10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


23.05.2025  13:12 

Şeyx məscidlərə nəzarəti itirdi - Türkiyə modelinə keçid





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib. Bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının mayın 22-də keçirilən iclasında özü bildirib. Şeyx qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır. İndiyə kimi bu səlahiyyət QMİ-də idi. Bu məsələ “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb. Qərar 2022-ci ildə hazırlanıb.

Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovdur. Bundan sonra məscidlərə din xadimlərinin təyinatını A.Paşazadə yox, R.Məmmədov təsdiqləyəcək. Bu dəyişiklik isə Şeyxin səlahiyyətlərinin azaldılması sayılır.

QMİ-nin səlahiyyətlərinin azaldılmasına gəlincə, əslində bu proses illər öncə başlamışdı. 2001-ci ildə yaradılan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQDK) yavaş-yavaş bu sahəyə nəzarəti artırmağa başladı. Əvvəlcə təbliğat və maarifləndirmə işləri ilə məşğul olan komitə bir müddət sonra dövlətin strateji maraqları çərçivəsində olan dini təhsil məsələsini QMİ-nin əlindən aldı.

Belə ki, 2018-ci ilə qədər QMİ-nin tabeliyində olan Bakı İslam Universiteti ləğv olundu və əvəzində DQDK-nın nəzarət etdiyi İlahiyyat İnstitutu yaradıldı. İndi isə artıq qanuna edilən müvafiq dəyişiklikdən sonra Qafqaz Müsəlmanları İdarəsi sadəcə dini fətva və əlamətdar təqvimləri elan edən ictimai təşkilat kimi fəaliyyət göstərəcək.

Yeri gəlmişkən, din xadimlərindən 5 imam, 14 imam müavini və 4 qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar. Bu barədə mayın 21-də komitə məlumat yayıb. Bildirilib ki, komitə sədri Ramin Məmmədov İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb.

Qanuna əsasən, din xadimi olmaq üçün ali və ya orta ixtisas dini təhsili şərtdir. Ali dini məktəb və ya mədrəsə-kollec bitirməmiş bir adamın məscidə din xadimi təyin edilməsi mümkün deyil. Prezidentin fərmanı ilə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi təyinatlı din xadimlərinə aylıq maddi dəstək verir.

Dini mövzular üzrə araşdırmaçı-yazar Kənan Rövşənoğlunun sözlərinə görə, əslində gecikmiş bəyanatdır: “Çünki 2022-ci ildən qanunvericilik dəyişdirilib və məscidlərə din xadimi təyinatı Dövlət Komitəsi tərəfindən, müvafiq komissiyada imtahandan keçmiş şəxslər təyin olunur. Yeri gəlmişkən, DQİDK-nın ruhani imtahanı komissiyasında QMİ-nin də təmsilçisi iştirak edir, amma qanunla təyinat səlahiyyəti artıq komitədədir. Daha əvvəl bölgü belə idi ki, məscidin icması komitə tərəfindən qeydiyyata alınır, məscid özü isə tarixi abidədirsə, Mədəniyyət Nazirliyinin, deyilsə, bələdiyyə və ya dövlətin balansında olurdu”.

K.Rövşənoğlunun sözlərinə görə, ruhani isə QMİ tərəfindən müvafiq icra orqanları ilə razılaşdırılaraq təyin olunurdu: “Ancaq artıq bu qanun dəyişib və ruhani təyinatı da komitəyə verilib. QMİ isə Qazılar Şurası və Elmi - Dini Şura vasitəsilə dini bayram və əlamətdar hadisələrlə bağlı fətvalar verir, bölgə qazıları təyin edir. Ancaq məscidlər əsasən komitənin nəzarətindədir. Bu daha çox Türkiyə modelli idarəçilikdir. Artıq bizdə də tətbiq olunur”.

Təhlilçi bu modelə keçidin müsbət və mənfi tərəfləri olduğunu düşünür: “Müsbət tərəfi bəli, təyinatların bir mərkəzdən həyat keçirilməsi, ölkədə təhsil almış, sənədi olan ruhanilərin təyin olunmasıdır. Yəni ən azı əvvəlki pərakəndəlik yoxdur. Mənfiliyi isə odur ki, məscidlər artıq bir dövlət qurumuna çevrilir, din xadimlərinin bəzən nəinki həmin bölgə, ümumiyyətlə, icma ilə hər hansı bağı olmur. Bu da məscidlərin dövlət idarəsi kimi fəaliyyət göstərməsidir. Nəticə etibarı ilə Türkiyədə 50-60-cı illərdə sürətli camaatlaşmaya, yəni məsciddən kənarda "yeraltı" camaatlaşmaya gətirdi. Bu mənada mənfi tərəfi ən azı indi bilinməsə də, yaxın illərdə özünü göstərəcək. Hökumət məscidlərə tam nəzarət etmək üçün tamamən özününküləşdirir, bu da əhali, sadə dindarlarla məscidlər arasında məsafəyə səbəb olur. Dediyim kimi, bunun nəticəsi indi olmasa da yaxın illərdə daha qabarıq üzə çıxacaq".

Onun fikrincə, QMİ rəsmi olmasa da, qeyri-rəsmi dövlətin nəzarətində bir qurum idi: “Çar Rusiyası tərəfindən yaradılmış inzibati dini mərkəzdir. Bununla belə, müəyyən mənada tam olaraq dövlət qurumu olmadığı üçün məscidlərin onun nəzarətində qalması daha effektiv idi. Lakin QMİ ötən dövrdə üzərinə düşən işi tam olaraq yerinə yetirə bilmədi, nəticədə hökumət də bunu əsas alaraq səlahiyyətləri öz əlinə cəmlədi”.


Xəbər 45 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +