Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


22.09.2025  19:59 

TARİXİ YADDAŞI YENİLƏYƏN KİTAB





A+  A-

Qarşımda yaşadığımız tarixin son yüzilliklərini əhatə edən, onilliklərini fəsil-fəsil, nəsil–nəsil canlandıran əzəmətli bir kitab durur. Bu kitab doğma Azərbaycanımızın çox gözəl və səfalı guşələrindən olan cənub bölgəsinin incisi sayıla bilən Boradigaha həsr olunmuş “Boradigah tarixi qaynaqlarda” kitabıdır. Kitab son günlərə qədər heç bir tanışlığımız olmayan, kitabı oxuduqdan sonra isə peşəkarlığına, şəxsiyyətinə hörmət və ehtiramım yaranan, vətən torpağına böyük sevgisi olan və bu sevgini peşəkar axtarışçı–tarixçi, jurnalist–yazıçı kimi qələmə alan Sücəddin Şərifov tərəfindən yazılmışdır.

Təqribən 600 səhifədən ibarət olan bu kitab Boradigah haqqında tarixi araşdırmalar əsasında yaranmışdır. Kitabın ilk səhifələri bu yaşayış yerinin qədimiliyini, köklərinin çox qədim əsrlərə getdiyini təsdiqləyən tarixi faktlarla başlayır. Sonra müxtəlif dövrlərdə – Səfəvilər, Nadir şah, Talış xanlığı və digər dövrlərdə Boradigahın tarixi mövqeləri haqqında geniş məlumatlar verilir. Bunun ardınca kitabda Boradigahın daxilində yaranmış və müxtəlif mənbələrlə və şəxslərlə bağlı olan “obalar” haqqında geniş məlumat verilir. Uşaqlıq illərində yaşadığımız və hər gün bir obadan digərinə fərqinə varmadan dəfələrlə keçdiyimiz bu obaların nə qədər qədim kökləri olduğunu və özlərində neçə əsrin tarixini yaşatdığını ancaq indi, bu kitabı oxuduqca başa düşürsən.
Kitabda Boradigahın yaxın və uzaq, Sovet və Çar İmperiyası dövründə qalmaqallı tarixi çaxnaşmalardan necə keçdiyi əks olunur və həmin dövrlərdə tutduqları vəzifə və vətəndaş mövqelərini ləyaqətlə qoruyan şəxslər haqqında danışılır. Boradigahla yanaşı eləcə də Azərbaycanın Cənub bölgəsinin tarixi çarpışmalar, bolşevizm və məcburi sovetləşmə dövründə yaşadığı qanlı–qadalı hadisələr kitabda çox böyük ustalıqla, faktlara istinadla göstərilmişdir.

Kitabın növbəti bölməsi Sovet Azərbaycanı dövründə Boradigahın kənddən şəhər tipli qəsəbə statusu almasına qədər keçən yoldan danışılır, Boradigaha rəhbərlik etmiş insanların adları, şəkilləri verilir, onların şərəfli əmək fəaliyyətləri işıqlandırılır.
Kitabda Boradigahda insanların maariflənməsinə xidmət edən dini və dünyəvi məktəblərin yaradılması, yaradıcıları və fəaliyyəti haqqında maraqlı məlumatlar verilmişdir. Boradigahda 1941–1945-ci illərdə valideynlərini itirmiş uşaqlara qayğı məqsədi ilə yaradılmış 100 nəfərlik kimsəsiz uşaqlar evi, onun yaradılmasında təşəbbüskar, zəhmətkeş və qayğıkeş anaların əməyi qeyd edilir.

Müəllif kitabın növbəti bölməsində də çox maraqlı mövzuya toxunur. Burada Boradigah məktəbinin fərqlənən məzunları haqda məlumat verilir, məktəbi fərqlənmə medalları ilə bitirmiş şagirdlərin siyahısı göstərilir. Boradigahda sonralar məktəbə, qəsəbəyə, rayona və hətta Respublikamıza baş ucalığı gətirəcək məzunlar yetişdirmiş müəllimlər haqda, onların həm pedaqoq, həm də ictimai şəxsiyyət kimi fəaliyyətləri haqqında geniş məlumatlar verilir.

Kitabın Səhiyyə bölməsi Boradigah məktəbinin məzunları olmuş, sonra isə tibb təhsili alaraq ömrünü insanların sağlamlığına həsr etmiş həkimlərə, tibb işçilərinə həsr edilmişdir. Müəllif Boradigahda boya-başa çatan və sonra xalqına xidmət edən hər bir ziyalının adını çəkməklə, şəkillərini göstərməklə, xidmətlərini sadalamaqla həmin insanlara olan ümumxalq hörməti bir daha nümayiş etdirir və eyni zamanda bununla kitaba olan oxucu marağını artırmış olur. Kitabın sonrakı bölmələri də çox maraqla oxunur. Həmin bölmələr ictimai həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir; mədəniyyət, incəsənət, maarifçilik, idman, sosial və ictimai–iaşə sahələrində çalışan insanların Boradigah tarixində gördükləri işlər, boradigahlılara etdikləri xidmətlər geniş oxucu auditoriyasına çatdırılır.
Kitabda Boradigahın qədim tarixini əks etdirən məscidlər, qəbiristanlıqlar, keçmiş əsrlərin yaddaşından gələn qəbir daşları haqda məlumat verilir. Bununla da yazıçı Boradigah tarixinin nə qədər dərin keçmişə malik olduğunu bir daha təsdiq edir.
Yazıçı kitabında Böyük Vətən müharibəsi (1941–1945) illərində vətənin azadlığı uğrunda döyüşə gedən boradigahlıların böyük şücaətindən də bəhs edir və bütün döyüşçülərin adları, döyüş fəaliyyətlərini oxuculara təqdim edir. 624 döyüşçünün hər biri haqda dosye toplamaq müəllifin, yazıçı–tarixçinin nə qədər böyük və fədakar iş gördüyünü təsdiqləyir. Həmin illərdə arxa cəbhədə ölkəmizin qələbəsini yaxınlaşdıran və buna görə də Azərbaycan Dövlətinin ali orqanı tərəfindən medallarla mükafatlandırılan insanların, 105 boradigahlının adları hörmətlə yad edilir.
Sonra müəllif Boradigahın seçilən, tanınmış ailələri, şəxsləri və şəxsiyyətləri haqda böyük bir fəsil hazırlayır. Burada zamanında böyük hörmət və ehtirama layiq olmuş qurucu, aparıcı insanlardan söhbət açılır, onların görmüş olduqları xeyirxah əməllərdən danışılır. Eyni zamanda cəsur, fiziki güclülüyü ilə seçilən insanlar və onların dillər əzbəri olan igidliklərindən, cəsurluqlarından söhbət açır.
Kitabda Azərbaycan xalqının məşhur siyasi və dövlət xadimlərinin Boradigah görüşləri ilə bağlı çox maraqlı bölmələr var. Həmin insanların Boradigaha, boradigahlılara verdikləri yüksək qiyməti, dəyəri yazıçı böyük ehtiramla oxuculara çatdırır. Həm də kitabda verilən şəkillərdə yazıçının özünün bu torpağa nə qədər bağlı olduğu görünür.



Müəllif kitabda Boradigahın qeyrətli, məğrur, böyük bacarıq sahibi olan oğulları ilə yanaşı qəhrəman analarını da böyük hörmətlə yad edir, onların cəmiyyətimizdə gördüyü işlərdən, elmi və yaradıcı fəaliyyətlərindən söhbət açır. Kitabda bu anaların dünyaya gətirdikləri, böyüdüb Boradigaha və bütün Azərbaycanımıza ad gətirən qeyrətli oğullarından, eləcə də Qarabağ uğrunda döyüşlərdə sinəsini düşmən gülləsinə sipər etmiş igidlərindən söhbət açılır.

Kitab oxunduqca oxunur, şəkillər baxıldıqca baxılır, tarixi yaddaşlar təzələnir, üstündə dayandığın Boradigahın keçmişində sənin, valideynlərinin də izləri olduğunu görürsən, düşünürsən… və sonda fəxrlə deyirsən ki, nə yaxşı ki, mən də bu torpağın oğluyam. Həm də fəxr edirsən ki, bu ecazkar, qərinələr ilə dolu kitabın müəllifi və artıq qələminə, şəxsiyyətinə, bacarığına böyük hörmətlə yanaşdığım axtarışçı–tarixçi, jurnalist–yazıçı Sücəddin Şərifov da böyük Boradigahın oğludur.

Son söz: “BORADİGAH TARİXİ QAYNAQLARDA” kitabının müəllifinə gördüyü bu işə görə böyük minnətdarlığımı bildirirəm. Ona gələcəkdə də belə uğurlu yaradıcılıq axtarışlarını davam etdirməyi arzulayıram!

Mireldar Babayev

Tibb elmləri doktoru,professor.





Xəbər 1086 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +