Rayonlara qar yağacaq
Nazirlik bələdiyyə sədrini cərimələdi
Konqresin sədri Trampı korrupsiyada ittiham etdi
Bu gündən Bakıya istilik verilir
Sabahdan məktəblərdə tətil başlayır
Venesiyada fövqəladə vəziyyət elan olundu
Dəm qazı daha bir can aldı
Küveyt əmiri hökumətin istefasını qəbul etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Bu ərəb dövlətində hökumət istefa verdi


27.12.2017  10:34 

Hikmət Cavadov: “Ukraynadakı səfirimiz qarşımıza daş-kəsək tökməklə məşğuldur“





A+  A-

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son aylar yenə də dünya siyasətinin gündəmindədir. Onun Ukraynada yeni inqilabi dalğa başladığı, məruz qaldığı təzyiq və təhdidlər hər gün ekranlara gəlir. Onun dəstəkçiləri sırasında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da xüsusilə fərqlənir.
Hər zaman Saakaşvilinin yanında olan, “Maydan”dakı mitinqdə onun müdafiəsinə həsr olunan çıxış edən H.Cavadov “Yeni Müsavat”ın müxbiri ilə söhbətində Saakaşvili ilə tanışlığından, onun Ukraynadakı azərbaycanlılar tərəfindən dəstəklənməsindən və diasporanın durumundan danışdı.

XəzərNews.az onunla müsahibəni təqdim edir?

- Hikmət bəy, sizi “Saakaşvilinin yanındakı azərbaycanlı” deyə təqdim etmək istəyirik. Haradan başlanıb tanışlığınız?

- Mixail Saakaşvili ilə şəxsi tanışlığım 2014-cü ilə təsadüf edir. O zaman Ukraynada baş tutan görüşdə bu ölkədə rəhbərlik etdiyim təşkilatın həyata keçirdiyi layihələr haqqında söhbət etmişdik. Sonra 2015-ci ildə Saakaşvilinin yaratdığı antikorrupsiya forumunun iştirakçısı oldum və orada da görüşmüşdük. O, Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verib Kiyevə döndükdən sonra Yeni Qüvvələrin Hərəkatı Partiyasını yaratdı və Ukraynanın daxili siyasətində aktiv iştirak etmək üçün komandasını formalaşdırmağa başladı. Elə o gündən etibarən partiyanın fəaliyyətinə töhfə verməyə çalışıram. Bildiyiniz kimi, postsovet məkanında son 13 ildə ən maraqlı siyasi proseslər məhz Ukraynada yaşanır. Bu qısa zaman kəsiyində 2 inqilabın baş verməsi və hazırda da 3-cü inqilaba hazırlıqlar bunun isbatıdır. Hətta siyasi analitiklər postsovet məkanında olan bütün süni yaradılmış problemlərin, eləcə də heç kimin istəmədiyi “böyük qardaşın” təzyiqlərinin aradan qaldırılmasının çarəsinin də bu ölkədə aparılan mübarizənin nəticəsindən asılı olacağını vurğulayırlar.

- Saakaşvili barədə ziddiyyətli fikirlər çoxdur. Onun publikaya oynadığını deyənlər də var, vətənpərvər, korrupsiya əleyhdarı olan vicdanlı siyasətçi adlandıranlar da. Saakaşvili əslində necə siyasətçidir?

- Saakaşvili haqqında çox şeylər danışılır. Məsələn, Putin son mətbuat konfransında onun adını altı dəfə çəkib. Əlbəttə ki, pisləyib. Çünki Ukraynada baş verə biləcək proseslərdən ehtiyat edir. Gürcüstanın indiki prezidenti Marqvelaşvili isə müsahibəsində Saakaşvilinin Gürcüstanda korrupsiyanı məhv edə bildiyini açıqlayıb.

