08.10.2025 17:25
Qrant müsabiqələrində kitab çapı maliyyələşdirilməyəcək?
“Nəşriyyat işi haqqında Azərbaycan Respublikası Qanunu” kitab çapı ilə əlaqədar ciddi tələblər müəyyən edir. Bu Qanunun 18-ci maddəsi buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol vermir. Belə ki, hazır məhsulun hər nüsxəsində nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, buraxılış yeri və ili, əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix, hesab-nəşriyyat həcmi, fiziki həcmi, formatı, səhifələrin sayı, kağızın tipi, şriftin növü (qarnituru), çap üsulu, tiraj, qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi olmalıdır. Bundan başqa, nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır”.
XəzərNews.az xəbər veirir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.
O, qeyd edib ki, təəssüf ki, bəzi hallarda QHT-lər bu öhdəliklərə tam əməl etməkdən yayınmağa çalışır, onları qismən yerinə yetirir, şəxsi mülahizələr əsasında Agentlikdən bu cür layihələrin maliyyələşdirilməsini tələb edir, iradları qəbul etmək istəmirlər:
“Daha pisi odur ki, bu cür kitablarda səhv məlumatlara, qeyri-dəqiq statistikalara, yanlışlıqlara, Azərbaycan ədəbi dilinin norma və qaydalarının pozulması hallarına rast gəlinir. Kitab nəşriyyatda çap edildikdə, bu cür hallara görə məsuliyyəti də nəşriyyat daşıyır”.
Agentlik təmsilçisi onu da deyib ki, bəzən QHT-lər tərəfindən şikayətlər olur ki, onların müəlliflik hüququ pozulub, digər QHT-lər və ya şəxslər onların əməyini özününküləşdirib, hazırladıqları materiallardan müvafiq razılıq almadan istifadə ediblər. Əgər kitab nəşriyyatda çap olunubsa, bunun hüquqi müstəvidə həlli də xeyli asanlaşır.
Ülviyyə Qarayeva deyib ki, Agentlik Azərbaycan QHT-lərinin ərsəyə gətirdiyi xarici dillərdə olan sanballı kitabların xarici ölkələrin kitabxanalarına verilməsində, beynəlxalq kitab sərgilərində, kitab müsabiqələrində iştirakında maraqlıdır: “Lakin burada yenə problemlə qarşılaşırıq. Bəzən nəfis işlənilmiş, mühüm məlumatları özündə əks etdirən kitab beynəlxalq kitab (ISBN) kodu olmadığına görə xarici ölkələrdən geri qaytarılır, kitabxanalar, beynəlxalq kitab sərgiləri, kitab müsabiqələrinin təşkilatçıları onları qəbul etmir”.
Agentlik təmsilçisi 2026-cı ilin qrant müsabiqələri ilə əlaqədar 2025-ci ilin sentyabrında QHT-lər üçün təşkil edilmiş infosessiyalarda da narahatlıq doğuran bu məsələlərin QHT-lərin diqqətinə çatdırıldığını vurğulayıb:
“Biz bu sahədə də dönüş əldə edəcəyimizə əminik. Azərbaycan QHT-ləri kitab nəşri barədə tələblərin üstünlüklərini, onlara gətirdiyi faydaları hiss edəcəklər, bu sahədə meydan yalnız peşəkarların olacaq”.
Xəbər 1725 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|