Göyçay rayonunun Çaxırlı kənd sakinləri uzun müddətdir susuzluq problemi ilə üzləşir və bunun əsas səbəbi kəndin örüş torpağında qanunsuz qazıntılar nəticəsində yaradılmış süni gölün su ehtiyatlarını tamamilə tükəndirməsidir.
XəzərNews.az xəbər verir ki, kənd sakinləri Gununsesi.info-ya müraciət edərək bildiriblər ki, şəxsi maraqlar ucbatından onların suya çıxışı məhdudlaşdırılıb:
“Çaxırlı Bələdiyyəsinin 20.12.2006-cı il tarixli 12 saylı qərarı ilə kənd sakini Əsgərova Ruhiyyə Valeh qızına 15 hektar örüş torpağı icarəyə verilsə də, bu qərarın saxta olduğu üzə çıxıb. Faktiki icarə müqaviləsi 2012-ci ildə bağlanıb, lakin saxta şəkildə 2006-cı ilə aid edilib. Bu isə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2007-ci il tarixli 646 nömrəli Fərmanı və 23 noyabr 2007-ci il tarixli 2598 nömrəli Sərəncamı ilə ziddiyyət təşkil edir. Həmin sənədlərə əsasən, 2007-ci ilin dekabrından sonra bələdiyyə torpaqları yalnız hərrac və müsabiqə yolu ilə icarəyə verilə bilər.
Əlavə olaraq:
İcarə müddəti qanunsuz olaraq 99 ilə qədər uzadılıb ki, bu qanunla yolverilməzdir;
Torpaq sahəsinin həcmi saxta şəkildə 5 hektardan 15 hektara artırılıb;
Torpaq aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay şöbəsi tərəfindən verilməyib;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən fəaliyyətin qanunsuz olduğu ilə bağlı akt tərtib olunub və 90 gün ərzində xüsusi razılıq alınması tələb olunub”.
Kənd sakinləri onu da bildiriblər ki, hazırkı bələdiyyə sədri Sevinc Nəsirullayeva əvvəlki sədr Orucəli Qəniyev və sədr müavini Fərhad Mehdiyevin qanunsuz əməllərini ört-basdır etməyə çalışır:
“Bu saxta müqavilə əsasında kənd ərazisində qanunsuz qazıntılar aparılıb, süni göl yaradılıb, nəticədə torpaq şoranlaşıb, örüş yeri azalıb və su ehtiyatları məhv olub.
Biz kənd sakinləri nəinki əkinlərimizə və mal-qaramıza, hətta gündəlik ehtiyacımız olan suya belə çıxış əldə edə bilmirik. Maşınla su alıb istifadə etmək məcburiyyətindəyik.
Bu problemin həlli və qanunsuz yaradılmış gölün ləğvi üçün aidiyyatı orqanlara çoxsaylı şikayətlər etmişik, qəbullarda olmuşuq. Hətta gölün qanunsuz olaraq örüş yerində yaradılması tam sübut olunub və icarəçi şəxs barəsində inzibati protokol tərtib edilib. Ancaq bütün bunlara baxmayaraq, qanunsuz gölün ləğvi üçün heç bir tədbir görülmür. Bu, kəndimizin məhvinə səbəb olur”.
Əsas məşğuliyyətləri əkinçilik, bağçılıq və heyvandarlıq olan sakinlər susuzluqdan əziyyət çəkdiklərini deyirlər.
Onlar başda Prezident cənab İlham Əliyev olmaqla, Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nin rəhbərinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılova, Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edərək xahiş edirlər:
“20.12.2006-cı il tarixli icarə müqaviləsinin hüquqi əsasları yoxlanılsın;
Qanun pozuntularına yol vermiş şəxslər — Orucəli Qəniyev, Fərhad Mehdiyev və Sevinc Nəsirullayeva barəsində hüquqi tədbirlər görülsün;
Qanunsuz şəkildə yaradılmış süni göl ləğv edilsin və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın;
Hadisənin tam və obyektiv araşdırılması üçün audit və torpaq müayinəsi keçirilsin”.