07.05.2025 17:40
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Azərbaycanın bölgələrində yaşayan sakinlərin bir çoxu Bakıya "qızıl balıq" kimi baxır. Paytaxta axın getdikcə artır. Bu da öz növbəsində müxtəlif istiqamətlərdə problemlər yaradır. Bəs görəsən, rayonlarda yenidən həyatı necə canlandırmaq olar?
XəzərNews.az xəbər verir ki, peputat Aqil Abbas mövzu ilə bağlı oxu.az-a danışıb.
O qeyd edib ki, nazirliklərin bir hissəsi bölgələrə köçürülməlidir:
"Bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada urbanizasiya prosesi gedir. İnsanlar təhsil, iş imkanları və infrastruktur baxımından güclü olan böyük şəhərlərdə yaşamağa üstünlük verirlər. Məsələn, Türkiyədə əhalinin 30 faizi İstanbula axışır. İnsanlar elə bilirlər ki, böyük şəhərlərdə yel əsib, qoz tökülüb. Biz regionları, xüsusilə Gəncə və Qarabağı inkişaf etdirməliyik".
A.Abbas əlavə edib ki, mədəniyyət, təhsil kimi sahələr regionlarda da inkişaf etdirilməlidir:
"Bu, təkcə mədəni məsələ deyil, həm də iş yerləri ilə bağlıdır. Bir çox nazirliklər, ali təhsil ocaqları, dövlət qurumları Bakıda cəmləşiblər. Bu qurumlar Gəncə kimi şəhərlərə köçürülməlidir. Sözügedən addım həm bölgələrin inkişafına səbəb olar, həm də Bakıdakı sıxlıq azalar".
Deputat Qarabağın bərpasına ayrılan böyük maliyyə vəsaitlərini xatırladaraq əlavə edib ki, eyni yanaşma digər regionlara da tətbiq olunmalıdır:
"Hər il Qarabağa dörd-beş milyard manat sərf olunur. Qarabağ vacibdir, amma unutmamalıyıq ki, digər bölgələrdə də problemlər mövcuddur".
"İnsanlar bəzən öz rayonlarında işləməkdən utanırlar, lakin Bakıda eyni işi görməkdən çəkinmirlər. Bu da psixoloji və sosial məsələdir", - deyə millət vəkili vurğulayıb.
Aqil Abbas sonda regionlardakı sənaye və istehsalat sahələrinin bərpasının vacibliyini qeyd edib:
"Rayonlarda zavod və fabriklər tikilməlidir. İnsanlara iş yeri lazımdır. Xüsusilə qadınların məşğulluğu təmin olunmalıdır".
"Hökumət bu sahədə addımlar atır. Amma birdən-birə hər şey mümkün deyil. Yavaş-yavaş inkişaf gedir", - deyə deputat fikirlərini yekunlaşdırıb.
Xəbər 1145 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|