12.03.2019 13:26
Türkiyə iqtisadiyyatında DURĞUNLUQ - Ərdoğanın “iqtisadi möcüzəsi” büdrəyir
Türkiyə iqtisadiyyatı son 10 ilin ən ağır dönəminə daxil olub.
XəzərNews.az xəbər verir ki, 2010-2017-ci illərdə yüksək iqtisadi artım tempinə malik olmuş qardaş ölkə 2018-ci ilin ortalarından başlayaraq bəzi problemlərlə üz-üzə qalıb və 2019-cu il də proqnozlara görə ciddi uğur vəd etmir.
Ötən ilin sonlarında Türkiyə Statistika Xidmətinin açıqladığı məlumatlar ölkənin iqtisadi durğunluq dövrünə daxil olduğunu göstərir.
2018-ci ilin 4-cü rübündə iqtisadiyyat 3% geriləyib. Bu göstərici 3-cü rübdə isə 1,6% təşkil edirdi.
2018-ci ilin əvvəllərinə qədər stabil inkişaf edən Türkiyə ABŞ-la başlayan ticarət müharibələrindən sonra geriləməyə başlayıb.
Lirə dollara qarşı 28% ucuzlaşıb, idxal edilən xarici mallar isə kəskin bahalaşıb. Bu Mərkəzi Bankı faiz dərəcələrini artırmağa vadar edib və hazırda faiz dərəcələri rekord 24%-ə çatıb.
Avtomobil və mənzil satışı, həmçinin, sənaye məhsulları da bahalaşıb.
Paralel olaraq, inflyasiya riskləri də mövcuddur. 2018-ci ilin oktyabrında inflyasiya 25,2%-ə çataraq son 15 ilin ən yüksək həddinə çatıb.
Ümumilikdə, 2018-ci ildə ölkə iqtisadiyyatı 2,6% artım nümayiş etdirib ki, 2017-ci ildə bu rəqəm 7,4% təşkil edib. Belə zəif artım sonuncu dəfə 2009-cu ildə müşahidə olunmuşdu.
2010-2017-ci illərdə Türkiyənin Ümumi Daxili Məhsul istehsalı 273 milyard dollardan 851 milyard dollara qədər artmışdı. Bu nəhəng sıçrayış ölkəni inkişaf etməkdə olan ölkələr arasında alıcılıq qabiliyyətinə görə 13-cü pilləyə qədər yüksəltmişdi.
Türkiyənin maliyyə naziri Berat Albayrak isə çətinliklərin geridə qaldığını və durğunluğun 2019-cu ilin sonlarında bitəcəyini proqnoz etmişdi. Amma aparıcı Qərb maliyyə mərkəzləri türkiyəli nazirin nikbinliyini bölüşmür.
"Geriləmə arxada qalsa da, zəif artım Ümumi Daxili Məhsil istehsalının bu il 2,5% azalacağını göstərir".
"Bloomberg" isə iqtisadi artımın 0,2% olacağını proqnozlaşdırır.
Ümumilikdə, Türkiyə iqtisadiyyatının kəskin artımı ilk növbədə Qərb və Şərq investorlarının ölkənin qiyməli kağızlar bazarına, infrastrukturuna kapital yatırması ilə bağlı idi. Amma 2018-ciu ilin avqustunda Tramp administrasiyası ilə pisləşən münasibətlər bu artımı sual altında qoyub.
Xəbər 1316 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|