“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


27.10.2025  09:56 

Ölüm ərəfəsində olan İran müsəlman qonşularını hədələyir: Əvvəl güc, sonra Allah...





A+  A-

İranda müsəlman qonşularını hədələmək təkcə ritorika deyil. İraq Kürdüstanına ardıcıl beş dəfə raket zərbələri endirməsi yaddan çıxmayıb. Bu zərbələrə cavab almadı: nə Kürdüstanın, nə də İraqın İrana cavab vermək imkanı var idi. Bəlkə də bundan sonra həmin imkanlar yarana bilər. İran Pakistanla sərhəddə, Bəlucistanda fəaliyyət göstərən terrorçu qruplaşmaya cavab vermək adı ilə Pakistan ərazisində hərbi əməliyyat keçirdi. Pakistan dərhal cavab verdi, hətta PUA-larla İranın hava məkanını pozdu. İran Pakistana cavab verə bilmədi. Pakistan İrandan güclüdür: 250 milyon əhalisi var, ordusu xeyli güclüdür və ən əsası nüvə silahına malik yeganə müsəlman dövlətidir.

İsraillə müharibə bitdikdən sonra Qətərdə Üdeyd bazasına zərbə endirməsi də İranın öz hərbi gücünü “Allah səviyyəsində” tanımasının nəticəsi idi, sitayiş etdiyi gücü ilahiləşdirirdi. Təxminən bir aydan sonra A.Əraqçı Qətərlə münasibətlərin normallaşdığı barədə məlumat verdi.

SEPAH-ın komandanı Məhəmməd Pakpur regionu “cəhənnəmə çevirəcəklərini” bəyan etdi. SEPAH-ın bundan əvvəlki siyasətçi-hərbçiləri demək olar, hər gün efirdə idi. 12 günlük müharibədən sonra həmin siyasiləşmiş SEPAH-çı komandanların bir qismi dünyasını dəyişdi. İndi M.Pakpur yavaş-yavaş siyasiləşir və onların terminologiyasını daha da sərtləşdirir. Onun “regionda cəhənnəm yaradacağıq” bəyanatına bəlkə də İranda adi, ötəri yanaşmaq olardı. Lakin İranın ali rəhbəri ilk dəfə hədə-fokus dairəsini ABŞ və İsraildən kənara çıxartdı. ABŞ və İsrailə hədə gəlməsi İran üçün normativ idi. İndi isə ali rəhbər “ABŞ və onun əlaltılarını məhv etmək” fikrini işlətdi. “ABŞ-ın əlaltıları” dedikdə artıq təkcə İsrail nəzərdə tutulmur, İran ərəb dövlətlərini də bu kateqoriyaya aid edir. Səudiyyə Ərəbistanı ilə bir tərəfdən telefonla danışır, müdafiə və xarici işlər nazirləri səfərlər edirlər, amma İran hələ də Səudiyyə Ərəbistanını ABŞ üçün “sağmal inək” hesab edir.

İran Azərbaycanı da ABŞ-ın “əlaltısı” saya bilər, bəlkə Türkmənistanı da bu kateqoriyaya daxil edər. Halbuki region dövlətləri içərisində ABŞ-ın ən çox hərbi-kəşfiyyat iştirakı İranın şimal və qərb istiqamətində Ermənistanladır. İran isə Ermənistanı ABŞ-ın əlaltısı hesab etmir. İranın problemi, əsasən, müsəlman dövlətlərilədir.

Pakistan–Səudiyyə Ərəbistanı müqaviləsinin çəkisi

Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanmış müqavilə İsraildən ən yaxşı qorunma mexanizmi kimi təqdim olunur. Regionda vəziyyəti dəyişdirən ən böyük parametr də məhz bu qarşılıqlı hərbi yardım haqqında sazişdir. Müqavilə Səudiyyə Ərəbistanına Pakistanın nüvə arsenalından istifadə səlahiyyəti də verir. İlk baxışda bu pakt İsrailə qarşı yönəlib. İsrail İrana hücum etdi, ardınca Qətərə zərbə endirdi, digər ərəb ölkələrini, HƏMAS-ı, Qəzzanı hərbi əməliyyat meydanına çevirdi və regionda hərbi gücü ilə meydan sulayan əsas aktora çevrildi.



Səudiyyə Ərəbistanı üçün İran İsraildən az təhlükə deyil. Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanmış müqavilənin anti-İran mahiyyəti də var: Səudiyyə Ərəbistanının Çinlə imzaladığı strateji əməkdaşlıq müqaviləsində iki anti-İran maddə yer alır:

I. İran yalnız dinc nüvə texnologiyası ilə məşğul olmalıdır.

II. İran qonşularının daxili işlərinə qarışmamalıdır.

Pakistan–Səudiyyə paktını anti-İsrail kimi də oxumaq olar. Həm M.Pakpurun, həm də ali rəhbərin hədələri İsraillə əlaqəlidirsə, müqavilənin şərtləri aydındır və digər dövlətlər də bu pakta qoşula bilər. Amma İran qoşulmur. Çünki İrana müharibəni sakitləşdirən deyil, əksinə, konfliktogen - müharibəyə şərait yaradan mühit lazımdır. Uzun müddət Ermənistanla əməkdaşlığının təyinatı da Ermənistanı Azərbaycana qarşı münaqişəyə qızışdırmaq idi. Ermənistanla Azərbaycan arasında son illərdə xeyli iş görülsə də, İran hələ də ümid edir ki, Ermənistan nə vaxtsa Azərbaycanın üstünə qalxacaq, özü də düşünür ki, hansısa qaydada Azərbaycan Respublikasına hücum edilə bilər.

İran qonşuluğunda olan dövlətlərin həm ABŞ-la, həm də bir-biri ilə hərbi əməkdaşlığının xeyli inkişaf etdiyini görür. “5000 illik sivilizasiya”dan danışan dövlət müharibədən başqa heç nə dərk etmir: müsəlmançılığa zərbə vurmaq barədə planlar hazırlayır. İranın islamçılığı eybəcər formadadır: Firdovsinin “Şahnamə”si üzərində formalaşmış cılız fars millətçiliyinin tör-töküntülərinə sitayişdən ibarətdir. Fars tarixində məğlubiyyət və aşağılanma səhifələri az olmayıb. İranın indiki rəhbərliyinin böyük əksəriyyətinin azərbaycanlı olmasına baxmayaraq, onlar fars millətçiliyinin çürük hissəsinin köləsinə çevriliblər.

İran və müsəlmana xoşniyyətlilik uyuşmazlığı

İran hansısa müsəlman dövlətinə və ya şiə qrupuna səmimi şəkildə yaxşılıq etdiyini inandırıcı şəkildə təqdim edə bilmir. Son 200 ildə bu dövlət daimi olaraq şiələri özündən uzaqlaşdırmaq, şiələrin imkanlarını öz hesabına israf etmək kimi praktikalara üstünlük verib:

Ələvi dövləti olan Suriyaya etdiklərinin əvəzində tələb etdikləri İranın müsəlmana, şiəyə münasibətini aydın göstərir: Suriyaya edilənləri üçqat borc müqaviləsinə çevirdilər. Sadəcə B.Əsəd devrilmədi.



İŞİD müharibəsi zamanı İraqa kömək etdilər və sonda hamısını ikiqat qiymətlə hesablayıb, İraqa borc müqaviləsi imzalatdırdılar.

Əfqan qaçqınlarının çoxu şiə idi: Taliban Əfqanıstanda əvvəlki hakimiyyətlər dövründə İranın maraqlarına xidmət edən qruplar idi. Taliban hakimiyyətə gəldikdən sonra ölkəni tərk etdilər. İran ərazisindəki əfqan qaçqınlarını elə acınacaqlı vəziyyətdə qovdu ki, bu gün Əfqanıstanda hakim olan Taliban İrandan əfqanlara humanizm göstərməyi tələb etdi.

Əfqan şiələrinin dini lideri bir dəfə də olsun İran məscidlərində namaz qıla bilməyib, İran ona imkan verməyib.

Əgər rəsmi Bakı doğru seçim etməsəydi, bu gün Azərbaycanı Qəzzanın, Suriyanın, İraqın, Hizbullahın, HƏMAS-ın taleyi gözləyə bilərdi. Bütün bunların çoxunda İranın rolu olub, o, bilərəkdən və ya bilməyərəkdən bu proseslərdə iştirak edib (bilərəkdən–bilməyərəkdən olması ayrıca müzakirə mövzusudur). 7 oktyabr günü HƏMAS lideri İ.Haniya Tehrandan Qəzzaya uçdu. Həmin dövrdə İranda belə təsəvvür var idi ki, İsrail hökuməti zəifləyib. Qəzza müharibəsinin ilk iki günü İsrail hökumətinin çox zəif olduğu, daxildən parçalandığı görüntüsü yarandı. B.Netanyahu hökumətinin kəşfiyyatın göndərdiyi məlumatlarla tanış olmaq imkanı yox imiş: bəlkə də daxildə fikir ayrılıqları daha iri mövzular ətrafında idi. Ona görə HƏMAS iki gün ərzində xeyli irəlilədi, ərazi tutdu və 200 nəfərə yaxın girov götürdü. İ.Haniyanın Tehrandan Qəzzaya uçması ilə bağlı o vaxt rəsmi məlumat yayılmadı. Lakin hərbi əməliyyatlar başlayandan sonra onun “şiə qaydasında” qələbə-şükranlıq namazı qılıb Tehrana gəlməsi, ali rəhbər və prezident İ.Rəisi ilə görüşməsi, İran televiziyasında çıxış etməsi barədə materiallarla indi də tanış olmaq mümkündür. Bəlkə də İran tərəfi bir qismini silib. İ.Haniyanın və ətrafındakılardan bəzilərinin “şiə qaydasında” şükranlıq namazı, Tehranda ali rəhbər və prezidentlə görüşləri və İran televiziyasında çıxışı barədə məlumatları mən özüm şəxsən müşahidə etmişəm. Hətta Mahmud Abbasla bağlı sualına verdiyi cavabdan hansı “nəşə”də olduğu bəlli idi. Bu isə Fələstin mövzusunda müxtəlif yanaşmalara, fikir ayrılıqlarına zəmin yaratdı.



İranın Suriya, İraq və əfqan şiələri ilə sərgüzəştləri

Suriya hökuməti ilə İran hökuməti uzun müddət yola getmirdi. Təxminən Bəşər Əsəd devrilməmişdən bir həftə əvvəl ən böyük qalmaqalı yaradan məhz İran idi. İndi aktiv siyasətdə olan Ə.Laricanı danışdırmaq kifayətdir. İran B.Əsəd hökumətinin yıxılacağını bilirdisə, niyə onunla belə vəziyyət yaradırdı?!

İraqın gənc, parlayan lideri Müqtəda əs-Sədr bir zamanlar İrana - onun ali rəhbərinə Allah kimi baxırdı. Məhərrəmlik əzadarlığında iki dəfə Tehranda ali rəhbərin sağında oturmuşdu. İndi isə Müqtəda əs-Sədr İranın ən böyük düşmənidir.

Niyə vəziyyət bu həddə dəyişdi?

Ali rəhbərin “İsrail rejimi 25 ilə öləcək” proqnozuna SEPAH tələsdi: o vaxtkı komandan Hüseyn Səlami “İsrailin cəmi 5 il ömrü qalıb” dedi. Sonra hətta onu “5 gün”ə endirmək istədilər və bu şüar altında Qəzza müharibəsi başladı. İndi HƏMAS özünü buraxmağa razılaşıb, İsrail hökuməti isə getdikcə güclənir. O vaxt müharibə olmasaydı, bəlkə də İsrail hökuməti daxili səbəblərdən sıradan çıxa bilərdi. Bu proseslərin təbliğatında həm “Vətən” partiyasının lideri, həm də “Gündəm Fələstin”, “Yaxından Türkiyə” layihələri fəal rol oynadılar. D.Perinçək Türkiyədə ermənilərə qarşı apardığı mübarizə ilə Azərbaycanda böyük hörmət qazanıb və bu hörmət daimi yaddaşımızda qalmalıdır.

HƏMAS-ı, Hizbullahı, Suriyanı, İraqı tələf etdiyi kimi, İran bu gün özünü də tələf edir. Bu qurumların ABŞ-la razılaşma əsasında sıradan çıxarıldığına dair fikirlər var. Bəlkə də İran rəhbərliyinin indiki parametrdə İranı da sıradan çıxarmaqla bağlı ABŞ-la, İsraillə razılığı mövcuddur. Rusiya iki dəfə İrana (prezident İ. Rəisiyə) İsrailə qarşı müharibəyə başlamağı təklif etdi = “arxanızda durmuşam”. Ali rəhbər bunu rədd etdi. Belə vəziyyətdə Azərbaycanın doğru seçimlərinə qarşı iradları qəbul etmirik.

SEPAH və Azərbaycanın daxilində travmalar: Xocalı, Şuşa, rayonların itirilməsi, atəşkəs...

