Ötən ilin 17 avqustunda Xaçmazda 15 yaşlı oğlu öldürülən, əri isə bıçaq xəsarətləri almış Günel Məmmədrəhimova faktla bağlı açılmış cinayət işinin istintaqından narazıdır.
XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, hadisəni törədən Şəhram Manafzadə barəsindəki şikayətlərindən geri çəkilmək üçün ailəyə təzyiq göstərilir.
Qadın əri ilə qaynının hər hansı cinayət əməli törətməməsinə baxmayaraq, onlara əlavə cinayət işinin açıldığını, bir neçə gün əvvəl isə qaynı barəsində həbs qətimkan tədbirinin seçildiyini deyir: “Ötən ilin avqust ayındakı hadisədən əvvəl ərim Nurlan Xaçmaz şəhərində övladlarımız, qardaşı və dostları ilə restoranda dostunun ad günündə olub. 1990-cı il təvəllüdlü Manafzadə Şəhram Sarıbəy oğlu həmin vaxt həyat yoldaşıma bir neçə dəfə zəng edib, Nurlan nömrəni tanımadığına görə telefonu götürməyib. Şəhramın təkrar zəngindən sonra Nurlan sərxoş olduğundan telefonu oğlum Cavidan götürüb və bu zaman Şəhram oğlumu söyərək təhqir edib. Bundan sonra Cavidan telefonu atasına verərək kiminsə onu təhqir etdiyini bildirib. Ərim telefonu götürərək kim olmasını soruşub və Şəhram onları olduğu yerin ünvanını ataraq Nabrana çağırıb və kim olmasını orada görəcəyini deyib. Bundan sonra ərim restorandan çıxaraq azyaşlı övladlarım, qaynım və dostları ilə Nabrana gedib”.
Fotoda: Qətlə yetirilən Cavidan Məmmədrəhimov
G.Məmmədrəhimova bildirib ki, tərəflər burada qarşılaşdıqda bir-birlərini əvvəldən tanımaları məlum olub: “Yoldaşım Şəhrama zəng edərək onu Nabranda kafeyə çağırıb. O isə kafeyə gəlməyəcəyini qeyd edərək onları Tel kəndinə meşənin kənarına çağırıb. Tel kəndində Şəhramın dediyi yerə gəldikdə ərim, qaynım və digər şəxslər onu tanıyıblar, köhnə tanış olmaları məlum olub və öpüşüb görüşüblər. Bundan sonra orada olan şəxslər söhbətə müdaxilə etməyiblər. Ərim Şəhramdan niyə söyüş söydüyünü soruşub və bundan sonra dava düşüb. Dava əsnasında oğlum Cavidan görüb ki, Şəhram atasına bir neçə dəfə bıçaq zərbəsi endirib, dərhal Şəhramı atasından ayırmaq istəyib, onu kənara dartıb. Həmin vaxt Şəhram Cavidanı yerə yıxaraq onun ürəyinə bıçaqla zərbə endirərək öldürüb. Bundan sonra onları ayırmaq istəyən digər azyaşlı oğlum Heydəri və qaynım Gərayxanı və qonşumuz Elvini öldürməyə cəhd edib. Onları bir qədər qovub, maşının ətrafında dövr etdikləri üçün və havanın qaranlıq olmasına görə tuta bilməyərək maşını bıçaqla deşik-deşik edib. Daha sonra isə hadisə yerindən qaçıb”.
Zərərçəkmiş şəxslərin hüquqi varisi olan şikayətçi iddia edib ki, cinayət işinin ibtidai istintaqını aparan prokurorluğun müstəntiqi onu təqsirləndirilən tərəflə barışdırmaq istəyir: “1-ci məhkəmə iclasında Şəhramı görəndən özümə gələ bilmirəm, yenidən çox böyük stress yaşadım. Qatilin baxışlarını görüb yata bilmirəm, onda heç bir peşmanlıq hissi yoxdur. O, heç bir səbəb olmadan körpə balamın qatili olub. Təqsirləndirilən şəxsin qohumları dəfələrlə barışıq üçün bizə müraciət edərək müxtəlif məbləğlərdə pul təklif ediblər. Lakin biz həmin məbləği almaqdan imtina etdikdə onlar bizə bildirdilər ki, siz almasanız belə, biz həmin pulla Şəhramın işini yüngülləşdirəcəyik”.
Mayın 7-də isə Xaçmaz Rayon Məhkəməsi qadının qaynı barəsində prokurorluğun təqdimatı ilə həbs qətimkan tədbiri seçib: “Prokurorluğun müstəntiqi 18.03.2025-ci il tarixdə işi yekunlaşdırıb məhkəməyə verməklə yanaşı, ərimgilin əməlində xuliqanlıq cinayətinin olub-olmamasının araşdırılmasına görə Xaçmaz RPŞ-yə material ayıraraq göndərdi. Ərim Nurlan, qaynım Gərəyxan və qonşumuz Elvin dənizdə gəmiçilikdə işləyir, yeganə gəlirimiz dənizdəndir. Bunu bilən müstəntiq 18.03.2025-ci il tarixdə dərhal ərimgili çağırmadan barələrində axtarış verib, onların ölkədən çıxışını məhdudlaşdırıb. Stopa görə çörəyimizdən olmuşuq. Mayın 7-də isə heç bir istintaqdan yayınma halı olmamasına baxmayaraq, prokurorluğun təqdimatı ilə qaynımı Xaçmaz Rayon Məhkəməsində həbs etdirdilər. Qonşumuz Elvin və ərimin dostu Edqarı isə ev dustağı etdilər”.
G.Məmmədrəhimova əlavə edib ki, bu ilin aprelində Şəkidə daxili işlər nazirinin qəbulunda olub: “Cənab nazir bizi diqqətlə dinlədi və hər hansı bir xuliqanlıq əməlinin olmamasını qeyd etdi, bu işə təcili xitam verilməsi barədə göstəriş verdi.
Təqsirləndirilən şəxsin dostlarından aldığımız məlumatdan aydın olur ki, Şəhram qayınatası Azad Cəfərova güvənir. O, hər yerdə tanışlarının olmasını və Şəhrama daha yüngül cəza alacağını deyir. Biz isə əvvəllər də məhkum edilmiş bu şəxsin törətdiyi əməllərə görə ona qanunamüvafiq olaraq ömürlük həbs verilməsini istəyirik və tələb edirik”.
Qadın bildirib ki, xüsusilə ağır cinayət hadisəsi - böyük övladının qətli 12 yaşlı oğlu Heydərin gözləri önündə baş verib: “Şəhram Manafzadə bizim xoşbəxt ailəmizi viran qoydu. 15 yaşlı oğlumu 12 yaşlı oğlum Heydərin gözü qarşısında amansızcasına, vəhşicəsinə, bilərəkdən, qəsdən bıçaqla öldürüb, 12 yaşlı oğlumu öldürməyə cəhd edib, yoldaşıma böyrək nahiyəsindən bıçaqla xəsarət yetirib. Kiçik oğlum Heydər hər gecə sayıqlayır, yuxuda qışqırır, kiməsə yalvarır ki, “qardaşımı öldürmə...”. Gündüzlər də key kimi sakit, səssiz oturur, öz-özünə danışır, depressiyadan çıxa bilmir. Mən artıq bu matəmi yaşaya bilmirəm. Həyatda məni heç nə saxlamır. Uşağımın biri öldürülüb, digəri dəli olub. Ş.Manafzadənin məqsədi orada olanların hamısını öldürmək olub. 7 yaşlı qızım hər gün ağlayır, böyük qardaşı Cavidani istəyir, nə vaxt gələcəyini soruşur”.
Qeyd edək ki, Ş.Manafzadə barəsindəki cinayət işi üzrə hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 134, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilir. Bu ittihama əsasən təqsirləndirilən şəxs 14 ildən ömürlük həbsədək cəza ala bilər.
Xəbər 130 dəfə oxunub.