01.10.2025 00:05
İpoteka Fondu rəhbərliyinin maaşları: Gizlədilən rəqəmlər və ictimai suallar
"Valyuta.az-ın əldə etdiyi məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) rəhbərliyinə ödənilən məvaciblərdə son illər diqqətçəkən dinamika müşahidə olunur. 2022-ci ildə rəhbərliyə 209,5 min manat, 2023-cü ildə isə 230,3 min manat ödənilib. Artım təxminən 10 faiz təşkil edib".
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə "Konstitusiya Araşdırmaları Fondu"nun rəhbəri Əliməmməd Nuriyev çıxış edib.
Ə.Nuriyev bildirib ki, əvvəlki illərdə rəqəmlər açıq şəkildə göstərildiyi halda, 2024-cü il üzrə hesabatda bu məlumatlar gizlədilib. Yalnız ümumi ifadələrə yer verilib:
"Mütəxəssislər inflyasiya və artım tendensiyalarını nəzərə alaraq, ötən il rəhbərliyə ödənişlərin 250 min manata yaxın olduğunu güman edirlər. Fondun İdarə Heyəti iki nəfərdən ibarətdir – sədr Fəxri Kazımov və sədr müavini Ramil Tahirov. Beynəlxalq bölgü standartlarına əsasən, onların illik gəlirləri müvafiq olaraq 135–140 min manat və 110–115 min manat civarında olub.
Bu rəqəmlər ölkənin sosial reallıqları ilə müqayisədə kəskin fərq yaradır. Belə ki, Azərbaycan üzrə orta aylıq əmək haqqı təxminən 1000 manatdır. Nəticədə Fond sədrinin bir illik qazancı orta vətəndaşın 12 illik əməkhaqqısına bərabərdir. Halbuki, İKZF-nin əsas funksiyası sosial xarakter daşıyır – ipoteka kreditlərinin əlçatanlığını artırmaq, kirayə mənzil mexanizmini inkişaf etdirmək və sahibkarlığın maliyyələşməsinə zəmanət verməkdir. Bu sahələrdə nəticələrin məhdud olduğu şəraitdə rəhbərliyin yüksək gəlirlə təmin edilməsi, ictimai resursların istifadəsi baxımından mübahisəli məqam kimi qiymətləndirilir".
Ə.Nuriyev əlavə narahatlıq doğuran məqamın isə 2024-cü ildən başlayaraq konkret rəqəmlərin açıqlanmaması olduğunu qeyd edib:
"Dövlət vəsaiti ilə maliyyələşən qurumun hesabatlılıqdan yayınması şəffaflıq prinsiplərinə ziddir. Rəqəmlərin gizlədilməsi ictimai etimadı azaldır və Fondun sosial legitimliyini sual altına qoyur.
Ümumi mənzərə belədir: İKZF rəhbərliyinin yüksək maaşları qurumun sosial missiyası ilə uzlaşmır. Bu ödənişlər yalnız konkret nəticələrlə əsaslandırıla bilər. Əks halda, məvacib siyasəti sosial ədalətsizliyin göstəricisinə çevrilir və ictimai etimadı zəiflədir".
Xəbər 223 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|