Azərbaycanın müstəqilliyi ilə Xocalı soyqırımının yaşı eynidir. Azərbaycanı heç kim müdafiə etmirdi. SSRİ dağılmışdı, dünyada bizi tanıyan yox idi. Ermənilər hücumda idi və ilk iri əməlləri Xocalı soyqırımını törətmək oldu. İran bu günə qədər Xocalı soyqırımını tanımayıb. Türkiyədə “Vətən” partiyasının lideri Doğu Perinçəkdən, “Yaxından Türkiyə” verilişinin aparıcılarından, “Gündəm Fələstin” verilişinin moderatorlarından soruşmaq olar: İran Xocalı soyqırımını tanıyırmı?



İran Xocalı soyqırımını törədən ermənilərə Xocalıdan sonra 3 milyard dollarlıq yardım edib.

- Şuşa Azərbaycanın İranın vasitəçiliyini qəbul etməsinə görə işğal olundu.

- Həmin dövrdə ərazimizdə yalnız İranın hərbi qüvvələri var idi. İran ölkəmizdə gücləndikcə, ermənilər rayonlarımızı işğal edir, əhalimizi köçkün vəziyyətinə salırdı. İran buna niyə imkan verdi, məqsədi nə idi? İranın davranışı ciddi tədqiq olunmalıdır.

Kiminsə İran tarixinə simpatiyası varsa, daha aktiv olmalıdır. İndiki qaydada Doğu Perinçək, “Yaxından Türkiyə” və “Gündəm Fələstin” platformaları kimi İranı müdafiə etmək, əslində, onun anti-islamçılığını, anti-azərbaycançılığını, anti-şiəçiliyini, anti-türkiyəçiliyini gücləndirməkdən başqa bir şey deyil.

1994-cü ilin mayında bizim üçün məğlubiyyət sayılan atəşkəs müqaviləsini imzalamaq məcburiyyətində qaldıq.

Son 3 ildə İranın ali rəhbərinin və komandan H.Səlami daxil dörd SEPAH generalının bəyanatlarının kontent-analizi İran siyasətinin faciəvi olduğunu göstərir. Bu yazıda səslənən faktlardan əlavə 6-7 fakt da sadalana bilər. Hamısını yoxlamağı və tədqiq etməyi oxuculardan, Türkiyənin media platformalarından və “Vətən” partiyasının lideri D.Perinçekdən xahiş edərdim. İranın D.Perinçəkin məsləhətinə ehtiyacı var; o, İranın siyasətini ciddi tədqiq edib tövsiyələrini verməlidir. İranın bir müsəlman dövləti ilə belə normal münasibəti yoxdur.

İranın məqsədi: Azərbaycanı sıradan çıxarmaq

İranın məqsədi İsrailə qarşı mübarizə aparmaq deyil, Azərbaycanı sıradan çıxarmaqdır. Azərbaycan müstəqil olanda ermənilər hücuma başladılar. Heç bir tərəfdən dəstək yox idi və bu zaman Azərbaycan İranın kömək edəcəyini düşündü. İran kömək vədi verdi, amma hərbi kömək yox. O zaman prezident A. Mütəllibov Tehrana səfər etdi, hətta Məşhəddə ziyarətdə oldu. Bir qrup SEPAH-çı ölkəmizə gəldi və maraqlı dinamik proseslər başladı. Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyətində geriləmə nəzərə çarpdı. SEPAH hərbçiləri ölkəmizin daxilində olduğu dövrdə ermənilər rayonlarımızı boşaltdılar, əhalini didərgin saldılar. Xocalı soyqırımı və ardınca Şuşanın işğalı baş verdi.
Xocalı faciəsini törədən ermənilərin üç prezidenti “İranı həyat yolu” adlandırdılar. İran Xocalıdan sonra Ermənistana 3 milyard dollar yardım etdi, əlavə layihələr reallaşdırmaq istədi, hətta Mehri SES-in “təhlükəsizliyi” adı altında, yəni Azərbaycan Respublikasına qarşı ordusunu işlətməyi Ermənistana rəsmən vəd verdi. Şuşanın işğalına səbəb İranı regional proseslərə buraxmağımız oldu. Rusiya və ABŞ İranın regiona girməsini arzulamırdı. İran isə həmişə Ermənistana yardım edib. Kəlbəcərdə Ermənistan üçün HHM bazası tikilməsinin qarşısını yalnız İranın Almaniyada təhsil almış 10 HHM ixtisaslı hərbçisinin Tehran–Yerevan reysinin qəzasında ölməsi aldı.

