“Nar”dan tələbələrə təqaüd proqramı
Rayonlara leysan yağacaq
Türkiyədə 110 hərbçi həbs edildi
Prezident Milli Məclisdə
Xatirə İslam efirdə ağladı - VİDEO
Cəbhədə yenə atəş səsləri eşidildi
Qoruqda ov etmək istədi
“Facebook”un işində problem yarandı
Viktoriya gölündə qəza - 44 nəfər öldü
Sabah bu qəsəbələrdə su olmayacaq


20.08.2018  13:11 

Bir cənub kəndində





A+  A-


Onun əsil adını çoxları bilmir və indi bilənlər də bilməyənlər kimi ona “Heydər əmi”- deyə müraciət edir, hörmət və ehtiram bəsləyirlər. İnsafən, çox zəhmətsevər insandır Heydər əmi. Günün yarısını əkin-biçinə, mal-qaraya sərf edər, sonra da ibadətlə məşğul olar. Olduqca duyğusaldır, xüsusən də Hz.İmam Hüseyn (ə) və Kərbəla vaqesindən söz düşəndə zar-zar ağlar və buldur-buldur göz yaşı axıdar - nədən ki, bir Əhli-beyt aşiqidir. Şeirə, şeiriyyata da çox həvəslidir – klassiklərdən müasirlərədək hərədən bir bənd də olsa sənə deyər. Özünün dediyi kimi, “canlı ensklopediyadır”. Xülasə, xalamın həyat yoldaşı olan Heydər əmi belə bir insandır.
Baməzə insan olmasa da, ara-sıra qəribə işləri olur Heydər əminin. Odur ki, bəzən özü də bilməsə, işlətdiyi ifadələr dilə-dişə düşür, onu bir xeyli müddət diqqət mərkəzində saxlayır. Bu xüsusda ona iki dəfə istinad edəcəyəm.
Bir neçə ayın söhbətidir. Heydər əmi bir gün məsciddə şam namazından sonra əllərini haqqın dərgahına qaldırıb uca səslə dua edərkən belə bir “tarixi” ifadə işlədir: “İlahi, hökümət bizi bağışladı, Sən də bağışla”. İlk öncə deyim ki, Heydər əmi ailəlikcə şər-xəta işlərdən bilmərrə uzaq adamlardırlar və sadə həyat tərzi ilə günü aya, ayı da ilə calayıb ömür sürərlər. Yəni, nə belə bir cinayət etməyiblər, nə də həmin cinayətə görə əhv olunmayıblar ki, adamın ağlından onların bağışlanması keçsin. Yəqin ki, həmkəndlilərini nəzərdə tutur. Elə isə, necə oldu ki, bu “bağışlanma” məsələsini ondan savayı bir kimsə duymadı? Və görəsən, onun Allaha xitabən “bağışla” deməsinin alt qatındakı mənanın yalvarışdan daha çox tələbə bənzədiyinin, “yəni hökümət bizi bağışlayıb, Sən də bağışlamalısan” deməsinin fərqinə varan olubmu heç?
Heydər əmi hökümət deyəndə, görəsən nəyi, yaxud kimləri nəzərdə tutur? Əgər, yerli höküməti – Boradigah qəsəbə icra nümayəndəsi Əkbər Cəfərovu, bələdiyyə sədri Nərgiz Məmmədovanı, yaxud Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovu nəzərdə tutursa, yanılışlığa yol verir, çünki onların belə bir səlahiyyəti yoxdur. Yox, əgər mərkəzi höküməti – Nazirlər kabinetinin sədrini, yaxud da dövlət başçısını zənn edibsə, yenə də yanılışlığa yol verir. Nə belə bir qərar verilməyib, nə də əlahiddə sərəncam imzalanmayıb. Bəs, Heydər əmidə bu əminlik nədəndir, axı?
Əslində, o, haqlıdır. Elə Heydər əminin gözləri qarşısında o qədər haqqı nahaqqa yem ediblər ki… O da haqlı olaraq düşünür ki, bu qədər hoqqalara göz yumulur və ört-basdır edilirsə, həm də kimsəyə gözün üstə qaşın var deyilmirsə, demək, bu bir “bağışlanmadır”. Bu məntiqlə Heydər əmi haqlıdan da haqlıdır, yəni bəndə “bağışlayırsa”, Allah niyə də bağışlamasın.
O, uzun illər çayçılıq təsərrüfatında briqadir işləyib. Həm də vicdanla işləyib. Doxsanıncı illərin ortalarında bir qərarla kəndin hektarlarla əsas təsərrüfat sahəsi – çay kolları məhv edildi. Hamı kimi Heydər əmi də susdu. Kəndin iki çay fabriki xammalla təchiz olunmadığından özəlləşdirmə adıyla satışa çıxarıldı və əslində “bağışlanıldı” (indi onlardan biri kimyəvi bazaya keçidin bircə addımlığındadır və bunun “ləzzətini” tezliklə hamı dadacaq). Sonradan isə Çaylıq ərazisindəki meşə zolaqları – xüsusilə Eldar şamları və Qırmızı kitaba salınmış bütün Nil ağaçlarının başı bədənindən üzüldü, ərazisi zəbt olundu, həm də Heydər əminin gözləri qarşısında. Əslində, elə o gün Heydər əmi hönkür-hönkür ağlamalı və fəryad edib hayqırtısını ərşə bülənd etməliydi. O da digərləri kimi, sadəcə, məlul-məlul bu acı mənzərəni seyr etdi və bəlkə də ürəyində yüz dəfə “mənə nə” dedi. Bu susqunluq rəzalətə düşmənin və zəlalətə layiq olmanın isbatı idi. Heydər əmi görəndə ki, bu qədər həngamədən sonra kimsəyə bircə kəlmə də deyilmədi və haqlı olaraq zənn edəcəkdi ki, hökümət həqiqətən də onları bağışlayıb…
Bir gün icra başçısı Rafil Hüseynov kəndə gələrək nəyə görəsə sakinlərlə görüş keçirir. Görüş əsnasında Heydər əmi maraqlı təklif irəli sürür. İcra başçısından xahiş edir ki, kəndin mərkəzində mərhum prezident Heydər Əliyevin büstünün qoyulması üçün fondun yaradılşında yardımçı olsun. Özü də hər ay aldığı pensiyasının yarısını həmin fonda köçürəcəyini vəd edir. Bu xəbəri eşidəndə əhvalım tamam dəyişdi. Ona görə yox ki, bu adamın qazancı özünə güclə yetir və yaxud bu sözlərində Heydər əmi qeyri-səmimi olub, əsla yox. Ona görə ki, artıq kəndimizin nəinki mərkəzi yoxdur, ümumiyyətlə mərhum prezidentə büst qoyulacaq abırlı bir yeri də qalmayıb, yəni zəbt olunub. Əgər, o, mərhum eks prezidentin bir zamanlar işlətdiyi və şüara çevrilən tarixi bir çıxışını, yəni – hər bir ağac kəsiləndə elə bilirəm ki, övladlarımın qolları kəsilir – sözlərini rəhbər tutaraq, təkcə Çaylıq ərazisindəki meşə zolaqlarının zəbt olunmasına, ağacların kəsilərək faunaya ciddi ziyan vurulmasına, bununla da ekoloji tarazılığın pozulmasına diqqət çəksəydi və bütün bu acı mənzərəni görmək üçün icra başçısını Çaylıq ərazisinə dəvət etsəydi, habelə, böyük bir qəsəbənin bir dənə də olsun zibil daşıyan maşınının olmamasından, bu səbəbdən də kəndin ortasından keçən Boradigah çayının zibil yığnağı ilə fəlakətli və onu bu hala salan ixtiyar sahiblərinin iyrənc simasına çevrilməsindən, uşaq bağçası və uşaq xəstəxanasının “özəlləşdirilib” birdəfəlik yox edilməsindən, bir neçə ildir ki, inşa edilən müasir tipli idman kompleksinin “sehirli” qapılarının açılmamasından, Çaylıq ərazisində pay torpaqlarının zəbt edilərək yerində evlərin inşa edilməsindən, oradakı su hövzələrinin (su bəndləri) dağıdılmasından, işığın və qazın fasilələrlə verilməsindən, iş yerlərinin olmamasından və s. bu kimi məsələlərdən söz açsaydı, o zaman Heydər əmi yalnız alqışlanardı və daha səmimi olduğu qənaətini yaradardı. Başçı da həm özünün, həm də tabeçiliyində olanların məsuliyyətsizliyi səbəbindən böyük bir ərazinin necə viran qaldığını öz gözləri ilə görərdi (tədbir görərdi, yaxud görməzdi, bu, ayrı məsələdir).O isə...
Ötən yazılarımdan (Bizim kəndin “nağılı” və Boradigah “toz” içində) sonra həmkəndlilərimdən bir neçəsi sosial şəbəkələrdə “vəcdə” gələrək məni qeyri-obyektivlikdə ittiham etməyə çalışdılar. Birisi, hətta daha irəli gedərək “irad dolu məqalə yazmaq asandır, o iradları aradan qaldırmaq lazımdır” deməklə məsləhət verməyi də unutmadı. Bu şəxsin qənaətinə görə, elə bil qəsəbənin icra nümayəndəsi, bələdiyyə sədri, yaxud da rayonun icra başçısı mənəm və problemləri də özüm yaratdığım kimi, elə özüm də həll etməliyəm. Adam anlamır ki, problemləri və onun həlli yollarını göstərmək mənim görəvimdirsə, məsələnin köklü şəkildə həll olunmasında dəstək olmaq, səsimə səs vermək də onların görəvidir. Mən buradan hayqıraraq sizləri “qış yuxusundan” oyatmağa, içinizdəki çəkingənliyi, qorxu və xofu dəf edərək qanuni haqlarınızı qanuni şəkildə tələb etməyə səslədikcə, susursunuz, heç fərqində də deyilsiniz, amma mənə irad bildirməklə sanki qalibiyyət mücəsiməsi olduğunuzu güman edirsiniz.
Deyirsiniz ki, kənddə onlarla ailənin dağılmamasında vasitəçi olmusunuz. Gözəl və alqışlanası təşəbbüsdür. Amma şəxsinizə bir neçə kəlmə ilə ərz etmək istəyirəm ki, siz bununla səbəbi aradan qaldırmamısınız, sadəcə nəticəni bir qədər gecikdirmisiniz. Siz çiyninizi o sütuna nə qədər dayaq versəniz də, xeyri olmayacaq, dağılmağa doğru gedən ev istəməsək də günlərin xoş olmayan bir günündə dağılacaq. Çünki onun bünövrəsi qumlar üzərində qurulmuş binaya bənzər və uçacaq. Mütləq deyil ki, talaq verilsin və ya məhkəmə yolu ilə boşanılsın. Orada qərarlaşan insanların içindəki boşluq o evi mütləq viran qoyacaq – hər nə qədər bir damın altında olsan da – burda üç-beş uşaq anası və ya atası olmaq da şərtidir. Artıq sən o evin sahibi deyilsən, o ev də bir ev deyil, viranədir. Bəs, səbəb nədir? Savadsızlıqmı, gerizəkalıqmı, nadanlıqmı, yaxud buna bənzər digər səbəblərmi? Əslində, hərəsindən bir damla var.
Müasir dövrün diqtəsi tamam ayrıdır. Əgər, yaxın keçmişdə kəndimizdə boşanma hadisəsi bir və iki olubsa, o da heç bir halda qadınların günahı (qeyri-əxlaqi hərəkətləri) üzündən olmayıb – ya ər başdanxarab olub, ya da uşağın olmaması səbəbindən. Bu gün, təkcə, kəndimizdə dağılmaq üzrə olan onlarla ailənin mövcudluğu etiraf olunursa, bu, fəlakətin astanası deyil, sonluğunun bircə addımlığıdır. Bu gün əksəriyyəti virtual dünyanın girovuna çevrilən, xoşbəxtliyi və içindəki tənhalığın “sirdaşını” Facebook, Whatsapp yazışmalarında axtaran, dünyanın mənzərəsini əcaib tele-seriallarda görən və özünü oradakı “qəhrəmanların” hansı birinəsə bənzədən, ortabab savadı belə olmayan, fəqət, real həyat həqiqətlərindən uzaq olan 14-15-16 yaşlı zavallı qız uşaqlarının kəbinini tam yetkinləşməmiş 18-20 yaşlı oğlan uşaqlarına kəsməklə yeni yaranmış ailələrin sütunu elə ilk gündən sarsıdılır. Mən bunun dövləti məsuliyyətini bir kənara qoyuram, mənəvi ağırlığının çəkisini bilirsinizmi, heç? Bünövrəni özümüz sarsıdırıq, sonra da çiyinlərimizi o sütunlara dayaq verib haray qoparırıq ki, “ay aman, qoymayın dağılsın!”
