12.06.2025 16:36
Rüstəm Talışinski məni hədələyərək... - Şikayət
Cərrah, travmatoloq-ortoped Asiman Məmmədova qanunsuz olaraq işdən çıxarıldığını deyir.
XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən həkim bildirir ki, bu il yanvarın 22-də onun Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı işinə xitam verilib.
Şikayətçinin iddiasına görə, üstünə şər-böhtan atılıb və heç bir əsas olmadan işdən çıxarılıb: “Mən 12 ilə yaxındır ki, çalışıram. Uzun illərdir tibb sahəsində çalışan, vətən müharibəsi dönəmində xidmətlərinə görə sertifikatlarla təltif olunmuş və sertifikasiya imtahanında 100 faiz nəticə toplamış bir qadın cərrah olaraq bu gün dərin haqsızlıq və özbaşınalıqla üz-üzə qalmışam. Bu vaxta qədər məndən heç bir şikayət olmayıb. İşimdə nöqsanım olmayıb, töhmət almamışam. İnstitutun direktoru Rüstəm Talışinski əvvəlcədən məni hədələyərək ərizə yazmağımı tələb edib, əks halda məni işdən maddə ilə azad edəcəyini bildirib. Bu işdə ona Səhiyyə Nazirliyinin əməkdaşları Fazil Hüseynbəyov və Oqtay Babayev kömək edib”.
Asiman Məmmədova məsələ ilə bağlı həm Səhiyyə Nazirliyi, həm də Əmək Müfəttişliyinə müraciət edib: “Dövlət Əmək Müfəttişliyi bu qanunsuz əmələ görə onları cərimə edib və əmrin ləğv edilməsini tələb olunub. Lakin müəssisə Əmək Müfəttişliyi orqanını aldadaraq əmri formal şəkildə ləğv edib, daha sonra isə mənim xəbərim olmadan, məhkəmə prosesi davam etdiyi bir vaxtda əmrin tarixini dəyişdirərək 13.03.2025 tarixinə keçirib. Bu hərəkətlə müəssisə xidməti cinayət törədib. Məhkəmə hazırlıq mərhələsində məlum oldu ki, mənim çalışdığım tibb müəssisəsi Müfəttişlik tərəfindən qanunsuz əməl səbəbilə cərimələnib. Artıq 5 aydır bu haqsızlığa qarşı qanun çərçivəsində mübarizə aparıram. Qanun mənim tərəfimdədir. Bəs niyə bu insanlar hələ də məni incidirlər?
Nəsimi Rayon Məhkəməsi mayın 5-də lehimə qərar çıxarıb. Bununla da mən işə bərpa olunmalıyam və kompensasiyam ödənilməlidir. Lakin müəssisə bu qərarla razılaşmayaraq əsassız şəkildə apellyasiya şikayəti verib. Halbuki onların heç bir hüquqi sübutu və əsaslandırması yoxdur. Mən açıq-aşkar qanunsuz şəkildə işdən azad olunmuşam. Bu qərar müəssisə direktorunun özbaşınalığı nəticəsində verilib. Mən həmin institutun yeganə aktiv qadın cərrahıyam. Bu qədər xidmət göstərdiyim, təcrübə qazandığım bir sahədə, təşəkkürlə qarşılanmalı olduğum halda, bu qədər təzyiqə və haqsızlığa məruz qalıram”.
İddialarla əlaqədar Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsi ilə iddiaçı Məmmədova Asiman Qurban qızı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin 22.01.2025-ci il tarixli 22 saylı əmri və 13.03.2025-ci il tarixli, 84 saylı əmri ləğv edilib. İddiaçı Məmmədova Asiman Qurban qızı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin Əl cərrahiyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə həvalə edilməsi qət edilib.
Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) ay müddəti ötürmədən tərəfimizdən apellyasiya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır”.
İnstitutdan bildirilib ki, Asiman Məmmədova barəsində hüquqpozmalara görə şikayətləri olub: “Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Səhiyyə Nazirliyinə göndərilən təqdimatda Asiman Məmmədovaya 14.11.2024-cü il tarixdə Məmmədli Cavid Arzu oğlunun əməliyyatına görə 1000 ABŞ dolları pul ödənilməsi qeyd edilib və Məmmədova Asiman Qurban qızı barəsində icbari tibbi sığorta əsasında fəaliyyət göstərən müəssisədə tibbi xidmətin pulla alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq sahə üzrə məsul əməkdaşlarının iştirakı ilə müzakirə edib göstərilən nöqsanların və onları yaradan səbəb və şəraitin aradan qaldırılması və gələcəkdə təkrar olunmaması üçün məqsədyönlü və səmərəli tədbirlər görülməsi xahiş edilib.
Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun Səhiyyə Nazirliyinə göndərdiyi təqdimatına uyğun olaraq Məmmədova Asiman Qurban qızına 24.10.2024-cü il tarixli, 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Lakin xəstələrin şikayətlərdən və ona verilmiş xəbərdarlıqlardan nəticə çıxarmayaraq sonuncu dəfə “tin news” səhifəsinin sahibi şikayətçi olaraq öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib. Nəticədə Asiman Məmmədova hüquq-mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədilə heç bir təzyiq olunmadan 22.01.2025-ci il tarixdə öz şəxsi istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib”.
Məsələ ilə bağlı Asiman Məmmədovanın Əmək Müfəttişliyinə müraciətinə cavab olaraq bildirilib ki, araşdırma zamanı onun əmək müqaviləsinə yanvarın 22-də AR ƏM-nin 68.2 “a” maddəsinə əsasən xitam verilərkən qanunvericiliyin tələbləri pozularaq 1 ay xəbərdarlıq müddəti gözlənilməyib.
Xəbər 316 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|