Bayram günləri ictimai nəqliyyat işləməyəcək
Mayda ardıcıl yeddi gün iş olmayacaq
Son sutkada yoluxanların sayı açıqlandı
NASA Marsda ilk dəfə helikopter uçurdu
Sabah 30 dərəcə isti olacaq
ABŞ-ın ən yaşlı insanı öldü
Ramiz Həsənov vəzifədən azad edildi
Əhalimizin neçə faizi peyvənd olunub?
Füzulinin Sərdarlı kəndi - VİDEO
6 aylıq komadan sonra şəhid oldu...


31.03.2021  23:18 

Zabitin xatirələri və ya “Xilaskar güllə”nin nağılı





A+  A-

Ön söz əvəzi kimi
Bəri başdan deməyim yaxşıdı.
Ədəbi janrda nəsə yazmaq niyyətilə əlimə qələm almamışam. Həvəsim əsasən dəqiq elmlərə, texniki sahəyə olub. Odur ki, 2007-ci ildə təhsil aldığım Masallı rayonu, Ərkivan qəsəbəsi, şəhid Əlvan Bağırov adına tam orta məktəbi bitirəndə sənədlərimi Azərbaycan Texniki Universitetinə verdim. Elektrotexnika mühəndisi ixtisasına yiyələndim. 2011-13-cü illərdə hərbi xidmətdə olanda, üç aylıq zabitlik kursunu bitirdiyim üçün leytenant rütbəsində taqım komandiri idim. Hərbi xidməti başa vurub mülki işimə qayıtdım. Ailə qurdum. İki oğlum – Ariflə İslam dünyaya gəldilər...
Beş-altı cümlədən ibarət tərcümeyi-hal mənim otuz illik həyatımdı... Bir çox yaşıdlarım kimi, sadə həyat səhifəsi...


Haradan, necə başlayacağımı bilmirəm... Kimsə demişdi, cümlə yazmaq, dövlət qurmaqdan da çətindi (bunu indi dərk etdim). Yazacağım sözlər demək istədiklərimi ödəmir. Amma, necə olsa, yazmalıyam. Anlaşıqlı sadə dildə. Qoy gələcək nəsil – Arifin, İslamın yaşıdları atalarının kimliyindən xəbər tutsunlar. Himnimizdə deyildiyi kimi, Vətən, Torpaq, Müstəqil Azərbaycan uğrunda can verməyə hazır olan, qan tökməyə qadir olan atalarının Qarabağ torpağına sancdığı Üçrəngli Bayrağı ləyaqətlə, şərəflə qorusunlar. Onların qəhrəmanlığına dastan bağlasınlar, mahnılar bəstələsinlər, kitablar yazsınlar, filmlər çəksinlər... Qoy gələcək nəsillər dostun kim, düşmənin kim olduğunu bilsinlər... Zəfərlə sona çatan 44 günün hər anı dərsliklərə, millətin tarixinə yazılsın. Axı, bu şanlı tarix Vətən torpağına heç vaxt unudulmayacaq Şəhidlərimizin, Qazilərimizin qanıyla, damarında Milli Ruh qaynayan Azərbaycan əsgərinin Dəmir Yumruğuyla yazıldı... Bundan sonra da Dəmir Yumruq hələ neçə-neçə tarixi həqiqəti kar, kor, sərsəm dünyaya sübut edəcək... Bu inam sonsuzdur və bizi heç vaxt tərk etməyəcək!...

...Otuz il əvvəl – hələ mən və mənim yaşıdlarım dünyada olmayanda, nə olmuşdu, necə olmuşdu, Vətənin başına nə qovğalar açılmışdı, gözəllər gözəli Qarabağımızı saçından kim asdırmışdı, haqlı kim, haqsız kim idi... – bunu yalnız kitablardan, mətbuatdan, Birinci Qarabağ savaşının ağrı-acısını yaşayanların söhbətindən bilib eşitmişdik. Xocalı müsibətini televiziyadan izləmişdik. İzlədikcə, eşitdikcə dişimiz dilimizi kəsirdi. Açığını deyəcəm, bəzən atalarımızı, babalarımızı qınamaqdan da çəkinmədik... Axı, niyə belə olmalıydı?... Cavabsız suallar çox idi... Görünür, cavab verməyin də vaxtı, vədəsi varmış. Buna Zaman hökm verəcəymiş.
Gözlənilən an çatmışdı. VƏTƏN öz igidlərini otuz il saçından asılan gözəl Qarabağın xilası naminə qəvi düşmənlə döyüşə çağırırdı. Daha sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının xalqı birliyə, cəsarətə, hünərə səsləyən məhrəm, isti, inamlı müraciəti xalqın ruhunu döyüşə kökləyəcəkdi.... Ehtiyatda olan istehkamçı zabit kimi ön cəbhədə olmalıydım (hərbi dildə deyildiyi kimi, istehkamçı döyüşə birinci atılır, döyüşü hamıdan sonra tərk edir).

Sentyabrın 21-i. Saat 9-da hərbi komissarlıqda olmalıyam. Hələ nə baş verdiyini tam dərk etməyən Arifi, İslamı yanıma çağırdım. Anası onlara keçən həftə aldığım “əsgər paltarı”nı geyindirmişdi. Gülümsəyib ikisini də bərk-bərk qucaqladım. Bir qədər boylarını süzdüm, gözlərinin içinə baxdım... Anaları kövrəldiyini, dolan gözlərini gizlətmək üçün bir bəhanəylə mətbəxə keçdi... Hər şeyi yaddaşıma köçürmək istəyirdim. Beş il kirayədə yaşadığımız ikiotaqlı mənzilin daşı, divarı, şəbəkəli qapısı, hətta qəbiristana açılan pəncərəsi belə mənə doğma göründü...

On yaşım olanda dünyasını dəyişən anamın şəkli önündə dayandım... Gülümsəyən gözlərini, doğma simasını oxşadım və həmişə olduğu kimi daxili səslə: “Qanlı, qadalı yola çıxıram, Ana! Sən məni dünyaya bu müqəddəs yolun süvarisi olmaq üçün gətirdin. Birinci sinifdə oxuyanda “Azərbaycan” şeirini sən mənə öyrətdin. İndi boynumda olan haqqı ödəməyin vaxtı çatıbdı... Bilirəm, sağ olsaydın bütün gecəni yatmayıb dua-səna edəcəkdin... Başımın üstündə “Quran” saxlayıb məni Allaha tapşıracaqdın... Gedirəm, bilirəm ki, müqəddəs ruhun daim məni qoruyacaq....”
Və yola düşəndə yoldaşım ardımca su atdı. Bu anlarda hissimə hakim olmağa çalışırdım...

Hərbi komissarlığın həyəti qələbəlik idi. Savaşa can atan gənclər komissarın oxuduğu siyahıda adlarını eşitmək istəyirdilər. Adı siyahıda olmayanlar təkid edirdilər... Qürurverici mənzərəydi.Mənimlə yanaşı dayanmış atam, qardaşım, əmim hamını məhəbbətlə süzür və bir neçə gündən sonra qəhrəmanlıq salnaməsi yazacaq gənclərə diqqət çəkirdilər.Bir qədər kənarda, valideynlərin arasında həmişə həyanım olan, uğurlarıma sevinən, kədərimi bölüşən, ziyası ilə yolumu işıqlandıran, hamının hörmətlə “Ayiq müəllim” – deyə müraciət etdiyi, mən isə adıyla deyil, “Bircə Dayım” deyib sığındığım Ayiq Səmədov dayanmışdı... O həmişəki kimi, şux ovqatla məni qucaqladı. Halımı, əhvalımı sınayıcı nəzərlə süzdü... və ayrılanda ərklə çiyinlərimi sıxıb özünəməxsus tərzdə: – “Cəsarət, dəyanət, qorxmazlıq və lazımi anda özünü fəda etmək nəslimizə xas olan keyfiyyətdir. Bunu unutma!” – dedi.
Yolumuz Qarabağadı. Bizi aparan avtobusun sürücüsü sanki vətənpərvər ruhlu mahnılardan çələng hörmüşdü... Bir neçə döyüşçü coğrafi biliyini nümayiş etdirirmiş kimi mübahisədən yorulmurdular. Füzuliyə çatınca Qarabağın tutqun mənzərələri məndə müxtəlif hisslər doğururdu: “Mənim gözəl diyarım, sənin hər şeyin var idi... Gur çayların, çiçəkli vadilərin, yüksək dağların, qırqovullu meşələrin, münbit torpağını becərən, adına mahnılar qoşulan sadə, əməksevər övladların var idi...”
...Üzücü, sakit 26 sentyabr gecəsi. Başçısı olduğum taqımla səngərdə dayanıb komandirin əmrini gözləyirdik. Hər dəqiqə bir il kimi görünürdü. Quşların pırıltısı belə sinirləri tarıma çəkirdi. Rota komandiri bizimlə tez-tez əlaqə saxlayırdı. Növbəti dəfə səngərimizə yaxınlaşdı, mənə bir avtomat gülləsi verib sakit, təmkinli tərzdə dedi: “Arzulayıram ki, bu güllədən istifadə etməyəsən. Amma, müharibədir, hər şey ola bilər...”
Mənə verilən bu əlahiddə güllənin mahiyyətini, təyinatını yaxşı bilirdim. Sağkən əsir düşməkdən qoruyacaq “xilaskar güllə”...

Artıq, dan yeri sökülürdü. Tarixə yazılacaq 27 sentyabr. Komandiri olduğum istehkamçı dəstə “Allahu-Əkbər” sədası ilə irəli atıldı. Bu bizim Füzuli uğrunda ilk döyüşümüz idi... Detallarına varmayacam. Döyüşə-döyüşə Burğa dərəsindən düşmənin mövqeyinə tərəf irəliləyirdik. Göydən yerə mərmi yağırdı. Gündüz saat dörd olardı. Düşmənin minomyotlardan atdığı mərmilərdən bir neçəsi bizim söykəndiyimiz səngərə düşdü. Zərbənin gücü məni qaldırıb yerə vurdu... Kəllə-beyin travması aldığımdan bir müddət özümdə olmamışam. Zərbədən beynim silkələnir, qulaqlarım guruldayır, heç nə eşitmirdim.

Özümə gələndə gördüm ki, bir yoldaşımız həlak olub... İlk döyüşün, ilk şəhid əsgərin yaratdığı qorxunc mənzərənin nə demək olduğunu sözlə ifadə etmək mənim üçün çox çətindir. Amma, döyüşdükcə müharibəyə alışırsan. Qorxu, həyəcan geridə qalır. Onun yerini hansı ideal uğrunda apardığın savaşın məsuliyyəti tutur. Ayın, həftənin günləri barədə düşünməyə belə vaxt olmur. Yalnız irəli! Bir-birinin ardınca Füzulinin Alxanlı kəndində, Kənd Horadizdə, yaddaşımı itirdiyim üçün adını unutduğum Cəbrayılın neçə-neçə kəndində, Dostlar bulağında, Xocavəndin Tuğ kəndində, Böyük Tağlarda Azərbaycan bayrağını sancdıq. Qürurverici anlar bir-birini əvəz etsə də, qəhrəman şəhidlərimizin, yaralanan əsgərlərimizin ağrısı bu gün də qəlbimizdə göynəyir.
Xüsusilə, 10 yaşlı qızını, 11 yaşlı oğlunu nənəsinə tapşırıb Vətən döyüşünə yollanan tibb bacısı, həm də bütün döyüşçülərə doğma bacı olan Arəstə xanımın həlakı hamını sarsıtdı. Təcili yardım maşınında yaralılara ilk yardımı göstərəndə düşmənin snayper gülləsi sinəsindən dəymişdi... Şəhid bacımız Arəstə Baxışova haqqında yazmaq yazıçıların, şairlərin, dramaturqların boyun borcu olmalıdır.

Noyabrın 10-u, Ali Baş Komandan televiziya ilə çıxış edib Azərbaycan xalqını tarixi Qələbə münasibətilə təbrik edən gecə sevincdən səhərə qədər yatmadıq. Bir-birimizi qucaqlayıb təbrik etdik. Nə gizlədim, sevincdən ağlayanlar da vardı. Bütün gecəni keçdiyimiz döyüş yolundan fəxrlə danışırdıq. Şəhidlərimizi bir-bir xatırlayıb ruhlarına dualar oxuduq. Hospitallarda müalicə olunan qazilərimizi xatırladıq... Unudulmaz an idi.
İki gündən sonra müalicə almaq üçün hospitala göndərildim. Həkimlər gecikdiyimi bildirsələr də, tezliklə sağalacağımı dedilər. Müalicə hələ də davam edir... 2021-ci il, yanvar ayının 9-da ordudan tərxis olunub, bir an da gözümün qarşısından getməyən doğmalarımın yanına, ailəmə,son aylar lap doğmalaşan mənzilimizə alnı açıq, vüqarla qayıtdım. Məni qarşılamaq üçün “əsgər paltarlarını” geyinmiş Ariflə İslama zabit salamı verdim. Otağa girib anamın şəklini, gülər üzünü öpdüm. Sonra da “xilaskar gülləni” ömür-gün yoldaşıma hədiyyə olaraq bağışladım ki, gələcəkdə nəvələrinə “Xilaskar güllə” nağılını danışın.

Əvvəllər tez-tez səsləndirilən şüar, indi də aktuallığını itirməyib: “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” Bir neçə gündən sonra Ali Baş Komandanın Sərəncamı ilə fəxri adlar verilən siyahıda mən də var idim. “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdim.
Füzuli uğrunda döyüşlərdə göstərdiyim şücaətə görə, mənə vaxtından əvvəl baş leytenant rütbəsi verildi.

Gələcək nəsillər bilməlidir ki, İkinci Qarabağ savaşı yaranışdan bəri davam edən Xeyirlə Şərin savaşı idi.
Müttəhim – 30 il və qarımış, qocalmış, kar, kor, ədalətsiz Sərsəm Dünya.
Hakim – 44 gün və Milli Ruha tapınan Dəmir Yumruqlu Azərbaycan.
Sözardı:Döyüşə qatıldığım ilk gündən mənə bəyan olan İmaməliyə, Orxana, Nihada, Asimə, Toğrula və digər dostlarıma təşəkkürümü bildirirəm. Döyüş bölgəsində olarkən mənə və əsgərlırimizə baş çəkən, döyüşçülərimizə maddi kömək, ailəmə mənəvi dəstək göstərən əməkdaşı olduğum "BankRespublika"nın rəhbərliyinə sonsuz minnətdarlığımı bildidirəm.

Rövşən Mehtiyev,
Vətən Müharibəsi qazisi,
ehtiyatda olan baş leytenant










Xəbər 1564 dəfə oxunub.




19.04.2021  14:23 

Sabah 30 dərəcə isti olacaq

19.04.2021  14:11 

ABŞ-ın ən yaşlı insanı öldü

19.04.2021  10:58 

Məzənnədən yeni xəbər var

19.04.2021  09:55 

Bakıda uzun tıxac yarandı

19.04.2021  09:27 

Messidən bir oyunda üç rekord


BÜTÜN XƏBƏRLƏR +