Sepahın Teleqram kanalları dünən RF prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Tehranda səfərdə olduğunu və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ə.Laricani ilə görüşdə, həm də ali rəhbərin V.Putinə ünvanladığı məktuba cavabı təqdim etdiyini bildirdilər. Məktubu Moskvada Ə.Laricani V.Putinə şəxsən təqdim etmişdi. Diplomatik etiketə görə A. Lavrentyev məktubu ali rəhbər S.Ə.Xameneiyə təqdim etməli idi. V.Putinin S.Ə.Xameneiyə cavabı digər diplomatları və ya özünün köməkçiləri vasitəsilə deyil, məhz Suriya üzrə köməkçisi ilə göndərməsi də təsadüfi deyil.
Görünür, İranın daxili vəziyyəti buna imkan verməyib:
1. Ali rəhbərlə görüşə hansısa məhdudiyyət var, bəlkə də yeraltı bunkerdə imiş;
2. Siyasi səbəb də istisna deyil. Ola bilər, ali rəhbər V.Putinə məktub göndərdiyi vaxtda olduğu fikri indi dəyişib. İsraillə V.Putinin vasitəsilə barışıq hazırkı dövrdə onun maraqlarına uyğun deyil. Çünki vəziyyət hər an dəyişir və ali rəhbərə fərqli məlumat veriblər. Siyasi kontekst, yəni ali rəhbərin V.Putinə göndərdiyi məktubun məzmunundan fərqli düşüncəyə malik olması həm də digər amillərə görə də düzgündür. Çünki Sepahın komandanı M. Pakpur məktub göndərildikdən sonra və ya məktub ali rəhbərə çatmamışdan bir gün əvvəl “İrana hücum olacağı təqdirdə cəhənnəm yaradacağıq” bəyanatını verdi. İsrail-ABŞ, region dövlətlərinə ünvanlanmış hədələr İran üçün vərdişdir. Bu, sərtliyinə görə daha fərqlənən, həm də ciddi sarkazm daşıyan bəyanatdır; İranda kimsə cənnət yarada bilir?! İran rəhbərliyi xalqı üçün cənnət yaratmayıb, yaratmaq da fikrində deyil. Xalqına zülm edib, nüvə yanacağı var, AES tikməyib və ya təbii qaz boldur, İstilik Elektrik Stansiyası tikməyib. Dünyada elektriklə ən az təchiz olunan məhz İrandır. İnsan hüquqları, demokratiyanı bir kənara qoyuruq.
Pakpurun bəyanatının əsas mahiyyəti İranın mövqeyinin hərbi əməliyyatlara tərəf tündləşdiyini göstərir. Görünür, İranda kimlərsə birdən qorxublar ki, İsrail ali rəhbər S.Ə. Xameneinin V.Putinə məktubundan İranın zəiflədiyini başa düşə bilər.
Daxildə siyasi informasiya arxitekturası: Sepah, media və Tramp xətti
İranın siyasətində dəyişiklik göz qabağındadır və bu, İranın həm ümumi gücünün, həm də hakimiyyətin nüfuzunun zəifləməsi istiqamətindədir:
I. İranın vahid hakim komandası artıq yoxdur. D.Trampın İran hakimiyyətinin, ali rəhbərin ofisinin daxilində tərəfdarları var və onlar iş qabiliyyətlidir. İki həftə bundan əvvəl İranda Qəzzada barışığa dəstək aksiyası keçirildi. İranın rəsmi mövqeyi barışığı rədd etmək istiqamətindədir. İranın təbliğatında barışıqla bağlı yeganə bir element var; İsrailin tərəf müqabili HƏMAS-dır. HƏMAS artıq tərəf kimi qəbul olunub. Əslində HƏMAS özünü buraxmaq vədini təsdiqlədiyi üçün o, danışıqlarda və proseslərdə iştirak edir.
Məhz ona görə də İranda Qəzzada barışığa dəstək aksiyasını İran mətbuatı işıqlandırmadı, yalnız xarici mətbuat işıqlandırdı. Sepahın getdikcə güclənən mətbuat şəbəkəsi də o prosesi sanki görməzdən gəldi. D.Trampın tərəfdarları və təkamülçü müxalifətçilər getdikcə güclənirlər. D.Trampla əlaqələri daha da təkmilləşir. D.Tramp dəfələrlə İran hakimiyyətində ABŞ administrasiyası ilə əlaqə saxlayan İran rəsmilərinin olduğu barədə məlumat verib. İran tərəfi bunu da təkzib etməyib. İranın İsraillə əməkdaşlıq etməsi təklifi də İran tərəfindən təkzib olunmayıb.
İran hökumətinin daxilində ikitirəlik aşkar göz önündədir. Bu ikitirəliyin də bir neçə inkişaf istiqaməti yaranıb. Hətta bəzən bu prosesi iki hakimiyyətlilik kimi də müqayisə etmək olar.
II. İranın siyasətində qeyri-müəyyənliklərin bir əlaməti – İran Rusiyanın İsraillə İran arasında vasitəçiliyini istəyir. İran həm də özünü Rusiyaya dost kimi göstərmək istəyir. İran addımlarını bu istiqamətə səfərbər edə bilmir: bir tərəfdən vasitəçilik üçün adam göndərir, digər tərəfdən də “İgidlər yurdu” verilişi yenidən efirdədir. Maraqlıdır ki, uşaq verilişində “İra” kimi səslənən Rira verilişin bütün abı-havasını müəyyənləşdirir. İran Rusiya ilə tərəf-müqabil, dost olmaq istəyir, yoxsa düşmənçiliyini davam etdirmək istəyir – indi də bəlli deyil. İranın mətbuat setkası Azərbaycan prizmasından çox orijinaldır. Bir sıra faydalı informasiyalar mətbuatda getmir. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Tehranda oldu, yaxşı görüşlər keçirdi. Xarici işlər naziri A.Əraqçı X.Xələfovla yeni strateji təşəbbüsləri müzakirə etdi. X.Xələfovun səfəri RF prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsinin səfəri ilə eyni gündə idi. Bu görüş barədə məlumatı İranın Azərbaycan istiqamətində işləyən mətbuatı yaymadı. Belə vəziyyətdə İran mətbuatında nə yayılıb, nə yayılmadığı çox vacib siyasi qaydadır.
İranda siyasət düzəltmə texnologiyası. Ali rəhbərin gənc idmançılarla görüşündə D.Trampa ABŞ-dakı anti-Tramp aksiyalara xüsusi önəm verməsi əslində bu, İranın siyasi texnologiyasının, siyasət aparma mexanizminin içindən qaynaqlanandır. Əgər D.Tramp yenə ABŞ cəmiyyətində güclü görünəcəksə, ali rəhbər yenidən susacaq və ya fərqli qaydada bir mövqe ortaya qoyacaqdır. İranın siyasət, təbliğat mexanizmini başa düşmək üçün bir misal çəkək: “Səhər-Azəri” kanalının efirində “Cırtdanın macəraları” verilişi gedir. Təxminən bir ay və ya daha çox müddətdir o verilişə “İra” kimi səslənən yeni obraz daxil edilib. Məqsəd “İra” sözünü səsləndirməkdir. Azərbaycan rusdilli məkan hesab olunur. “İra” kimi adları İran Azərbaycan cəmiyyəti üçün doğma hesab edir və İran bilir ki, Rusiyada Azərbaycan mətbuatının üzərində ciddi maraq var. Ona görə “İra” obrazı ilə Rusiyaya müsbət mesaj ötürür. Yazılışda isə bu “Rira” kimidir; Rira səslənəndə yalnız “İra” kimi alınır. İranın Rusiyaya ərazi iddiası irəli sürən “İgidlər Yurdu Qafqaz” verilişinin, yoxsa “İra”nın öndə olduğunu yalnız İranın ali rəhbərinin ofisi müəyyən edə bilər.
Silah diplomatiyası və vasitəçilik modelləri
III. İndiki dövrdə İranda olan resurslar ciddi götür-qoy edilməlidir. İlk İran tərəfindən yeni hesablamalar başlamalıdır. Çünki artıq İsraillə barışıq istiqamətində müəyyən proseslər başlanıb. İsrailin diqqəti buna yönəlib. Ona görə İran hərbi ritorikasını xeyli sərtləşdirdi. İranın əlində diqqəti çəkməyən yalnız bir resurs var. Bu, beynəlxalq aləmin diqqətini çəkməyib, bu bizim diqqətimizdə olandır: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ə. Laricani bütün dövlətləri İranla hərbi və digər sahələrdə əməkdaşlıq etməyə dəvət etdi. Əlbəttə, əməkdaşlığa dəvət normal yanaşmadır. İranla hərbi əməkdaşlığa dəvət artıq ayrı kontekst yaradır. Ola bilər, ali rəhbər, Ə. Laricani İranla hərbi əməkdaşlıq etməyə hazır olan dövlətlərə güzəştli şərtlərlə, bəlkə də ödənişlər edilmədən, barter yolu ilə İranın silahlarının paylanmasını nəzərdə tutur. Qeyd edək ki, Sepahın keçmiş komandanı Möhsün Rzayi İsrailin 12 günlük müharibəsindən öncə də belə ideya səsləndirmişdi. M.Rzayi İranın PUA və raketlərinin bağışlanmasını, paylanmasını gündəliyə gətirdi.
İranın ali elitasında və yüksək rəhbərliyində İranın malik olduğu silahın proseslərin gedişinə maneə törətdiyi anlayışı var. Ə.Laricani Milli Təhlükəsizlik Şurasının katibi və ali rəhbərin xüsusi nümayəndəsi təyin olunduqdan az keçmiş öncə diplomatiya bəyanatını verdi. Yəni hərbi əməliyyatlardan əvvəl diplomatik danışıqlar getməlidir. Bu, ciddi dəyişiklikdir.
İranın silahını bağışlaması, paylaması, barter etməsi bütün hallarda İran üçün faydalıdır. İran silahlarının ən böyük alıcısı Rusiya və Çin ola bilər. Rusiya birbaşa hərbi əməliyyatlarda iştirak edir. Çin isə Tayvanda və qonşuluğunda hərbi əməliyyatlara hazırlaşır. Hər ikisi də çox iri alıcıdır. Bunu hədiyyə, barter edəcək, bu artıq İrana aiddir. İran iqtisadi əlaqələrdə sanksiyalardan yayınmaq üçün ciddi hüquqi baza yarada bilər. İranın bundan sonrakı davranışında onun özü üçün düzgün istiqamət müəyyənləşdirməsi çox vacibdir. Bəlkə də İranın kiber mütəxəssisləri süni intellekt proqramlarına qoşulub, bu vasitə ilə İrana gələcək inkişaf modeli hazırlaya bilərlər. İranın kibermütəxəssislərinin İran və onun qonşuları ilə əlaqəli parametrlərə düzgün yanaşmaması da nəzərə alınmalıdır. İranda o tipli mütəxəssislərin böyük əksəriyyəti yalanı, saxtakarlığı həqiqət kimi dərk edir. İran BMT mütəxəssislərinə süni intellekt vasitəsilə inkişaf proqramını hazırlamağı tapşırması uğurlu başlanğıc olar. İranda həm insana inam zəifdir, həm də savadlı insan azdır. Süni intellekt müəyyən qədər İran rəhbərliyində etimad yarada bilən faktordur. İndiki dövrdə etimad çox vacibdir.
IV. Vasitəçiliyin İran anlamı indiki halda 2 seqmentə bölünə bilər:
1. Rusiyanın İranla İsrail arasında vasitəçilik etməsi yalnız İranın çox ciddi güzəştləri nəticəsində mümkün ola bilər. İran həm Rusiyanı, həm də İsraili qane edən güzəştlərə getməlidir. İranın resursları Rusiya və İsrail arasında paylanmalıdır. Suriya mövzusu Rusiyanın vasitəçiliyini ciddi şübhə altına alır. İsrail Rusiyanın vasitəçiliyi ilə İranla sülh müqaviləsini imzalaması əvəzinə Rusiyanın Suriyadan çıxmasını tələb edə bilər. Suriya ilə də Rusiyanın arasında hərbi baza ilə bağlı fikir ayrılıqları həllini tapmayıb. İsrail Suriya hökumətinə də müxtəlif vədlər verə, təsir edə bilər. V.Putinə yazdığı məktubla bağlı mövqeyini dəyişməsi İranın inamsızlığının, hansısa bir mövqedə qətiyyətli dayana bilməməsinin nəticəsidir. İran doğru, düzgün olmaqla yanaşı, həm də inandığı yolu seçməlidir. Əgər İran Rusiyanı İsraillə vasitəçiliyə dəvət edirsə, İsrail də RF-ə İranla əlaqəli alternativ variant təklif edə bilər. Rusiya İranı nəzarəti altına götürür, İsraillə təhlükəsini neytrallaşdırır, İranı təhlükəsiz dövlətə çevirir və əvəzində həm Ukrayna mövzusunda, II Dünya Müharibəsində Rusiyanın qələbəsinin tanınmasında İsrail Putinə yardım etmiş olur. Rusiyanın İran üçün vasitəçiliyində əsas həllini tapmalı məsələ V.Putinin sözü ilə İ.Rəisinin iki dəfə İsrailə qarşı müharibəyə hazırlaşması və sonradan bu hazırlaşmanın dayanmasıdır. Hətta V.Putinin o mövzuda məşhur açıqlamaları var. Qəzza müharibəsinin gedişində bu fakt oldu. İranda İ.Rəisini bəlkə də V.Putinin adamı hesab edirdilər. Fikrimizcə, əsas səbəb İranın heç zaman ABŞ və İsraillə münasibəti sonadək korlamaq istəməməsidir. İran məhz buna görə 2025-ci ilin oktyabrında İsrailə Tehran ərazisinə zərbələr endirməyə icazə verdi. Bunu öyrənmək Rusiya üçün vacibdir.
2. İndi İran üçün ən yaxşı vasitəçiliyi Azərbaycan edə bilər. Azərbaycan Prezidenti ilə başlanan bu proses azərbaycanlı faktoru üzərində qurula bilər. İran əgər İsraillə münasibətləri normallaşdırmaq istəyirsə, bunun üçün ən yaxşı vasitə İrandakı kərimilərin noyabrın əvvəlində Bakıda keçiriləcək Avropa ravinlərinin toplantısına ali rəhbərin ofisinin iştirakı ilə nümayəndə göndərməsidir. Ali rəhbərin ofisi İran kərimlərinin Avropa ravinlərinin Bakıdakı iclasında iştirakına razılığı və marağı aydın görünməlidir. Bu, gələcəkdə Azərbaycan Respublikası üçün də vasitəçilik istiqamətində müəyyən işlər görə bilər. “Kərimilər” sözü oxucular üçün yenidir, İranda yəhudiləri əksərən kərimilər adlandırırlar. Bəzən Musəvilər də deyirlər.
Azərbaycanın vasitəçiliyi İran üçün yaxşılardan biridir. Bu variantı D.Trampın konsensus diplomatiyasına uyğun verəcəyi variantla müqayisə etmək olar. Hansının birinci və ya ikinci olacağı var. Hər ikisi bütün yüksək tələbatı ödəmək çərçivəsindədir. Vacib şərt İranın heç bir qonşusuna, İsrailə təhlükə yaratmamasıdır. D.Tramp Yaxın Şərqi yenidən qurur. Orada artıq hər şeyi, xüsusilə hərbi təhlükəsizliyi D.Tramp İsrailin üzərində qurmayıb. Qətər də hərbi təhlükəsizlikdə iştirak edəcək, BƏƏ, İordaniyanın da ABŞ-ın maraqlarına uyğun hərbi təhlükəsizlikdə iştirakı mümkündür. İranın hərbisiz olacağı D.Trampın nöqteyi-nəzərində birmənalı anlayışdır. D.Trampın variantında İranın daxilində bağlayıcı qüvvə İsrail olmalıdır. Azərbaycanın vasitəçiliyində isə azərbaycanlı parametri həlledici olmalıdır.
Regional strateji kontekst və Azərbaycan vektoru
İsrailin Azərbaycana qulaq asdığı dəfələrlə sübut olunmuşdur. İran İsrail-Azərbaycan münasibətlərinə həmişə hədsiz neqativ yanaşıb. Tək mətbuatda açıq səslənən bəyanatlardan getmir. Livanda indi məğlub vəziyyətin səbəbi Livanın İsraillə barışıq üçün Azərbaycana müraciət etdiyini ehtimal etmək olar. Həmin anda İran mərhum Seyid Nəsrullaha İsrailə qarşı atəşi intensivləşdirmək göstərişini verdi və Azərbaycanın vasitəçiliyi başlamadı. Livanda baş verənlərin sonu da bəllidir.
HƏMAS-ın rəhbəri İ.Haniya da prezident M.Pezeşkianın inauqurasiyasında iştirak üçün Tehrana gələrkən azərbaycanlı prezident M.Pezeşkiandan gözlədiyi mövzulardan biri İsraillə HƏMAS arasında Azərbaycan vasitəsi ilə barışıq idi. HƏMAS hətta İsrailin qarşısın özünü buraxacağı ilə bağlı öhdəlik götürdü. O vaxt HƏMAS-ın özünü buraxması ağla da gələ bilməzdi. İranın iştirakı və ya diqqətsizliyi ilə İ. Haniyanın Tehranda terror edilməsi vəziyyəti dəyişdi. Suriya ilə İsrailin arasında Azərbaycanın rolunu İran publik neqativ münasibət göstərir. Türkiyə ilə İsrail arasındakı münasibətlərdə Azərbaycanın rolu həmişə İran tərəfindən tənqid olunub.
İranın hökm vermək, hər şeyi qətiyyətlə həll etmək imkanı yoxdur. Seçim etməlidir. Azərbaycana tərəf seçim edəcəksə, indidən etməlidir. Bizim özümüzü İrandan sığortalanmaq mexanizmimiz var. İranın Azərbaycan istiqamətində yaratdığı inam beynəlxalq aləmdə görünməlidir. Bunu H.Ruhani prezidentliyi dövründə dərk edirdi. Prezidentliyinin son illərində hətta Azərbaycana ərazi hədiyyə etdi. Astarada yük terminalının səhmləri 50/50 bölünüb. Ən yaxşı variantı İran hazırlaya bilər. O variant beynəlxalq ictimaiyyətin, amerikalının, ingilisin, almanın, fransızın beyninə batmalıdır. Bunu edəcəksə İran minimal itki ilə vəziyyətdən çıxacaq. Əks-təqdirdə gedən proseslər bir anın içərisində İran təhlükəsini neytrallaşdırmaq istiqamətində çevrilə bilər.
Hazırda İran heç bir qonşusu ilə normal münasibətdə deyil. Bütün qonşuları ona qarşı hərbi planları diqqətdən keçirirlər. Azərbaycanın ərazisində intensiv hərbi təlimlər keçirilir və iranlıların xüsusi diqqətinə çatdıraq ki, bunların heç birində İsrail iştirak etmir; Qətər, Qazaxıstan, Özbəkistan, Türkiyə və Pakistan iştirak edir. Xüsusi təyinatlıların BƏƏ ilə hərbi təlimləri keçirildi. İranın, Azərbaycanla BƏƏ arasında keçirilən hərbi əməliyyatlara heç bir irad bildirə bilməz; özü də Ermənistanla hərbi təlimlər keçirib. Ermənistan 3 adanı BƏƏ-nin tərkib hissəsi sayır və İran da bütün bunların əvəzində Ermənistana hədiyyə verib. İranın ətrafında yaranmış şəraitdə İranla normal və ya iqtisadi əməkdaşlığa hazırlaşmaqdan daha çox İranın hərbi təhlükəsinə qarşı hazırlaşma göz önündədir. Bunun ilkin və bariz nümunələrindən biri Pakistanla Səudiyyə Ərəbistanında imzalanmış müqavilədir. İlk baxışda o müqavilə İsrailin Səudiyyə Ərəbistanına hücumuna qarşı nəzərdə tutulmuş müqavilədir. Pakistan Səudiyyə Ərəbistanına hansı dövlət təhlükə yaradarsa, ona hücum edəcəkdir. Hətta nüvə arsenalını da işə sala bilər. Əgər İran ətrafındakı proseslərlə bağlı ciddi hərəkətə stimul veribsə, bu davam etməlidir. İranın dağıdıcılıq gücü var, amma hansısa müharibədə qələbə şansı isə sıfırdır.
Son günlərin dəyişikliklərindən biri Azərbaycan münasibətlərdə baş verənlərdir. Azərbaycan Prezidentinin köməkçisi ilə yeni strateji təşəbbüslər gündəliyə gətirildi. Təbii ki, A.Əraqçı və nazir müavini K.Qəribabadi bu fikirləri gündəliyə gətirərkən ehtimal ki, Azərbaycanın İsraillə münasibətlərini nəzərə alırlar. Bəlkə də Azərbaycan noyabrın əvvəlində Bakıda keçiriləcək ravinlərin toplantısında İran-İsrail münasibətləri ilə bağlı hansısa bəyanat qəbul etdirə bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1327 dəfə oxunub.