Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


30.01.2022  10:36 

KİMDİR GÜNAHKAR?!





A+  A-

Ata həyətdə nərd oynayırdı. Bütün fikri zərdə cəmləşmişdi. Bir şeş qoşa ilə çıxa, bir balon pivə uda bilərdi. Amma qoşa gəlmirdi ki, gəlmirdi. Əvəzində ikinci mərtəbədən, balkondan arvadının səsi gəlirdi: «Ay kişi, sən Allah, uşaqdan muğayat ol, uzağa gedər, maşın yoluna-zada çıxar…»

«Şeş» gözləyən kişi arvadın sözünə əhəmiyyət vermidi, daha doğrusu, vermək istəmirdi…

Bu zaman on üç yaşlı Sevda özü-öz öhdəsinə buraxılmışdı. Qızlarla «ipatdı» oynamaq istəmirdi, oğlanlarla «futbol» oynamağa isə cəsarət etmirdi. Sanki bunu hiss edən, on beş yaşlı oğlan maraqlı bir təklif etdi, «qarajların dalında uşaqlar xoruz döyüşdürür, gedək baxaq»,-dedi. Qarajlar maşın yolunun o biri tərəfində yerləşirdi, amma Sevda baxmaq istəyirdi. Atasının da başı qarışıq idi, odur ki, qız fürsətdən istifadə etdi, onu qarajların dalına çağıran buruqsaç oğlanın dalınca getdi. Qarajların dalında isə kimsə yox idi. Sevda tez qayıtdı, saçları bir az dağılmışdı. Oğlan isə axşamın düşməsini gözlədi, üz-gözü cırılmışdı, pis gündə idi.

* * *

Ata televizora baxırdı, maraqlı futbol gedirdi. İspaniyanın «Real»ı İtaliyanın «Milan»ı ilə oynayırdı. Hesab bir-bir idi, azarkeşlər stadionda, ata isə televizorun qabağında özünə əl qatmışdı, qol gözləyirdi. Zarafat deyildi, «Real»a yüz dollar qoymuşdu, «2:1» olsa, beş dəfə çox qazanacaqdı. Arvad isə mətbəxdən cırcırama kimi cırıldayırdı: «Ay kişi, gecə saat on biri keçib, heç narahat olmursan?! Bir aşağı düş, metroya sarı get, gör Sevda harda qaldı…» Kişi arvada heç nə demədi, daha doğrusu, demək istəmədi, ürəyində isə «heç hənanın yeridir?!» fikirləşdi.

On altı yaşlı Sevda isə bu zaman rəfiqəsi ilə metrodan bir az aşağıda, beşmərtəbəli binanın tinində keşik çəkirdi. Qış olduğundan həyətdə adam yox idi. Sevda əsəbiləşmişdi, necə deyərlər, zəncir çeynəyirdi. Rəfiqəsi yaman qorxurdu, Sevdanın xasiyyətiə bələddi, əgər dediyi düz çıxmasa, döyüləcəkdi. Raufu başqa qızla görüşdüyünü Sevdaya o, demişdi, amma indi peşman idi.

-Sən dəqiq bilirsən?
-Hə, adı da Nazilədir. Bu gün də şəhərə gəzməyə gediblər.
-Saat onu keçib, harda olsalar, indilərə gələrlər.
-Bəlkə mən gedim? Məni görməsə yaxşıdır…
-Dayandığın yerdə dayan. Əgər yalan desən sənin, düz desən qızın ağzını cıracam…
Bu zaman binanın yuxarı başında Rauf bir qızla göründü. Rauf həyətə girmədi, qızla xudafizləşib getdi. Hətta öpüşdülər də…
-Gördün?
-Gördüm. Sən burda gözlə. Evə bir yerdə gedəcəyik.
Qız onların yanından keçirdi. Bu incəbelli, nazik bir qız idi. Sevda ona yaxınlaşdı.
-Salam, Nazilə xanım. Gecənin bu vaxtı hardan gəlirsən?
Nazilə qaranlıqda onun qabağını kəsən qəşəng, boylu-buxunlu qıza qorxa-qorxa baxdı. İri gözləri bir az da bərəldi. Amma evlərinin yanı olduğundan cəsarətə gəldi:
-Sən kimsən, sənə nə var?!
Sevda qızın sual verən ağzına bir yumruq vurdu. Qız qışqırıb arxası üstə yıxıldı. Sevda onu təpikləməyə başladı. Qonşular balkona çıxdı, səs-küy qalxdı. Rəfiqəsi Sevdanı arxadan dartıb güclə ayırdı. Sevda «bir də səni bu oğlanla görsəm, öldürəcəm» dedi. Sonra onlar qaçıb getdilər. Nazilə isə qonşuların köməyi ilə güclə ayağa qalxdı, ağzı-burnu qanamışdı. Evdə qorxusundan heç nə demədi. Səhər isə məktəbdə Raufa salam da vermədi.

* * *

Gecə yarıdan keçmişdi. Barda da adam seyrəlmişdi. Yalnız xaricilər, bir də kəpənəklər qalmışdı. Üç qız Ağayi Həsəni araya almışdı. Yavaş-yavaş şokoladla şampan içirdilər.

Şokoladla şampan da məlum şeydir, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Ağayinin 40 yaşı vadı, gənc xanımları sevirdi. Həm də fürsət idi, arvad-uşağı orda, özü burda.

Hər şənbə-bazar axşamlar bara gəlir, bir yenisi ilə əylənirdi. Sevdanı o, çoxdan tanıyırdı. Qızın 20 yaşı olardı, amma üzü-üzlər, gözü bizlər görmüşdü, neçə dəfə onun evində olmuşdu. İndi də ona Fatimə adlı sütül bir gözəl tapmışdı, 17 yaşı ancaq olardı. Totuq-motuq bir şeydi, sinəsi koftanı «cırdım» deyirdi. Ağayi başını tamam itirmişdi. Şampan sel kimi axır, şokolada dəyib dayanırdı. Kişi səxavət kisəsinin ağzını açmışdı, qızların hərəsinin sinəsinə bir əllilik də basmışdı.

Sevdanın öz planları vardı. Fatimə ilə əvvəlcədən danışmışdı, o, barda qalmalı, Həsənin başını qatmalı idi. Sevda ikinci qızla evə gedəcək, əvvəldən hazırlanmış planı həyata keçirəcəkdi. Odur ki, Həsənə «siz oturun, biz bir azdan gəlirik»,- dedi. Təklif Ağayiyə ləzzət elədi, bayaqdan qızlardan canını qurtarmaq, Fatimə ilə tək qalmaq istəyirdi. Heç evə getmək lazım deyildi, barda rahat «saatlıq» otaqlar vardı. Odur ki, «yaxşı, gedin» dedi, «sonra gələrsiz, sizi saunaya apararam».

Sevda rəfiqəsi ilə birlikdə bardan çıxdı, Həsənin yaşadığı evə gəldi. Uzaq deyildi, beş addımlıq yol idi. Gündüzdən həyətdə nərdivanın yerini nişanlamışdılar, indi sürüyüb pəncərəyə söykədilər. Əvvəl Sevda qalxdı. Həsən 2-ci mərtəbədə qalırdı, pəncərənin cəftəsini də Sevda dünən burda olanda açıq qoymuşdu. Rahatca içəri keçdilər, özlərini öz evlərindəki kimi hiss edirdilər. İşığı yandırmadılar, əl telefonunun fanarı ilə işləyirdilər. Ev yiyəsinin pulu, valyutanı qoyduğu yeri də bilirdilər. Fatimə barda seyfin açarını Həsənin cibindən çıxarmış, Sevdaın ovcuna qoymuşdu. Seyfdə 10 min avro, on min də dollar vardı. Götürdülər, amma seyfdə «Eyfel» formalı, «Benedikti» adlı fransız konyakı gördülər. Sevda fikir vermədi, rəfiqəsi isə dedi ki, bir ildə qazana bilmədiyimizi bir gündə qazanmışıq, gəl bu sağlığa bir «pənco-pənco» ataq. Kim bir də, nə vaxtsa bizə «Benedikti» alacaq?! Konyakı ortaya qoyub oturdular. Sevdanın sumkasında şokolad da vardı…

Ağayi Həsən qazdan ayıq adam idi. Cibindən açarın itdiyini bilən kimi dalağı sancdı. Amma Fatiməyə heç nə demədi, ayaqyoluna getmək bəhanəsi ilə bardan çıxdı.
Həsən içəri girəndə qızlar ikinci «pənco»nu təzə atmışdılar, şokolad yeyirdilər. Seyfin qapısı da hələ açıq idi. Ev yiyəsi kök bir söyüş söyüb irəli atıldı. Birinci zərbə Sevdanın rəfiqəsinə dəydi, qız oturduğu stulla bir yerdə yerə gəldi. Ağayi ikinci zərbəni vura bilmədi. Başına dəyən ağır «Eyfel» qülləsi onu sarsıtdı, ikinci zərbədən yıxıldı. Üçüncü zərbədə şüşə sındı, konyak axıb qana qarışdı. Rəfiqəsi Sevdanı arxadan dartıb güclə ayırdı…

Qızları polis iki gündən sonra saxladı. Ağayi Həsən ölümündən əvvəl xəstəxanada ayılmış, hər şeyi danışmışdı…

Qalib ARİF

P.S. Dostlar, kimdir günahkar - pis zəmanəmi, pis valideyinmi, bəlkə bizik - biganələrik günahkar?

Xəbər 1210 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +