17.01.2025 11:31
“Müqəddəs“ Mariyanın “vəkil“liyi...
Qəribədir, Moskva və Tehran rejimləri Cənubi Qafqazdakı yeganə zəhərli "ilan"ı - Ermənistanı özləri bəsləyib yetişdirsələr də, lakin indi onlar birdən-birə bu "ilan"ın əfiliyindən, xəyanətindən gileylənməyə başlayıblar.
Yeri gəlmişkən, xainliyi, məkrliliyi, saxtakarlığı və bütün digər mənəvi-siyasi neqativlikləri "Ermənistan" adlı qurama dövlətə məhz Kremlin özü həm molla rejimi ilə, həm də ki, keçmiş Minsk qrupundakı həmsədr ölkələrlə - ABŞ və Fransa ilə əlbir olaraq öyrədib. Ancaq indi Ermənistan Kremlə asi olan kimi Rusiya XİN-i dərhal Ermənistanı "yaş yuyub, quru sərməyə başlayıb". Və bu zaman Azərbaycanın da adından istinad nöqtəsi kimi, əlavə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
Söhbət ilk növbədə "böyük və dahi" diplomat Sergey Lavrovun yetirməsi, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın haylı-küylü açıqlamalarından gedir. Belə ki, son günlər Rusiya XİN ilə Ermənistan hökuməti arasında söz atışması yaşanır. Və Ermənistanın həm Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini təsdiqləməsi, həm də Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ilə heç cürə barışa bilməyən rəsmi Moskva İrəvana qarşı psixoloji və siyasi təzyiqləri artırır.
Ötən gün keçirilən ənənəvi brifinqdə isə Mariya Zaxarova Ermənistandakı Avropa İttifaqının (Aİ) mülki missiyasının qalma müddətinin uzadılmasının mümkünlüyü məsələsinə toxunub və bildirib ki, Moskvanın bu missiyanın fəaliyyətinə münasibəti mənfidir.
Zaxarova bunu onunla əsaslandırıb ki, Aİ missiyası Cənubi Qafqaz regionuna yad cisimdir. Və bu zaman Azərbaycan da Zaxarovanın yadına düşüb. O, öz açıqlamasında Azərbaycan "kart"ından istifadə etməyə başlayıb.
Sitat:
“Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər Aİ missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir? Və nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”.
Zaxarova ilk baxışdan tam haqlıdır. Bəli, Aİ-nin məlum missiyasının fəaliyyət müddətinin artırılması qərarı rəsmi Bakının razılığı olmadan verilməməlidir. Bu məsələdə Azərbaycanın rəyi mütləq şəkildə nəzərə alınmalıdır.
Ancaq iş burasındadır ki, 2023-cü ilin 19-20 sentyabrına qədər (yəni lokal antiterror əməliyyatını keçirməyimizə qədər) təkcə İrəvan və Paris-Vaşinqton "duet"i deyil, elə Moskvanın özü də Azərbaycanın rəylərini nəzərə almamağa çalışırdı.
Belə ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) Rusiya tərəfinə müraciət edirdi ki, Qarabağdakı keçmiş Rusiya sülhməramlı kontingentinin nəzarət postlarının sayı Bakı ilə razılaşdırılmadan birtərəfli qaydada artırılmasın. Lakin Rusiya MN bizim bu müraciətlərimizi qulaqardına vururdu.
Və yaxud da ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lavrovun rəhbərlik etdiyi XİN-ə və Şoyqunun rəhbərlik etdiyi MN-ə müraciət edirdi ki, Qarabağdakı həmin sülhməramlı kontingentin fəaliyyətinə dair həftəlik hesabatlarında Azərbaycana məxsus yer adları "Stepanakert", "Şuşi", "Berdzor", "Martuni" və s. kimi təqdim edilməsin. Lakin Rusiyanın sözügedən nazirlikləri rəsmi Bakının bu müraciətlərinə də qətiyyən məhəl qoymurdu.
Rusiya tərəfinin həmin dövrdə məhz separatçıların maraqlarına uyğun hərəkət edərək, Bakının rəyini nəzərə almadan atdığı addımlar barədə çox danışmaq olar.
Məhz bunun nəticəsidir ki, Rusiyanın bu cür ədalətsiz diplomatiya "məktəbi"ni keçmiş Ermənistan indi də eyni qayda ilə hərəkət edərək həm Bakının, həm də Moskvanın rəyini nəzərə almadan destruktiv addımlar atır.
Lakin bu, artıq bizim öz problemimizdir. Moskva bizim adımızdan istifadə edərək bu işə burnunu soxmamalıdır. İrəvan bizim rəyimizi nəzərə almadan, Makronun diktəsi ilə hərəkət edərək Aİ missiyasının qalma müddətini artırmaq yolunu tutursa, Azərbaycan tərəfindən buna müvafiq cavabını da alacaq. Odur ki, bizim bu məsələdə "müqəddəs" Mariyanın "vəkil"lik dəstəyinə ehtiyacımız yoxdur.
M.Zaxarovanın sözügedən həftəlik brifinqdə Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən müşahidə missiyasından danışarkən, “bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri göz qabağındadır" ifadəsini işlətməsi də məkrli açıqlamadır. Bu, bizi zorla Rusiya və İranla bir müstəvidə, eyni düşərgədə göstərmək məqsədinə xidmət edir. Hal bu ki, biz Rusiya və İranla eyni cinahda deyilik. Azərbaycan müstəqil xətt yürütməyə üstünlük verir. Və bu da hazırkı məqamda ən optimal yoldur.
P.S.
Rusiya və İran isə Azərbaycan və Türkiyəyə qarşı bəsləyib himayə etdikləri, lakin hazırda isə nəzarətlərindən çıxan "ilan"ı (Ermənistanı) seyid Əhmədin (Azərbaycanın) əliylə tutmağa çalışmasınlar.
P.P.S.
M.Zaxarovanın Rusiyanı nəzərdə tutaraq, "regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçu" ifadəsini işlətməsi isə sadəcə gülməlidir. Rusiya və onun yandaşı İran regionda vəziyyətin yaxşılaşdırılmasında heç vaxt maraqlı olmayıb. Ruslar və farslar Cənubi Qafqaza həmişə imperiyanın "arxa bağça"sı kimi baxıblar və bu gün də bu vəziyyəti qoruyub saxlamağa çalışırlar.
Bəybala Mirzəyev
Xəbər 474 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|