İnsan bioloji varlıq olaraq ruh və cismin vəhdətinin təcəllasıdır. Biri digərini tamamlamayanda axsamalar qaçılmaz olur, ikisi natamam olanda isə fəlakət. Ruh təhsilimiz, səhiyyəmiz isə cismimizdir. Bu gün bunların hər ikisi demək olar ki, xəstədir (ara-sıra koma halına da düşürlər). Bu, birbaşa cəmiyyətə sirayət edir və ona görə də dəyərlərin itdiyi yerdə heç nəyin dəyəri, tam sağlam olmayan cəmiyyətlərdə isə bədənin heç bir əzası sağlam olmur. Əgər, sənin yüksək ranqlı məmurların, elə səhiyyə nazirinin özü tabeçiliyində olan həkimlərə etibar etməyib də xarici ölkələrə üz tutursa, demək həyatın heç də sağlam əllərdə deyil. Sən əmin ol ki, artıq “sağmal” pasient statusundasan və əlindəki reseptlə “həkim-firma-aptek işbirliyi” məngənəsində əziləcəksən, səsini eşidən də olmayacaq. Bu, aşağı ranqlı kəsim üçün düşünülmüş “sınaq-təcrübə laboratoriyasıdır”, burada hələ çox qovrulacağıq.
Ötən əsin 20-ci ilində - Azərbaycanda sovet hakimiyyətinin qurulduğu zamanda Cəlil Məmmədquluzadə naşiri olduğu “Molla Nəsrəddin” jurnalını götürüb ailəliklə İrana – Cənubi Azərbaycana (Təbriz şəhərinə) köçür və fəaliyyətini orada davam etdirir. 1922-ci ildə hökumət başçısı N.Nərimanov ona məktub ünvanlayaraq, respublikada sabit həyat şəraitinin qurulduğunu qeyd edir və vətənə dönərək fəaliyyətini burada davam etdirməsini ondan xahiş edir. C.Məmmədquluzadə bu xahişi nəzərə alaraq elə həmin il geri – Bakıya qayıdır. Bir gün o, şəhəri gəzərkən qəribə hadisəylə qarşılaşır: yeni bir tikilinin qarşısında dayanıb onu seyr edən zaman kimsə çiyni ilə onun çiyninə toxunur və “nə baxırsan dəvə nalbəndə baxan kimi” deyib sual edir. Mirzə Cəlil qarşısındakının cahil və nadan olduğunu bilsə də, ədəb və təmkinlə “elə-belə baxıram” deyir və ondan uzaqlaşmaq istəyir. O isə - “yox, sən dəvə nalbəndə baxan kimi baxırsan”, deyib inad edir və C.Məmmədquluzadəni münaqişəyə çəkmək istəyir. Bu dəfə böyük ədib “səhv etmişəm, bir də heç zaman baxmaram” desə də, çağırılmamış qonaq əl çəkmək istəmir və eyni sözü təkrar-təkrar söyləyir. Bu zaman iki nəfər həmin şəxsə yaxınlaşır və qollarını qandalayıb aparmaq istərkən, yazıçı onların kim olduğunu və nə üçün belə hərəkət etdiklərinin səbəbini soruşur. Onların hökumət başçısı N.Nərimanov tərəfindən onun mühazəsi üçün təhkim edilmiş xəfiyyəçi olduqlarını eşidəndə Mirzə Cəlilin sözləri çox ibrətamiz olur: “Gedin, Doktor Nərimana deyin ki, onu yox, onun tərbiyəsini həbs etsinlər, müəllimini həbs etsinlər, məni həbs edin, mənəm günahkar. Zamanında biz ona təhsil və tərbiyə verə bilsəydik, o, bu gün cahil olmaz və nadanlıq etməzdi”.
Bu bir həqiqətdir ki, təhsil və tərbiyənin aşağı olduğu cəmiyyətlərdə istənilən fəsadların – oğurluq, narkomaniya, qətl və qarətlərin, habelə, digər ağlasığmaz hərəkətlərin baş verməsi qaçılmazdır, bundan heç kim sığortalana da bilməz: bəla hər kəsi qəfil anda öz ağuşuna alacaqdır. Elə son günlərin bir nömrəli “söhbət” mövzusu olan, amma kəndimizə, onun insanlarının əxlaqına xarakterik olmayan qətl hadisəsi bunun əyani sübutudur. Təsəvvür edin, ata öz ciyərparəsini – üç uşaq anası olan qızını paytaxtda – hamının gözü qarşısında amansızlıqla qətlə yetirir. Hadisənin baş vermə anından sonra rəylər o qədər rəngarəng olur ki, adam həqiqətlə gümanın arasında çaş-baş qalır, səbəbin nəticəyə olan uyğunluğunu ayırd etməkdə çətinlik çəkir. Bir qism deyir ki, “kişi adamdır, söz verdi və yerinə də yetirdi”, digər qism deyir ki, “gərək, bir qədər səbir edib araşdıraydı” və s. İndi bütün bu deyilənlər daldan atılan daşdır ki, hamı da gedib topuğa dəyir. Bu daşlardan bir neçəsi zamanında başa dəysəydi, əmin olun ki, bu gün baş gedib özü daşa dəyməyəcəkdi, ən azından bir ailə viran qalmayacaqdı. Bəs, burda kimdir günahkar? Qızını qətlə yetirən atamı, yoxsa o atanı qətlə sürükləyən cəmiyyətmi? Burada hər kəs fərqli qiymətləndirmə edə bilər, amma düşünürəm ki, o, bu qətlin təkbaşına icraçısı deyil. Ona qatil libası geydirən, onu həqiqəti aydınlaşdırmağa macal verməyən tənəli baxışlar, tikanlı sözlər, qısası, bu qətlin sifarişçisi cəmiyyətin özü olmuşdur. O, bu addımı atmazdan, yəni 230--240 km məsafəni qət edib kənddən paytaxta gəlməzdən əvvəl artıq “sosial sifarişi” icra etmişdi, qətl hadisəsi o gün baş vermişdi. Onu – İlqar Qurbanovu qətlə sürükləmək lazım deyildi, onun yanında olmaq, həqiqəti aydınlaşdırmaqda ona yardım etmək daha vacib idi. İndi hər nə qədər “bəlkə, elə olsaydı, yaxud bəlkə, belə olmasaydı” deyilsə də, faydasızdır. Bircə anlıq da olsa, indi onun hansı hisləri yaşadığını təsəvvür etmək, bilirsinizmi, necə də dəhşətlidir: qətl anı və bir də dörd divar arasında doğma balasının donuq baxışları ilə baş-başa qalmaq. Indi hamı “Allah qapısını açsın” deyir. Siz hansı qapını deyirsiniz, arkadaşlar? Indi onun nə qapısı, nə də pəncərəsi var. Bu gün onun məhbəs həyatını yaşayan sadəcə cismidir, ruhən isə o, artıq ölüdür. Və bilin ki, bunun baiskarı həm də sizlər oldunuz...
Bu, bir inkarsız həqiqətdir ki, müəllim öz şagirdinin, tələbəsinin inkişafını arzulamazsa, buna səy göstərməzsə, o cəmiyyətdə inkişaf olmaz, geriləmə və cırlaşma qaçılmaz olar. Yəni, təhsil – elm, savad və onu aşılayan müəllim inkişafın əsas dayaq nöqtəsidir. Bu dayaq sarsıdısa, cəmiyyətin reaksiyası da ona uyğun olacaq. Bu gün ölkənin təhsil ocaqlarında baş verən xoşagəlməz hadisələri (əxlaqsızlıqları) eşidəndə artıq təəccüblənmirik. Bunu, sadəcə, “növbəti olay” kimi dəyərləndirib, bir müddət sonra da unuduruq.
Müəllim, sözün bütün mənalarında Böyük olmalıdır - kəndimizdəki orta məktəbə 60 ilə yaxın müddətə rəhbrlik etmiş mərhum Nəriman müəllim (Hüseynov) kimi. Bu insan bir dəfə də olsun qız uşaqlarının məktəbin həyətində olduğu zaman içəri daxil olmazdı. Çöldə qız uşaqlarının qalmadığına tam əmin olduqdan sonra otağına daxil olardı və demək olar ki, hər gün sinif otaqlarını bir-bir gəzər, dərsə davamiyyətlə maraqlanardı. Bir dəfə də olsun, qadın müəllimələrinin üzünə baxmazdı. O, həqiqətən də müəllimlərin müəllimi idi, bir çoxları kimi formal məktəb direktoru deyildi. O Böyük müəllimi də diriykən öldürdülər. Həm də sadə bir üsulla. Günlərin birində müəllimlərdən bir qrupu yığışaraq qərara alırlar ki, artıq Nəriman müəllim yaşlaşıb və (onu öz aralarından biri olmaqla) kiminləsə əvəzləmək lazımdır. Nəriman müəllim beləcə “yola” salınır. Amma burada onların gerçək istəyi də reallaşmır və Hacı Əbdülün “hacı leylək” məsəlinə bənzər olay baş verir. İndi onu kim əvəzləyir, necə əvəzləyir, onu da sizlər deyin...
