24.06.2025 12:31
Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
İki aydır qazilər və əlilliyi olan şəxslər, onlar üçün nəzərdə tutulan və pulsuz verilən dərman preparatlarını ala bilmirlər. Bununla bağlı ciddi narazılıqlar var.
Bu preparatlar arasında ən çox "Finlepsal" və "Escita" (escitalopram) yer alır. Hər iki dərman psixi-emosional stabillik, depressiya, panik atak, epileptik tutmalar və digər nevroloji pozuntuların aradan qaldırılması üçün vacib sayılır.
Bir qrup qazi mövzu ilə bağlı Bakupost.az -a müraciət edərək bildirib ki, reseptlərini əldə etsələr də, aylarla həmin dərmanları ala bilmirlər. Tibb müəssisələrindən isə onlara “depoda dərman yoxdur” cavabı verilir. Bu vəziyyət qazilərin müalicəsində fasilə yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakupost.az -a bildirdilər ki, əhalinin, o cümlədən hərbi əməliyyatlarla bağlı əlilliyi müəyyən edilmiş şəxslərin ambulator şəraitdə dərman preparatları ilə təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən həyata keçirilir:
"Sözügedən qaydalara əsasən, vətəndaşların dərman təminatı onların qeydiyyatda olduqları yaşayış yeri üzrə poliklinikalar və ya ambulator tibb müəssisələri tərəfindən təşkil edilir. Digər əhali qruplarının imtiyazlı qaydada dərman preparatları ilə təmin olunması məsələsi isə hazırda müvafiq qurumlar tərəfindən araşdırılır".
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan Bakupost.az -a verilən açıqlamada bildirilir ki, dərmanlar sənədləşmə işləri bitəndən sonra təmin ediləcək:
“Əlilliyi təyin edilən imtiyazlı şəxslərin dərmanla təmin edilməsilə bağlı mütəmadi olaraq zəruri addımlar atılır. Tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən, həyata keçirilir. Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək.”
Lakin məsələ burasındadır ki, bu dərmanlardan birinin gündəlik qəbulu ləngidikdə və ya tamamilə dayandıqda, bəzi insanlarda aqressiv davranışlar, yuxusuzluq, nevroloji tutmalar, posttravmatik stressin dərinləşməsi kimi simptomlar müşahidə oluna bilər. Xüsusilə müharibə travması yaşamış qazilər üçün bu dərmanların fasiləsiz qəbulu yalnız müalicə deyil, eyni zamanda sabit həyat üçün əhəmiyyətlidir.
Hazırkı vəziyyətdə 2 aydan çoxdur uzanan sənədləşmənin qazilər və onların ailələri üçün yarada biləcəyi problemi təsəvvür etmək elə də çətin deyil. Bunun məsuliyyəti isə sənədləşmə işini vaxtında yerinə yetirə bilməyən TƏBİB-in üzərinə düşür.
Xəbər 68 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|