Etiraf edək ki, Saakaşvili dünya səviyyəsində tanınmış, Rusiyaya kimi nəhəng imperiyaya meydan oxuya biləcək qədər cəsur, bir ölkədə 9 il prezident olub sonradan başqa ölkədə ən güclü müxalifət partiyasını yaradaraq onun lideri olacaq qədər ağıllı, Ukraynada korrupsiyaya, oliqarxlar hakimiyyətinə qarşı 3-cü Maydanı başladacaq, Ukraynanı Avropa ölkəsinə çevirə biləcək komandası olan siyasətçidir.

Saakaşvili ilə bir partiyada olmaq qərarımın iki səbəbi var. Birincisi, həyatımda ən çox nifrət etdiyim dövlətə, xalqa xəyanət olan korrupsiyadır və bu lider korrupsiyanı məhv edir. İkincisi, o, istənilən halda əsl düşmənin adını çəkməkdən qorxmur.

- Ukraynada gördüyü işlər onun xalq tərəfindən seçilməsi üçün yetərlidirmi?

- İnsanlar sonuncu Maydanda ölkənin indiki vəziyyətə gəlməsi üçün dayanmamışdılar. Bu gün əhali mövcud hökuməti ölkədə baş alıb gedən korrupsiya və kriminogen vəziyyətə görə qəbul etmir. Korrupsiya və kriminalitet hər bir vətəndaşın şəxsi düşmənidir. Düşünürəm ki, vətəndaşlar bizim partiyaya səs verəcəklər. Çünki Saakaşviliyə inam var. Partiyamızın əsas aparıcı üzvləri gənc siyasətçilərdir. Yanvarın sonunda etiraz aksiyalarımız yenidən başlayacaq. Vilayətlərdən bu aksiyalarımıza dəstək güclənsə, indiki hökumət öz yerini azad və demokratik şəkildə keçiriləcək seçkilərlə təhvil verməli olacaq.

- Siz Meydandakı mitinqdə də çıxış edərək, Saakaşvilini müdafiə etmisiz. Və ondan sonra sizi ölkədən deportasiya etmək istəyiblər, izləmələr başlayıb. Hazırda problem hansı səviyyədədir?

- Meydanda dəfələrlə çıxış etmişəm. Təqiblər isə Saakaşvilinin ölkəyə gəlişindən sonra başladı. Ukraynada hökumətin Saakaşvilinin xaricdə olduğu halda vətəndaşlığını qeyri-qanuni ləğv etməsi və ölkəyə buraxmaması isə mübarizənin sürətini və hərarətini pik nöqtəyə qaldırdı. Avqustda rəsmi elan edərək sentyabrda Saakaşvilini sərhəddə qarşıladıq. Sonra isə hökumət onu və onun yaxın tərəfdarlarını təqib etməyə başladı. Təqibə məruz qalanlardan biri də mən oldum. Ukraynanın Milli Təhlükəsizlik Xidmətinin generalı mənim və rəhbərlik elədiyim Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu haqqında dövlət orqanlarına (Miqrasiya Xidməti və Ədliyyə Nazirliyinə) sorğular göndərməyə başladı. Bu sorğular haqqında məlumat alan kimi partiya rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirdik və Ukrayna ictimaiyyətini Poroşenko hökumətinin bizə qarşı planlaşdırdığı qeyri-qanuni hərəkətləri barədə məlumatlandırdıq. Ən maraqlısı odur ki, araşdırmamız zamanı aydın oldu ki, Azərbaycanın Ukraynadakı səfirliyi mənim buradan deportasiya olunmağımda daha çox maraqlı olub. Mən bu haldan çox təəssüfləndim. Çünki ukraynalı həmkarlarım qarşısında səfirliyimiz adına utanmaq ağır duyğudur. Ukraynalıların məni öz səfirliyimizdən qorumaq üçün atacaqları addımları sadalamaqlarına qulaq asmaq çox çətin idi.

Məni tanıyanlar bilir, dövlətimə və xalqıma canımla bağlı adamam. Azərbaycan prezidenti İlham Əliyevin hər bir təyinatına hörmətlə yanaşırıq. Eləcə də Ukraynaya səfir təyin olunan Azər Xudiyevlə bağlı... Lakin narahatlığımız odur ki, Azər Xudiyev bizim yolumuzu açmaq əvəzinə, qarşımıza daş-kəsək tökməklə məşğuldur.

- Zaman-zaman Ukraynada yaşayan soydaşlarımız arasından “Hikmət Cavadov bizim hamımızın adından danışır, amma biz Saakaşvilini dəstəkləmirik” açıqlaması verənlər də var. Bununla bağlı nə düşünürsünüz?

- Bu normaldır, Ukraynada yaşayan yüz minlərlə azərbaycanlının heç də hamısı Hikmət Cavadovun mövqeyi ilə razılaşa bilməz, bu mümkün deyil. Mən mitinqlərdə rəhbərlik etdiyim Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu adından çıxış edirəm. Bunu təşkilatın İdarə Heyəti və üzvlərimizlə razılaşdırılmış formada həyata keçirirəm. Təşkilatımızın üzvü olmayan bəzi şəxslərin (hətta onların arasında ermənilərlə yaxın əlaqələrini belə gizlətməyənlər də var) dedikləri vəziyyəti dəyişmir. Demokratik cəmiyyətdə istənilən şəxslər və ya təşkilat hər hansı bir siyasi qüvvəyə dəstək verə bilər. Bəzi şəxslər isə hər zamanki mövqeyindən çıxış edərək ancaq hökumətdə olan partiyaya yarınmaq taktikasına üstünlük verirlər. Tarix təkrar olunsa da unudulmur. İkinci, Maydan vaxtında da belə oldu. Mən Maydanın ilk günlərində çıxış edərək təşkilatımız adından bəyanat yaydım. Bir neçə gün sonra avtomobilimi yandırdılar. İndi mənə qarşı çıxanlar o zaman da Yanukoviçin hökumətini dəstəkləyir, məni pisləyirdilər. Maydanda qələbə qazanılan andan etibarən heç nə olmamış kimi bayraqlarını dəyişib keçdilər bizim düşərgəyə. İnanın ki, indi də belə olacaq. Bəziləri üçün siyasətlə məşğul olanda əqidədən dönmək normal hal sayılır. Mən bunu qəbul etmirəm. Diasporla iş üzrə Dövlət Komitəsi və burdakı səfirliyimiz elə düşünürlər ki, diaspor onların alətinə çevrilməli, onlar tərəfindən idarə olunmalıdır. Bir neçə gün əvvəl səfirimiz mətbuata açıqlamasında bizim islah olunmadığımızdan şikayətlənib. Gülməli də olsa bu onun diaspor fəaliyyətindən o qədər də məlumatlı olmamasından xəbər verir. Elə məhz bunun da acı nəticəsidir ki, Ali Radada və şəhər şuralarında azərbaycanlılar yoxdur. Xaricdəki azərbaycanlıların siyasi seçiminə hər hansı yolla mane olacaqsansa, onları təqib edənlərlə eyni safda qərar tutacaqsansa belə də davam edəcək.

Cənab prezident Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı bildirdi ki, xaricdəki səfirlər daim diaspor təşkilatları ilə əlaqədə olmalıdır, səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir. Təəssüf ki, Ukraynada son iki ildir biz bunu görmürük. UABD Ukraynada qeydiyyatdan keçmiş qurumdur. Biz ölkəmizi, cənab prezidentin daxili və xarici siyasətini dəstəkləmək, Azərbaycan adını daha yüksəkdə tutmaq, Ukraynada baş verən ictimai-siyasi proseslərdə fəal olmaq istəyirik.

- Ukraynada Azərbaycan və azərbaycanlıların haqqı nə dərəcədə qorunur?

- Əlbəttə, hər yerdə olduğu kimi burada da problemlər var. Soydaşlarımızın hüquqlarını təşkilat səviyyəsində qorumağa çalışırıq. Ukraynanın bütün vilayətlərində bizim nümayəndəliklərimiz fəaliyyət göstərir. Mərkəzi qərargahda hüquq klinikamız fəaliyyət göstərir. Hüquqşünaslarımız azərbaycanlılara təmənnasız hüquqi yardım edirlər. Azərbaycanlılarla bağlı baş verən yaxşı və ya pis hadisələrdə hər zaman onların yanındayıq. Bazarda hüququ pozulan soydaşımızdan tutmuş, universitetdə problemləri yaranan tələbəyədək hər kəsin yanında olmağa çalışırıq.

- Bilməyənlər üçün qısa da olsa məlumat verək. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu olaraq orada nə kimi fəaliyyətlə məşğulsunuz, azərbaycanlılarla bağlı hansı işləri görürsünüz?

- UABD Ümumukrayna İctimai Təşkilatı statusuna malik ən güclü Azərbaycan diaspor təşkilatıdır. Əminliklə deyə bilərəm ki, UABD nəinki Ukraynada, hətta bütün dünyada fəaliyyət göstərən ən güclü diaspor təşkilatlarından biridir. Bizim daimi fəaliyyətdə olan Diaspora TV internet televiziyası, diaspora.tv xəbər portalı, “Azərbaycanın Sözü” qəzeti, dərc edilən kitablar, diaspor məktəbləri, Kiyevdə yaşayan azərbaycanlılar üçün hüquq klinikası, Xocalı ilə bağlı layihələr, filmlər və s. buna əyani sübutdur. 2016-cı ildə bizim təşkilat ukraynalı pilot Leonid Markoviçin Bakıda mətbuat konfransını keçirdik, o, Xocalı qətliamının ilk şahididir. Azərbaycanlı jurnalistləri, sizin həmkarlarınızı bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparıb. Biz pilot Leonid Markoviçlə bağlı məlumat alan kimi axtarışına başladıq, sonra Xocalı barədə film çəkdik və bu film sözün əsl mənasında dünyaya səs saldı. Və bütün bu işləri səfirliyin, Azərbaycan dövlətinin heç bir maddi dəstəyi olmadan həyata keçirmişik və bundan sonra da davam etdirməyə çalışacağıq. Əgər kiminsə şübhəsi varsa, layihələrimizlə aze.in.ua veb saytında tanış ola bilər.

- Xəbərlərə görə, oktyabrda Kiyevdə Ali Radanın qarşısında keçirilən mitinqdə Saakaşvili sizinlə şəxsən görüşüb. Hətta bərabər şam da etmisiniz. Həmin axşam nə barədə danışdız?

- Ukraynaya daxil olandan sonra ölkənin bir çox şəhərlərində mitinqlər keçirən Saakaşvili oktyabrın 17-də tərəfdarlarını Ali Radanın qarşısında etiraz aksiyasına topladı. Həmin gündən etibarən Konstitusiya meydanında oturaq aksiyaya başladıq və bir neçə gün ərzində çadır şəhərciyi yaradaraq bu günədək orada etiraz hərəkatımıza davam edirik. İlk gündən etibarən tərəfdarlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni əsirgəmirik.

Sizin bəhs etdiyiniz şam yeməyi də çadır şəhərciyində etirazçılarla bir yerdə olub. Mənim partiya rəhbərinə dediklərim isə sonadək onunla olacağımız və etiraz aksiyasına dəstək verəcəyimiz sözdür.

Xəbər 2242 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.11.2019  15:08 

Elmar Məmmədyarov BƏƏ-yə getdi

15.11.2019  13:17 

Rayonlara qar yağacaq

15.11.2019  11:43 

Bu gündən Bakıya istilik verilir

15.11.2019  11:09 

Ronaldo rekorda doğru

14.11.2019  21:19 

Dəm qazı daha bir can aldı

14.11.2019  20:03 

Millimiz Lixtenşteynə qalib gəldi


BÜTÜN XƏBƏRLƏR +