14.07.2025 10:41
Politoloq: Xocalı qatilləri cəzalandırılsaydı Srebrenitsa qətliamı dayanardı, Qəzza faciəsi olmazdı
“İran dövlətinin məqsədi Azərbaycan Respublikasını sıradan çıxarmaq olduğu bəllidir. İran başa düşür ki, Azərbaycan Respublikasının mövcudluğu İranın mövcudluğu üçün ən böyük təhlükədir. “Səhər-Azəri” kanalının məhz Azərbaycana qarşı təbliğat aparmaq olduğunu da biz başa düşürük və dözümümüz də var. Bəzən əndazəni aşan hadisələr baş verir. Srebrenitsa hadisələri ilə bağlı İranın xarici işlər naziri müraciətində “Serebnesiya hadisələri olmasaydı, Qəzza hadisəsi də olmazdı” ifadəsini işlətdi. İranın yaxınlığında təxminən o dövrdə ona bənzər hadisə baş verib. Kimlər üçünsə miqyas fərqli görünə bilər. İran prizmasından Xocalıda törədilən soyqırım bəzi cəhətlərinə görə bəlkə də daha ağır faciəvi görünə bilər. Əlbəttə, Srebrenitsa faciəsi həm İrandan uzaq məsafədə idi, həm də o faciənin arxasında duranlar İrandan daha uzaqda idi. Xocalı faciəsi İranın sərhədinə söykənən ərazidə idi və o soyqırımı törədən də İrandan qat-qat kiçik ölkə idi. İran nəinki o soyqırımı törədən dövləti cəzalandırmadı, əksinə o dövlətin müstəqilliyinin 20-ci illiyində yayılan məlumata görə ABŞ və İran həmin dövlətə eyni miqdarda - təxminən 2 milyard dollar məbləğində yardım göstərib. O dövlət üçün həyat qapısı olub. Qəzza faciəsinə gedən yolu İran pulla satın alıb. Bunu belə də qiymətləndirmək olar”.
Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, SSRİ dağılan dövr idi, bu dünyanın geosiyasi arxitekturasının dəyişməsi demək idi:
“Hamı İranın nə edəcəyini gözləyirdi. Daha böyük regionda İranı güclü aktor kimi düşünənlər də var idi. Müsəlmanın soyqırımına göz yummaq məcburiyyəti İranı çox hörmətdən saldı. İranda Xocalı soyqırımı barədə yazan və danışan yoxdur. Xocalı soyqırımının baş verdiyi birinci həftədə İran mətbuatında nə yazılıbsa, odur. Hətta sonralar nəinki yazmaq, Xocalı soyqırımı adlı tədbir keçirmək qadağan edilmişdi. Bizdə olan məlumata görə, ali rəhbərin ofisinin qadağası var ki, İranda “Xocalı soyqırımı” termini işlənməməlidir. ABŞ-ın təxminən 23 ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb. İranda bir dəfə olsun “Xocalı soyqırımı” termini işlənməyib, İran dövləti Xocalı faciəsini soyqırım kimi tanımır. İranın heç bir ostanı Xocalı faciəsini soyqırım kimi tanımır və müsəlman dövlətlərini Qəzzaya yardım və İsrailə basqı mövzusunda dəstəyə çağırır. Əksinə, İran Qəzza faciəsinin başlanğıcını qoydu və məhz İranın o prosesdəki rolu sübut olunduqca ərəb və digər müsəlman dövlətləri Qəzzada İsrailin əleyhinə getmədilər, Qəzza əhalisinə də praktiki yardım göstərmədilər. Bu gün İranda ən küncə sıxılmış adam Fələstin dövlətinin səfiridir. İran Fələstin mövzusunu fələstinlilərdən guya çox istəyir.
Bir ovuc fələstinlini ələ alaraq İsrailin üzərində öz ambisiyasını reallaşdırmaq istədi. İranın apardığı mübarizənin Fələstin xalqının amalı ilə heç bir əlaqəsi yoxdur”.
Politoloq qeyd edib ki, İranın təbliğat maşını “Səhər-Azəri” kanalı əndazəni aşanda dediklərimizdən biri də bu idi:
“İranda səfir xarici işlər naziri və prezidentin parafladığı, imzaladığı, prosedur qaydaya görə təsdiq etdiyi sənədi inkar edir. Bu tək kütlük deyil. Səfir XİN-ə deyə bilərdi ki, ali rəhbərin ofisindən belə bir göstəriş gəlib, belə fikir deməliyəm. Ay İranın Xİ naziri, sən də ali rəhbərin ofisinə tabesən. Əvvəlcə sən bir açıqlama yay, sonra mən də bunu bir az da genişləndirim. Bunu etməyə onun savadı çatmadı. Tək savad problemi deyil. Çox kəskin anti-Azərbaycançıdır. Ola bilər etnik baxımdan o heç fars olmasın, bəlkə də azərbaycanlıdır. O, İran dövlətini dağıdan fars millətçi maşınının bir vintciyidir. İranın təbliğat maşını dünyaya sübut etsin ki, İran adlı dövlət var və bu çox orijinal dövlətdir, Səfir xarici işlər naziri və prezidentdən üstündür. İran dövləti ölüb, yoxdur. Sadəcə onun 3-7-40-nın vaxtını müəyyən etmək üçün yaxında məsələ qaldıracağıq”.
Xəbər 443 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|