uşaqlar fiziki tərbiyə dərslərini ya sinif otaqlarında, ya da məktəbin həyətində – ən çoxu torpaq meydançada keçirlər. Qış aylarında isə ümumiyyətlə dərslər formal xarakter daşıyır.
Məktəbin hərbi otağı da yoxdur. Halbuki, məktəblərdə gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi üçün bu otaqlar vacibdir.
Məktəbdə kimya və fizika laboratoriyalarının adını tutmaq isə mümkün deyil. Şagirdlər nəzəriyyəni kitablardan öyrənsələr də, praktiki təcrübə keçə bilmirlər. Bu isə bilik keyfiyyətə birbaşa təsir göstərir.
Məktəbdə texnologiya otağı olmadığı üçün uşaqların peşə və bacarıqlar üzrə ilkin hazırlığı sıfır səviyyəsindədir.
Daha acınacaqlısı isə odur ki, məktəbdə hətta elektron lövhə də yoxdur. XXI əsrdə, rəqəmsal transformasiyanın ən mühüm çağında şagirdlər köhnəlmiş təbaşirli lövhələrlə dərs oxumağa məhkum ediliblər.
Məktəbin bir başqa ciddi problemi də hasarsız olmasıdır. Mövcud vəziyyət o qədər bərbad və məsuliyyətsizdir ki, istənilən kənar şəxs sərbəst şəkildə məktəb ərazisinə daxil ola bilir. Bu isə həm şagirdlərin təhlükəsizliyi, həm də təhsil mühitinin qorunması baxımından ciddi riskdir. Müasir standartlara cavab verən məktəb binası təkcə təhsil otaqlarından ibarət deyil, həm də şagirdlərin təhlükəsizliyini təmin edən infrastrukturdan başlamalıdır.
Təhsil sistemi: statistikada var, reallıqda yox
Azərbaycan dövləti hər il təhsil infrastrukturuna yüz milyonlarla manat ayırır. Elm və Təhsil Nazirliyinin hesabatlarında saysız-hesabsız məktəb binalarının tikintisi, təmir və yenilənməsi göstərilir. Amma Ləj kimi kəndlər bu rəqəmlərin “kölgəsində” qalır.
Əgər Ləj məktəbində şagirdlər hələ də idman zalı olmadan, laboratoriyasız, elektron lövhəsiz, təhlükəsizliyi təmin edilməyən şəraitdə oxuyurlarsa, deməli, həmin rəqəmlər kağız üzərindədir. Bu isə təkcə Ləj kəndinin problemi deyil, ümumilikdə ölkə təhsil siyasətinin bölgələrdə bərabər icra olunmamasının nəticəsidir.
Yol problemi – 10 ildən çox asfalt üzü görməyən kənd
Şikayətçi qeyd edir ki, Ləj kəndinin yolları tamamilə bərbad vəziyyətdədir. Kəndin əsas küçələri 10 ildən çoxdur ki, asfalt üzü görməyib. Yollar çuxurlarla, palçıqla doludur. Bu, həm məktəbə gedən uşaqlar üçün, həm də kənd əhalisinin gündəlik həyatı üçün ciddi çətinlik yaradır. Qış aylarında kəndin bəzi yerlərinə avtomobillə getmək demək olar ki, mümkünsüz olur.
Ən maraqlısı odur ki, seçkilər ərəfəsində kənd yollarının “tezliklə təmir ediləcəyi” barədə vədlər verilib. Amma 10 ildən çoxdur ki, bu vədlər kağız üzərində qalıb.
Kənd sakinlərinin ən çox narazı qaldığı məqam isə deputat Anar İsgəndərovun fəaliyyətidir. Sakinlər bildirirlər ki, deputat yalnız seçki vaxtı kəndə gəlir, kənd camaatını yığaraq şəkil çəkdirir, amma real problemlərin həlli üçün heç bir addım atmır.
Təhsil, yol, infrastruktur kimi fundamental məsələlərin illərlə həll olunmaması bir tərəfə, deputatın bu istiqamətdə təşəbbüskar olmaması, müvafiq dövlət qurumlarının diqqətini məsələyə cəlb etməməsi daha böyük problem yaradır. Çünki kənd camaatı özünü sahibsiz və unudulmuş hiss edir.
Acınacaqlı vəziyyət kəndin sosial həyatını iflic edib
Ləj kəndi yalnız problemləri ilə deyil, həm də tarixi və sosial potensialı ilə tanınır. Lənkəranın iri kəndlərindən biri olan Ləj qədimdən çayçılıq və kənd təsərrüfatı ilə məşğul olan əhalisi ilə seçilib. Burada çoxlu gənc nəsil yetişir. Amma bu gənclərin böyük bir qismi təhsil və inkişaf imkanlarının məhdudluğuna görə kənddən köçməyə məcbur olur. İnfrastrukturun zəifliyi, yolların bərbadlığı, məktəbin acınacaqlı vəziyyəti kəndin sosial həyatını iflic edib. Halbuki, kəndin coğrafi mövqeyi və əhalisinin fəallığı nəzərə alınsa, dövlətin kiçik bir dəstəyi ilə Ləj bölgənin nümunəvi kəndlərindən birinə çevrilə bilər.
Əhalinin hökumətdən gözləntisi sadədir:
- Məktəb standartlara uyğun təchiz olunsun.
- İdman zalı, akt zalı, hərbi otaq, laboratoriyalar və texnologiya kabineti yaradılsaın.
- Məktəb ərazisi hasarlanaraq təhlükəsizlik təmin edilsin.
- Kənd yolları təmir olunsun.
Bax belə, hörmətli hökumət, göründüyü kimi, axı sakinlər çox şey istəmir…
İsmayıl
XəzərNews.az
Xəbər 1007 dəfə oxunub.