Ramazanda – ikinci əhya gecəsində yolum kəndə düşmüşdü. Kəndimizdə yeni inşa edilən məscidə gedib bu abidəni bir daha yaxından izləmək qərarına gəldim. Məscid həqiqətən olduqca əzəmətlidir. Kəndin imkanlı şəxslərinin vəsaiti hesabına ucaldılan bu dini ibadətgah qadınlı-kişili minə yaxın insan tutumuna malikdir və bölgədə ən əzəmətli məscid hesab olunur. Onun inşası zamanı bir çoxları bilir ki, neçə-neçə açılmayan qapı “hörmətlə” açılıb, nifrətlə örtülüb. Nə isə... Məscidin həyətində min iki yüz nəfərlik ehsan süfrəsi açılmışdı. Növbənöv təamlar adama gəl-gəl desə də, xəyalımdan özgə fikirlər keçdi: düşündüm ki, bu məscidin yerinə daha müasir tipli bir məktəb binası, yaxud, mövcud olan hər iki orta məktəbin əsaslı təmiri və yaxud da uşaq baxçasının inşası, müəllimlərin bir neçə onillik maddi təminatı, paytaxtda ali təhsil alan həmkəndlilərimin təhsil haqlarının ödənilməsi və s. daha yaxşı olmazdımı? Biriləri burada məni dinsizlikdə qınaya da bilər. Amma gerçəklik tamam ayrı şeyləri diqtə edir. Bu məscidə qədər də kəndimizdə məscid olub (bu gün də fəaliyyət göstərir), həm də düz, 70 il qapısı bağlı vəziyyətdə. O zamanla indini müqayisə edəndə göz önündə fərqli mənzərə canlanır. Əgər, o zaman hər 50-60 nəfərdən biri ibadətlə məşğul olurdusa, indi isə hər 5-6 nəfərdən biri. Etiqad məsələsinə gəldikdə, dünənlə bu günü də müqayisə etmək düzgün hesab olunmaz. O zaman insanlar daha etiqadlı, daha imanlı idilər, nəinki indi – bu, həqiqətdir və danılmazdır (bu, ölkənin hər tərəfində belədir). Burda bir haşiyə çıxmaq istərdim: indi kəndimizdə demək olar ki, toy şənliklərində spirtli içkilər verilmir, bir çoxları da dərviş toyuna üstünlük verir. Gəlin, müqayisə edək: o zaman bir dənə də olsun ailədaxili münaqişə qeydə alınmazdı, əgər, bu hal baş verərdisə, tez də qarşısı alınardı. Baxın, artıq “bismillahlı” toy da işə yaramır – boşanmalar, ailədaxili münaqişələr artmaqda davam edir. Bilirsinizmi niyə? “Yeddi oğul istərəm” filmində deyildiyi kimi, artıq “dəyişib hər şeyin əvvəlki halı...”.
Bu xəyal içrə məscidi tərk edib geri dönmək istərkən tanışlardan biri qarşımı kəsərək “bəs, sən bu gecə əhya saxlamayacaqsan”,- deyə sual etdi və süni şəkildə yazıq görkəm alıb bir xeyli də üzümə baxdı. İlin bir-iki gecəsini (özükimilərlə bərabər) oyaq qalıb, yerdə qalan günlərini qəflət yuxusunda keçirən, namaz qılarkən içindəki şeytan ondan əvvəl səcdəyə qapılan, haqla batilin kəsişdiyi nöqtədə dili “La ilahə illəllaha” gəlməyən bu zavallıya “qoy, yuxunuz şirin olsun” demək istəsəm də, demədim. Sadəcə, təbəssüm edərək daha aydın sabahlara çıxmaq niyyəti ilə geri döndüm.
Yolboyu şair-qəzəlxan Hacı Arif Buzovnalının bir qəzəlini içimdə təkrarladıqca, sanki ruhum rahatlanırdı:

...Ey bəlakeşlər, sizə həmdərd olan Arif mənəm
Haqqı elan eləməkçün mən qəzəlxan olmuşam...

Vasif Hüseynov


Xəbər 3413 dəfə oxunub.



21.09.2018  17:39 

Mustafanı iş adamına dəyişdi?

21.09.2018  13:37 

Rayonlara leysan yağacaq

21.09.2018  11:32 

Elmar Məmmədyarov Nyu-Yorka getdi

21.09.2018  11:09 

Prezident Milli Məclisdə

21.09.2018  10:06 

Vyetnam prezidenti vəfat etdi

21.09.2018  09:57 

Qoruqda ov etmək istədi


BÜTÜN XƏBƏRLƏR +