1997-ci il: Ulu Öndər Heydər Əliyev – Benyamin Netanyahu görüşü

Bütün bunlara qədər Azərbaycanla İsrail arasında yalnız diplomatik tanınma var idi. İran mətbuatının yazdığına görə ciddi münasibət 1997-ci ildən başlayıb: İsrailin Bakı əsilli XİN rəhbəri A.Liberman o zaman baş nazir olan B.Netanyahunu Bakıya gətirdi. B.Netanyahu Ulu Öndər, prezident Heydər Əliyevlə axşamdan səhərə qədər söhbət etdi.
Azərbaycan-İsrail siyasi və hərbi-təhlükəsizlik gündəliyinin “maddiləşməsi” 2004-2005-ci illərdən başlandı: Aİ və NATO üzvlərindən bəzilərinin verə bilmədiyi silah və texnikanı İsrail Azərbaycana gətirə bildi. Çünki Ermənistan-Azərbaycan münaqişəsinə beynəlxalq yanaşma hər iki tərəfin silah almasını məhdudlaşdırmaq idi. Həmin vaxta qədər Rusiya Ermənistana 1 milyard dollarlıq silah vermişdi. Bütün bunlardan İranın xəbəri var idi. 1997-ci ilə qədər Azərbaycanın əksər rayonları boşalmışdı, Xocalı soyqırımı baş vermişdi, Şuşa işğal olunmuşdu, məğlubiyyət atəşkəsi imzalanmışdı. Bütün bunlar Sepah “hərbi müşavirləri” ölkəmizdə ikən baş verirdi.



İran 20 ölkədən 460 yəhudinin BMT TŞ-yə anti-İsrail müraciət göndərdiyini bildirdi. Təşkilatçının kimliyini demir; bəlkə də özü təşkil edib. Bu günlərdə Sepahın o zamankı komandanı Əziz Cəfəri İran raket proqramının “atası” sayılan Tehran Müqəddəminin ölüm təfərrüatını açıqladı: onunla birlikdə 30 hərbçinin ölümünə səbəb olan partlayışı Mossad törətməyibmiş. Bunu indi açıqlayıb Mossadı təmizə çıxarmaq İrana nəyə lazımdır?!

İran İsrailin əsas müttəfiqlərindən olan Hindistanla əlaqələrinə yeni dinamizm verdi. İsrailin hücumu vaxtı İran daxilində fəaliyyət göstərən bəzi hind şirkətlərinin İsrailə casusluq etdiyi Tehran tərəfindən rəsmən açıqlanmışdı. İranda yəhudilərə münasibət birmənalı deyil. Keçmişdə yəhudilərlə birlikdə ərəbləri qırdığı günlərdən ötrü “burnunun ucu göynəyir”. Ərəblərin Pakistanla koalisiyası İranın ərəblərə zülm etməsini mümkünsüzləşdirir. Buna görə də İsraillə koalisiya İran üçün zəruri sayılır. Buradakı ən böyük maneə İsrail–Azərbaycan əlaqələridir; İran üçün “ən vacib” isə Azərbaycan adlı dövlətin olmamasıdır.

Təəssüf ki, cəmiyyətimizin daxilindən, eləcə də Türkiyə və digər ölkələrdən başına xeyli adam yığıb. İran–Azərbaycan münasibətlərinin daha da gərgin dövrləri olub. İran İsraildən qorunmaq istəyirsə, hazırda düstur mövcuddur: Pakistan–Səudiyyə Ərəbistanı hərbi paktına qoşula bilər. Əksinə, İran bu paktı gözdən salmaqla məşğuldur və onu Yəmən husilərinə qarşı yönəlmiş təşəbbüs kimi təqdim edir. Əgər həqiqətən “anti-husi” yönümlüdürsə, qoşul və paktın mahiyyətindən anti-husiliyi uzaqlaşdır. İranın düşüncəsinə görə Azərbaycanın İsraillə davranışı Pakistanı narahat etməlidir. Halbuki Pakistanın hər şeydən xəbəri var.

Hazırda Azərbaycan təkcə Pakistan və Türkiyə ilə yox, Qətər və BƏƏ ilə də hərbi və digər sahələrdə əlaqələri sürətlə inkişaf etdirir. Onlar da müvafiq məsələləri Pakistana izah edə bilərlər. İslam Əməkdaşlığı Təşkilatında məsələlər birgə müzakirəyə çıxarıla bilər. İran görünür yenidən İsrailə, ərəblərə və digərlərinə qarşı “nökərçilik” etmək niyyətindədir. Sadəcə Azərbaycanın İsraillə əlaqələrini öz planları üçün maneə görür və ona görə də Azərbaycanı bu prosesdən uzaqlaşdırmağa çalışır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 872 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +