01.07.2025 15:50
“Qanlı imperiyanın” – Rusiyanın dağılmasını arzulayanların sayı artır
27 iyun tarixində Yekaterinburqda baş verənlər Rusiyanın azərbaycanlılara qarşı milli zəmində təzyiqlərinin gözlənilən, hətta qaçınılmaz nəticəsi kimi qiymətləndirilir.
Belə ki, həmin gün Rusiyanın işğalçı ölkə statusuna malik şəhərində – Yekaterinburqda azərbaycanlılara qarşı genişmiqyaslı həbslər həyata keçirilib.
FTX və Rusiya İstintaq Komitəsinin keçirdiyi əməliyyat nəticəsində 50-dən çox azərbaycanlı saxlanılıb. Saxlanılanların hamısının etnik azərbaycanlı olması hadisənin milli zəmində təqib xarakteri daşıdığını göstərir.
Əməliyyat zamanı federalların qanunsuz hərəkətləri nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar həlak olub. Xüsusilə vurğulanır ki, Hüseyn Səfərov Azərbaycan Respublikasının vətəndaşı olub. Rusiya isə artıq hadisəni təhrif etməyə çalışaraq onların guya “ürək tutmasından” vəfat etdiyini iddia edir.
Məlumata görə, saxlanılan azərbaycanlılara qarşı elektrik şok cihazı, dəyənək və montirovkalarla zorakılıq tətbiq olunub.
Rusiyalı hüquq-mühafizə orqanlarının qanunsuz əməlləri nəticəsində yaranmış ağır bədən xəsarətlərini sübut edən video və fotolar mövcuddur. Lakin işğalçı ölkə Rusiyada bu faktlar ört-basdır edilməyə çalışılır.
Bundan əvvəl də Azərbaycan Rusiyanın təcavüzkar addımlarının qurbanı olub.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemi “Pantsir-S” tərəfindən Azərbaycan Hava Yollarına məxsus Bakı–Qroznı marşrutu ilə hərəkət edən "Embraer 190" sərnişin təyyarəsi vurulub. Həmin aviaqəza nəticəsində təyyarədəki 67 nəfərdən 38-i, o cümlədən iki pilot və bir bələdçi həlak olub.
Buna baxmayaraq, Rusiya öz məsuliyyətini qəbul etməyərək, hadisəni ya təyyarənin “quş sürüsü ilə toqquşması”, ya da “borda partlayış” kimi yalan versiyalarla ört-basdır etməyə çalışıb.
Həmin dövrdə də Rusiya rəsmilərindən, o cümlədən Dövlət Dumasının deputatlarından Azərbaycana qarşı açıq-aşkar şovinist ifadələr səsləndirilmişdi.
Bu gün də oxşar ssenari müşahidə olunur. Görünür, Rusiya rəsmilərinə açıq-aşkar faktları inkar etmək və yalan danışmaq kimi eyni məzmunlu “metodika” təqdim olunub.
Məhz buna görə Azərbaycan tərəfinin reaksiyası sərt oldu, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv edilib. Eyni zamanda, Azərbaycanda dövlət və özəl müəssisələrin Rusiyanın iştirakı ilə planlaşdırdığı mədəni tədbirlər də dayandırılıb.
Ekspertlər hesab edirlər ki, bu, hələ başlanğıcdır. Azərbaycan öz mövqeyini sərt şəkildə müdafiə etməyə hazırdır. Bu isə Rusiya Prezidenti Vladimir Putini ciddi narahat edir. Çünki məhz o, Azərbaycan haqqında yalan informasiyalar yayan Kreml təbliğatçılarının əsas “rejissoru”dur – necə ki, illərdir Ukrayna, Krımın işğalı və Rusiyanın genişmiqyaslı işğal müharibəsi ilə bağlı yalan təbliğat aparır.
Moskva Azərbaycanın müstəqil və balanslı xarici siyasətini bağışlaya bilmir. Xüsusilə də Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə və daha sonra Qarabağ iqtisadi rayonunda birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tam bərpa etməsi Kremli narazı salıb.
Kreml əvvəlcə erməni-azərbaycanlı münaqişəsinin əbədi “dondurulmuş” vəziyyətdə qalmasını istəyirdi. Bu mümkün olmayanda, Kreml azı öz “sülhməramlı”larının Azərbaycan torpaqlarında qalmasına ümid edirdi. Lakin Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra rus “sülhməramlıları” ölkədən çıxarıldı. Həm də Rusiyanın hərbçilərə Ukraynada ehtiyacı olduğundan, “sülhməramlılar” Qarabağdan Ukrayna cəbhəsinə göndərildi.
Bundan əlavə, Rusiya rəhbərliyi Azərbaycana Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə, eləcə də Ukraynaya mütəmadi humanitar yardım göndərdiyinə görə qəzəblidir. Rusiya hakimiyyəti Bakıya təzyiq edə bilmir. Buna görə də Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiyalar həyata keçirir.
Müşahidəçilər bildirirlər ki, bu, Rusiyanın gücünü deyil, əslində, zəifliyini nümayiş etdirir. Kreml demək olar ki, bütün müttəfiqlərini və neytral tərəfdaşlarını itirib. Hətta Ermənistanda da anti-Rusiya əhval-ruhiyyəsi güclənir.
Beləliklə, Vladimir Putin, paradoksal olsa da, həm azərbaycanlılar, həm də ermənilər arasında Rusiyaya qarşı eyni dərəcədə nifrət doğurmağı bacarıb.
İndi isə yalnız Ukraynada deyil, demək olar, bütün postsovet məkanında (Belarus istisna olmaqla) “qanlı imperiyanın” – Rusiyanın dağılmasını arzulayanların sayı artır.
Hikmət Cavadov
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru
Mənbə: Qordon (Ukrayna)
Xəbər 282 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|