23.10.2025 17:10
Mehdiyevin kürəkəni mülkümü əlimdən alıb, ölümlə təhdid edir -Sahibkar
Şabran rayonundan olan sahibkar Mansur İbrahimov deyir ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev və qohumları - kürəkəni İlham Əlisəftər oğlu Əliyev vəzifədə olarkən onun qiyməti milyonlarla manat olan əmlakını, təsərrüfatını aldatma və hədə-qorxu ilə əlindən alıblar.
XəzərNews.az xəbər verir ki, Oxu.az-a açıqlamasında iş adamı Mansur İbrahimov bildirib ki, Quba, Xaçmaz və Şabran rayonlarında böyük ərazilər, mülklər Ramiz Mehdiyevin qohumları tərəfindən zəbt olunub.
O bildirib ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev 2010-cu ildə Xaçmaz-Xudat Seçki Dairəsindən deputat seçiləndən sonra bu zonanın əksər sahibkarlarının əmlakları əllərindən alınıb, özləri isə məhkəmələrdə süründürülür: "Mən də bu cür özbaşınalıqların qurbanlarından biriyəm. 2006-cı ildə Şabran və ətraf rayonlarda sahibkarlıqla məşğul olmağa başlamışam. Bu məqsədlə "Turaz" MMC-ni yaratmışam. 100 hektara yaxın torpaqda ən müxtəlif meyvə bağları salmışam. Kürdəmirdən 2 min ədəd nar tingi gətirib bağ yaratmışam, bütün ailəmi bu təsərrüfata səfərbər etmişəm.
2011-ci ildə isə "Dostluq - MK" MMC-ni YAP Xaçmaz rayon təşkilatının sədri olmuş Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşovla birlikdə yaratdıq. Nizamnamə kapitalımız cəmi 20 manat olub - yəni hər təsisçinin payı 10 manat (50 faiz) təşkil edib. Düşünürdüm ki, banklardan kredit götürüb şirkətin fəaliyyətini genişləndirəcəyəm. Bir neçə aydan sonra Məhəmməd Balaqadaşov gəlib dedi ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev bizə şərik olmaq istəyir, şirkətə 50 faiz yatırım etmək istəyir. Mən də razılaşdım. Şirkətin inkişafı üçün 2 milyon 547 min manat vəsait yatırmışdım. İlham dedi ki, mənə 3 milyon manat verəcək və səhmlərimi alacaq. Mən də razılaşdım.
Amma İlham Əlisəftəroğlu 1 qəpik pul qoymadan 2 şirkətimi, 100 hektara yaxın torpağımı ələ keçirdi. Mənə dedi ki, notarius vasitəsi ilə alqı-satqı edək, mən də razılaşdım. 1 saylı Notariusa gəldik, İlham Əliyev özü gəlmədi, "Watshap"da şəxsiyyət vəsiqəsini göndərdi, torpaq sahələrim onun adına rəsmiləşdirildi. 3 milyon manatlıq alqı-satqı müqaviləsində formal məbləğ cəmi 5 min 600 manat göstərildi. Buna etiraz edəndə İlham Əliyevin adamları dedilər ki, bu, vergidən yayınmaq üçündür. Sonra dedilər ki, 5 min 600 manatı da mən ödəyim, guya İlham həmin məbləği artıqlaması ilə ödəyəcək. Mən də kişi sözünə inanıb, ödədim.
Səhəri gün pulu istəyəndə dedilər ki, İlham müəllim Bakıdadır, gəlib pulu verəcək. Bu adla bir ay yubatdılar, sonra telefonlarıma cavab vermədilər".
Sahibkar qeyd edib ki, aldadıldığını başa düşəndə notariusa gedib, müqavilənin ləğv edilməsini istəyib: "Amma mənə dedilər ki, buna görə məhkəməyə müraciət etməliyəm. Məhkəməyə müraciət etdim, bu gün də müraciət edirəm, amma xeyri yoxdur.
Hakimlər mənə deyirlər ki, sən haqlısan, amma Mehdiyevin kürəkəninin xeyrinə qərar çıxarırlar. Proseslərin hamısında hakimlər deyirdilər ki, çarəsizdirlər, Ramiz Mehdiyev sifariş verir. 12 hektarlıq fındıq bağımı məhv etdilər, ardınca Məhəmmədlə İlham birləşib şirkətdən 1 milyon 200 min manatlıq oğurluq ediblər, məni isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdilər ki, guya bu məbləği mən mənimsəmişəm. Adıçəkilən idarə araşdırma aparandan sonra iddianı rədd etdi. Daha sonra İlham məni məhkəməyə verməyə başladı..."
İş adamı bildirdi ki, əmlakını geri almaq üçün müraciət etdiyi məhkəmələr işi yubadır, qərar çıxarmır, süründürməçiliyə salırlar: "İş Bakı Kommersiya Məhkəməsinə də verildi. Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda İlham Əliyev özü etiraf etdi ki, alqı-satqı müqaviləsi üzrə mənə bir qəpik də ödəniş etməyib. Amma məhkəmə yenə mənim xeyrimə qərar çıxarmadı, hüquqlarımı bərpa etmədi".
Sahibkar deyir ki, Apelyasiya və Ali məhkəmələrinə müraciət etsə də, hakimlər yenə də Ramiz Mehdiyev sifarişinin icra etməyə məcbur olub.
M.İbrahimovun sözlərinə görə, əlindən alınan əmlaklar, şirkətlər hazırda Ramiz Mehdiyevin kürəkəninin istifadəsindədir: "Ramiz Mehdiyevə cinayət işi başlanandan sonra İlham Əlisəftər oğlu yoxa çıxıb. İndi o, həmin şirkətləri idarə etmək üçün əraziyə başqa şəxslər təyin edib. İlham yenə də məni və ailəmi təhdid edir, xəbərlər göndərir ki, başımın ağrımaması üçün sakit oturum. Hər gün məhəlləmizdə tanımadığım maşınlar dayanır, məni və ailə üzvlərimi izləyirlər. Ətrafımda olanlar vasitəsilə mənə xəbər göndərirlər ki, sakit oturum. Mən özümün və ailəmin təhdid edilməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişəm. Əmlakımı əlimdən alıblar, özümü və ailəmi isə ölümlə təhdid edirlər".
M.İbrahimov deyir ki, R.Mehdiyevin adamları təkcə onun deyil, bölgədə digər sahibkarların da əmlaklarını əllərindən alıb: "Xaçmazda hektarlarla fındıq sahələrini, bir fındıq zavodunu sahibkarın əlindən aldılar. Daha sonra bir sahibkar dostumun illər ərzində min bir əziyyətlə yaratdığı "Aysberq" pivə zavodunu bir günün içində əlindən aldılar. Quba yolunun üstündə göl var. Həmin göldən ətraf kəndlərə su verilirdi. Ora sahibkarın əlindən alındı, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirildi. Hazırda gölün ətrafındakı 7 kənd susuz qalıb. 7 kənddə camaatın əkin sahələri məhv olur, ağaclar quruyur. Göldən həmin kəndlərə bir damcı da su verilmir".
Xəbər 102 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|