07.04.2017 14:22
Suriyaya buraxılan raketlərlə yeni variant işə düşdü
ABŞ Suriyadakı vəziyyətin normallaşması üçün birbaşa hərbi əməliyyatlarda iştirak etmirdi. Vaşinqton daha çox Bəşşar Əsəd rejminin hakimiyyətdən getməsi üçün yerli müxalif qüvvələrin hazırlanmasına üstünlük verirdi. Ancaq ötən illər ərzində bu istiqamətdə xərclənən maliyyə vəsaitinin nəticəsinin səmərəli olmadığı haqda Ağ Ev rəsmiləri açıqlamalar verməyə başladı. Yayılan xəbərlərə inansaq ABŞ-ın Suriyadakı müxalifətə xəclədiyi maliyyə vəsaitinin milyard dolları keçdiyini görərik. Məsələn, 2012-ci ildə ABŞ Suriya müxalifətinin ehtiyaclarını ödəmək üçün 500 milyon dollar ayırıb. Sonrakı illərdə ayrı-ayrılıqda 125 milyon dollar və 250 milyon dollar ayırdığı haqda məlumatlar yayılıb.
ABŞ-ın Suriyada hərbi əməliyyatlara birbaşa qatılmamasını Vyetnam, Əfqanıstan və İraqdakı ötən illərin acı təcrübələri ilə də əlaqələndirirdilər.
Bir tərəfdən isə belə ehtimal edilir ki, Respublikaçılar Partiyasından prezident olmuş Böyük və Kiçik Buşların İraqda yürütdüyü siyasətin kəskinliyini azaltmaq və ölkənin nüfuzunu qaldırmaq məqsədi ilə Demokratlar Partiyasından prezident olmuş Barak Obama bir qədər mülayim xətti aparmağa, bununla da Suriyada hərbi əməliyyatlarda birbaşa iştirak etməməyə üstünlük verdi.
Hadisələrin inkişafı xüsusi ilə 2015-ci il sentyabrında Bəşşar Əsədi müdafiə etmək və İŞİD-ə qarşı mübarizə aparmaq adı altında Suriyaya girməsi ABŞ-da hakimiyyətə gələcək yeni qüvvənin bu yöndə siyasətinin dəyişəcəyini ehtimal etməyə əsas verirdi.
Düzdür, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Şimali Korolina ştatının Feyetvill şəhərindəki çıxışında belə bir bəyanat vermişdi: “Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq. Bizim belə dövlətlərdə nə işimiz var? Tanımadığımız dövlətlərdəki rejimləri devirməyin yerinə biz İŞİD-i və başqa terrorçu qruplaşmaları məhv etməliyik. Bu hədəfi bizimlə bölüşən istənilən dövlət bizim tərəfdaşımızdır”. D.Tramp qeyd edib ki, dağıdıcı müdaxilə və xaosa nəhayət son qoyulmalıdır.
Bunu əsas götürərək, Trampın Suriyaya yönələn siyasətinin dəyişəcəyini hətta Rusiya ilə birlikdə hərəkət edəcəyini deyənlər, proqnozlaşdıranlar da var idi.
Rusiya KİV-də ABŞ-ın dövlət katibi Reks Tillersonun aprelin 11-i və ya 12-də Bəşşar Əsədlə görüşəcəyi ehtimalı ilə bağlı xəbərlər də yayılmışdı.
Ancaq aprelin 4-də vəziyyət kəskin dəyişdi. Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin Xan Şeyxun şəhərinə endirdiyi hava zərbələri nəticəsində 27-i uşaq olmaqla 100-ə yaxın insan ölüb, 300-dən çox insan yaralanıb. Bəşşar Əsəd rejimi tərkibində xlor qazı olan kimyəvi silahdan istifadə etdiyi haqda məlumatlar yayıldı.
Bəşşar Əsəd rejimi isə bombardman zamanı kimyəvi silahdan istifadə olunduğunu təkzib etdi.
ABŞ, Fransa və Böyük Britaniyanın BMT-dəki nümayəndələri bu hadisə ilə bağlı qətnamə layihəsi hazırlayaraq, qurumun Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim ediblər.
Əsəd rejiminin kimyəvi silahdan istifadəsi aprelin 5-də respublikaçı senatorların prezident Trampa təzyiqinin artması ilə müşayiət olundu.
Senator Con Makkeyn vəziyyətlə bağlı bildirdi ki, Tramp Suriyada proseslərin gedişatını dəyişdirəcək: “Üzləşdiyimiz vəziyyət nə qədər qarmaqarışıq olsa da, prezident Tramp və hökuməti Suriyada hadisələrin gedişatını dəyişdirəcək, 400 min suriyalının ölümünə və 6 milyon insanın qaçqın vəziyyətinə düşməsinə səbəb olan bu humanitar və strateji fəlakətə müdaxilə etmək üçün əlverişli şərait var. Bu fürsəti qaçırmamaq üçün bəzi çətin strateji suallara cavab verməyə ehtiyac olacaq. Ancaq bu fürsəti dəyərləndirənədək savaş, terror və qaçqın axını davam edəcək, ABŞ-ın milli təhlükəsizlik mənafeləri daha böyük risklərə məruz qalacaq”.
Senator Tom Kotton da bu mövzuda çıxış edib: “Zalımlıqlarına görə, Əsəd hökuməti, İran və Rusiyanın məsuliyyət daşıması üçün Suriya ilə bağlı daha güclü siyasətin yürüdülməsinin zamanıdır. Bu siyasət Bəşşar Əsədin Suriyanı tərk etməsi ilə başlamalıdır”.
Senatorlar bildirib ki, keçmiş prezident Barak Obama Suriya məsələsinin həllində qətiyyətsizlik göstərərək, proseslərə müşahidəçi kimi yanaşıb.
Donald Trampın keçmiş rəqibi, keçmiş dövlət katibi Hillari Klinton da respublikaçılarla oxşar mövqe nümayiş etdirərək, deyib ki, ABŞ-ın Prezident Administrasiyası Suriyada kimyəvi silahın güman edilən tətbiqinə görə ibrət dərsi vermək üçün Dəməşqin döyüş aviasiyasını sıradan çıxartmalıdır:
“Mən əvvəl də, indi də əminəm ki, əgər biz onun (Əsədi nəzərdə tutur- S.İ.) hərbi hava bazalarını sıradan çıxarsaydıq, onun yenidən günahsız insanları bombalamasına, havadan onların üzərinə zarin qazı səpələməsinə mane olardıq”.
Donlad Tramp Suriyadakı İdlib əyalətinin Xan Şeyxun bölgəsinə kimyəvi bombalar atılmasına münasibət bildirərkən, aprelin 4-də uşaqlara edilən hücumdan çox sarsıldığını deyib: “Bu, Suriya və Əsədə münasibətimi kəskin dəyişdirdi”.
Nəhayət, aprelin 7-də səhər ABŞ Aralıq dənizindəki gəmilərindən "Tomahawk" tipli 59 raketi Bəşşar Əsədin Homs əyalətindəki Şaryat hərbi hava bazasına buraxıb.
Bununla da Suriyadakı böhranın həlli ilə bağlı ABŞ-ın yeni variantı işə düşüb. Yayılan xəbərlərə əsasən, Şayrat bazası Livan hizbullahı və İranyönlü silahlıların yerləşdiyi ərazi sayılır. Orada Əsədin 4-cü tank diviziyası, 300–dən artıq tankı və özünümüdafiə artilleriya qurğuları, habelə 7000-10000 hərbçisinin yerləşdirildiyi barədə məlumatlar var.
Bu baza ölkənin cənubunda Şayrat şəhəri yaxınlığında yerləşir. Orada Rusiya istehsalı olan “Miq-23” və “Su-22” qırcı təyyarələri xidmətdə olub. Məlumata görə, bazada ümumilikdə 30 döyüş təyyarəsi yerləşdirilib. Ancaq hərbi mütəxəssislər həmin təyyarələrdən ən çoxu 10-dan istifadə edildiyinə diqqəti çəkiblər. Şayratın bombalanması nəticəsində də isə 9 təyyarənin məhv edildiyi haqda xəbər yayılıb.
Rusiya və İranın yardımı ilə Bəşşar Əsəd Hələbi ələ keçirdikdən sonra növbədə İdlibin olacağı deyilirdi. İdlibi ələ keçirməklə Rusiya Latakiyadakı hərbi bazasına gedən yola da nəzarət edə biləckdi. Ona görə də Hələbdəki taktikanı İdlibdə də istifadə etdilər. Ancaq nəticə hələ ki, həm Əsədin, həm də onu dəstəkləyənlərin xeyirinə deyil.
Atılan "Tomahawk"lar həmçinin Rusiyanın Xəzər üzərindən Suriyaya atdığı raketlərə cavab sayıla bilər.
Beləliklə, bu Donald Trampın əmri ilə ABŞ-ın Suriyaya ilk həmləsi idi. Ancaq bu müdaxilə həm də Əsədi müdafiə edənlərə xəbərdarlıq idi. Trampın prezident seçkisi qabağı şüarı belə idi: “Amerikanı yenidən böyük və qüdrətli edək!”. Suriyaya raketlərin atılması o bölgədə hegemonluq etmək istəyən, yaxud “icazəsiz” fəaliyyət göstərən üçüncü qüvvələrə yerini göstərmək kimi də dəyərləndirilə bilər.
Onu da qeyd etmək istərdik ki, bu zərbə həm də Suriyanın dövlət quruluşunun dəyişəcəyinin qətiləşdiyinə işarə olduğunu etimal etməyə əsas verir.
(report.az)
Xəbər 12331 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|