26.09.2025 15:36
Sabir Rüstəmxanlıdan... - GƏLƏCƏYƏ ÇAĞIRIŞ
Ey millətimin aydın, dərdsiz, gözəl gələcəyi! Düşüncələrimizdəki, arzularımızdakı gələcək!
Sən nə zaman və necə gələcəksən?
Yolunda nə qədər əngəl, eniş-yoxuş, uçurum olduğunu bilirsənmi?
Xalqımın yarısı mələk, yarısı şeytan, yarısı yüksək təhsilli, yarısı cahil, dünyadan xəbərsiz, xeyir-şəri ayırd edə bilməyən, küyə gedən... Yarımız qurucu, sənətkar, dünyanın hər yerində xalqına hörmət gətirən, qalanı maddiyyatçı, qarınotaran!
Bu uzaq qütbləri bir-birinə necə yaxınlaşdıraq?
Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Böyük Sabirin, Məmməd Əmin Rəsulzadənin ürəklərini dağıdan dərdlər indi də mənim ürəyimdədir, bilirsənmi?
Haradan başlayaq?
Çoxları bu sualdan qıcıqlanacaq! Necə yəni haradan başlayaq?
Bu qədər işlər görüləndən, yollar keçiləndən sonra “haradan başlayaq?” nə deməkdir?
Təəssüf ki, başqa yol yoxdur və elə mənəvi binalar var ki, sıfırdan başlanıb qurulmalıdır. Bu barədə bəzi düşüncələrimi “Milli intibah nədən başlanır?” bölməsində paylaşmışam.
Xalqların taleyi və tarixi arasıkəsilməz bir zəhmətdir. Hər günə, hər ilə yeni bir başlanğıc kimi baxmalısan. Çevrəndən üstünə qıcanan dişləri görə-görə həyatını təsadüfərin ümidinə buraxmaq, kənarda, başqaları tərəfindən çəkilən yol xəritələrinə uymaq olmaz.
Öz taleyinin sahibi olmalı və öz gələcəyini özün qurmalısan.
Nə deməkdir bu Öz? Öz toxumdur, mayadır, başlanğıc və Özüldür. Özülü necə qoysan binan o cür tikiləcək. Bu bir milli memarlıq, milli quruculuq işidir. “Allaha təvəkkül!” zəifərin və çarəsizlərin şüarıdır. Allah güclüləri, əməliylə ona yardım edənləri sevir!
Dünya təhsilin, bilginin, informasiyanın, yeni texnologiyaların, sürətli rabitənin, geniş düşüncənin dünyasıdır.
Yeni nəsillər yetişdirilməlidir.
Əliağa Kürçaylının xatirəsinə həsr etdiyim şeirdə demişdim:
Bizə bir fürsət də ayıra zaman,
Hər şeyi yenidən başlaya bilək.
Təzə cücərtitək qalxıb torpaqdan
Yenidən göyərib yaşaya bilək!...
Bir insan ömrü üçün əlçatmaz arzudur, lakin millət nə vaxt yolun ən yaxşısını seçsə, nə vaxt yeni bir həyat başlasa xoşdur, qopmalı olandan nə qədər tez qopsa o qədər yaxşıdır. İnsanın və millətin xoşbəxtliyə, ədalətli dünyaya doğru gedən yolundakı heç bir maneəni atmaqdan ehtiyatlanmaq lazım deyil. Bu maneə din adıyla qarşıya çıxsa belə!
Ey böyük gələcək!
Sənə doğru gələn bir yolun adı sevgidir! Cəmiyyətin sevgi bulaqları quruyur. Sevgi qıtlığıdır.
Sənin bir yolun cəsarət və qəhrəmanlıq ruhudur!
İkinci Qarabağ savaşı göstərdi ki, bu ruh diridir və güclüdür.
Aramızda xainlər olsa da!
Bir yolun ədalət, vicdan və haqdır!
Bir yolun gücə-gündüz demədən çalışmaqdır!
Dünyaya yeni gələn hər bir körpəni gözəl insan, qeyrətli vətəndaş, ağıllı şəxsiyyət kimi yetişdirmək, onu sənə doğru yönəltmək borcumuzdur.
Güney Azərbaycan, yarısı assimilə edilmiş Azərbaycan, fars zehniyyətindən xilas edilmədikcə sənə qovuşa bilmərik!
Güneyli qardaşımız dilinə və təfəkkürünə vurulan fars – mövhumat zəncirlərini, yamaqlarını qoparıb atmalıyıq!
Düşmənlərimiz, dünyanın böyük gücləri və onların nökərləri səni qaraltmağa, sənə olan ümidlərimizi qırmağa çalışırlar. Farslar düşünürlər ki, İran–Turan savaşı İranın tam qələbəsi ilə sonuclanıb. Güneyi öz içərilərində əridib qurtarıblar, milli şüur ificdir və sağaldılması mümkün deyil. Üstəlik molla rejimi şahlıqdan fərqlənməyən bir şəkildə Güneyin iqtisadiyyatını çökdürür; yeraltı və yerüstü sərvətlərini talan edir, əhali işsiz və çörəksiz qalınca İranın başqa ostanlarına üz tutub gedir, Azərbaycan zəifləyir. Kəndlər susuz, Urmiya qurumaqda, bunlar azmış kimi Qərbi Azərbaycan torpaqlarına zorla kürdlər yerləşdirilir.
Quzeydə – Müstəqil Azərbaycan respublikasında da gizli bir özgələşdirmə planının şahidi olmuşuq. Xalqın zəkalı başları özgə qapılarında təhsil, iş, rahat yaşayış peşində ola-ola kənardan gəlmə qaraçı tayfalarına hər cür şərait yaradılır, az-çox təlim görəndən sonra vəzifələr, yüksək yerlər onların üzünə açıqdır.
Acı həqiqətlərdir. Lakin yeni deyil.
Qoca Azərbaycan çox belə oyunlar, xəyanətlər, milli tərkibi dəyişmə, genetik savaş, gizli işğal niyyətləri görüb və dalğa-dalğa gələnləri öz içində əridib; bəlkə buna görə içimizdə boyalar belə qarışıqdır və aramızda birlik yaratmaq bu qədər çətindir... Amma bu da keçəcək.
Sözarası. Burada öz biganəliyimizi və bəzən zülmə müqavimət göstərmədən, boyun əyməyimizi bir daha qınamadan ötmək olmur. Öz milləti yolunda bir insanın eləyə biləcəyindən də artıq iş görmüş böyük Zeynəlabidin Tağıyevin son yadigarı Sara xanımı Bakı küçələrində, idarələr arasında, vicdansızcasına daim aldadılan, yox olmuş haqq-ədalət axtarışına dəlilik damğası vurulan, sarsılmaz iradəsi hər gün imtahana çəkilən, ümid işartıları hər gün sönən, boğulan, xalqa tükənməz sevgisi addımbaşı sındırılan və lağa qoyulan, səfil-sərgərdan vəziyyətini mən də görmüşdüm. Əlindəki iri çantasını yerə qoymadan yollarda məğrur-məğrur addımlayan gur ağ saçlı, uca boylu qadın bu əzilib-sındırılmış halıyla da ətrafdakılardan ucaydı, yüksəkdəydi. Əslində o qadın elə xalqımızın simvoluydu, məğlub edilib sındırılsa da, yaşayırdı. Ədaləti bərpa
etmək üçün nəfəsi ağzından çıxana kimi mübarizə apardı. İri torbasını əlindən yerə qoymamağının səbəbini soruşanda “bunlar atama aid sənədlərdir” deyirdi. Hər yerdə göstərib sübut eləməyə çalışırdı ki, “alın, gözünüzə soxun, mənim atam xalq düşməni olmayıb, milyonlarını bu millətin yolunda xərcləyib!” Dinləyən kim idi?! Yazıq xanım ömrü boyu sənədləri əlində gəzdirdi. Yerə qoyan kimi oğurlanıb məhv ediləcəyindən qorxdu. Ölənə kimi Allah bəndəsinin yaşaya bilməyəcəyi bir şəraitdə yaşadı?
Haradaydın, ay millət?
Haradaydınız, ay bu torpağın imkanlıları; indi Tağıyev deyib-duranlar, dədələri ondan yarıyanlar? Niyə bu boyda ölkədə o yadigar xanıma on metrlik işıqlı bir otağını verən tapılmadı? Amma Allah ədalətlidir; Sara xanıma ömrünün sonunda olsa da, atasının adından yasaqların götürüldüyünü, onun böyük xalq adamı olduğunun etiraf edildiyi günləri görməyi qismət elədi. O, 1991-ci ilədək yaşadı.
“Ədəbiyyat və incəsənət” qəzetində işlədiyim illərdə Heydər Hüseynovun qızı Sara xanım bir məqalə gətirmişdi: Rus-Azərbaycan ədəbi əlaqələri barədə. Yüngülcə əl gəzdirib çap elədim. Üstündən illər keçdi, ancaq Sara xanım hər rastlaşdığımızda sarsılmış vücudunun zəif çırpıntılarıyla, qeyri-adi bir səmimiyyətlə, uşaq təbəssümüylə o hadisəni xatırladaraq razılığını bildirirdi. Çünki mənim borc kimi gördüyüm işi o xüsusi bir qayğı sayırdı; ona görə ki, nə qədər utandırıcı olsa da, bu qayğını görməmişdi və o boyda ata itkisindən sarsılan qızın faciəsini dərindən anlayan adamlar, təəssüf ki, qeybə çəkilmişdi... Elə bunlar da tarixə münasibətimizin acı örnəkləridir...
Ey böyük gələcək!
Sənin bir yolun tarixini yenidən öyrənmək və qavramaq, coğrafiyamızın böyük sərhədlərini bərpa etməkdir.
Bir yolun Türk birliyini möhkəmlətmək və Avrasiyada yeni bir güc mərkəzinə çevrilməkdir...
Qoynunda yer saxla! Bütövləşmiş, tam müstəqilləşmiş, demokratik, əsl xalq hakimiyyəti ilə idarə olunan Vətənim üçün... Turanın bir parçası olan Azərbaycan üçün.
Sabir Rüstəmxanlı
Xəbər 168 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|